Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Həyat qurtaran polisə şər atdılar

Həyat qurtaran polisə şər atdılar

Date: 30 November 2016 13:42

Noyabrın 29-da bir sıra KİV-lərdə Bakıda guya polisin, DİN-in Baş Mühafizə İdarəsinin əməkdaşının idarə etdiyi avtomobillə yolu keçən piyadanı vurması barədə xəbərlər yayılıb.

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Milli.Az-a açıqlamasında bildirib ki, həqiqətən də noyabrın 29-da gecə saatlarında Nərimanov rayonunda magistral yolun "Günəş" şadlıq sarayının qarşısından keçən hissəsində piyadavurma hasisəsi baş verib. Lakin hadisənin polis əməkdaşı tərəfindən törədilməsi barədə yayılan məlumatlar tamamilə əsassızdır və həqiqəti əks etdirmir:

"Həmin məlumatda göstərilir ki, yolu keçən şəhər sakini, 1992-ci il təvəllüdlü Şamxal Süleymanlını Baş Mühafizə İdarəsinin əməkdaşı Sadıqov Nadir Nurəddin oğlu "VAZ 2107" markalı avtomobili ilə vurub. Əslində elə deyil.

Hadisədən dərhal sonra Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb, araşdırma aparılıb. Hadisə yerinə baxış keçirilib, xəsarət alan şəxsin özünün və hadisə şahidlərinin izahatları alınıb, məhkəmə-tibbi ekspertizası təyin edilib, hadisəni törədən şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçilib.

Araşdırma zamanı ərazidəki təhlükəsizlik kamerasının qeydə alınmış görüntülərinə baxış keçirilərkən bəlli olub ki, əslində Ş.Süleymanlını tamam başqa nəqliyyyat vasitəsi vurub və hadisəni törədən sürücü piyadanı ağır vəziyyətdə köməksiz qoyaraq hadisə yerindən qaçıb. Sadəcə bir neçə saniyə sonra həmin yolla eyni istiqamətdə "VAZ 2107" avtmobili ilə hərəkət edən Xətai rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Nadir Sadıqov piyadanın vurulduğunu görüb və dərhal da avtomobilini yolun kənarına çəkərək saxlayıb. O, hadisəni törədib uzaqlaşmış sürücüdən fərqli olaraq əsl insanlıq və vətəndaşlıq mövqeyi göstərib və yaralı piyadanı öz avtomobilinə qoyaraq ona ilkin tibbi yardım göstərilməsi üçün Kliniki Tibbi Mərkəzə aparıb. Bu hal həm kamera görüntülərinə baxışda, həm zərərçəkənin özü, həm də hadisə şahidləri tərəfindən təsdiqlənib.
Əslində əsl vətəndaşlıq və insanlıq mövqeyi göstərdiyinə görə, həmin polis əməkdaşına ən əzından təşəkkür düşür. Serjantın bu hərəkəti yalnız təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Çünki o, həyatı olumla ölüm arasında olan şəxsə ilkin tibbi yardım göstərilməsi üçün əlindən gələni əsirgəməyib".

Şöbə rəisi qeyd edib ki, hazırda hadisəni törədib qaçan sürücünün tapılıb məsuliyyətə cəlb edilməsi üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İlkin İzzət

Milli.Az


Tags:  Həyat qurtaran polisə şər atdılar

RƏYLƏR


Top news