Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının növbəti iclası keçirilib

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının növbəti iclası keçirilib
13:52 30 Noyabr 2016
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.
Mərkəzdən “Report”a verilən məlumata görə, iclasın gündəliyinə DİM-in saytının strukturunun müzakirəsi, “Abituriyent” jurnalının xüsusi buraxılışının təqdim edilməsi, ləğvetmə komissiyasının iş planı və digər cari məsələlər daxil edilib.
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə DİM-in saytı barədə danışaraq qeyd edib ki, onun strukturu TQDK-nın və DQMK-nın saytlarının strukturundan fərqli qurularaq, onun geniş istifadəçi auditoriyası üçün (məktəblidən başlayaraq dövlət qulluğuna işə qəbul olmaq istəyən namizədə qədər) nəzərdə tutulub. Sayt TQDK-nın mütəxəssisləri tərəfindən işlənib hazırlanıb.
Növbəti məsələyə toxunan sədr “Abituriyent” jurnalının təzəlikcə işıq üzü gördüyü xüsusi buraxılışının ümumi (9-illik) orta təhsil bazasında yeni təhsil proqramları (kurikulumları) üzrə buraxılış imtahanının modelinə həsr olunduğunu qeyd edib. O bildirib ki, əhalinin xüsusi marağına səbəb olan yeni qaydalar hüquqi prosedurlardan keçmədiyinə görə model şəklində verilib. Bundan başqa, jurnalda fənlər üzrə altstandartlar, proqramlar, test tapşırığı nümunələri və cavab vərəqi nümunələri də verilib.
M.Abbaszadə qeyd edib ki, imtahanda istifadə olunacaq altstandartlar seçilərkən 2013-cü ildən keçirilən monitorinq imtahanlarının nəticələri nəzərə alınıb. Belə ki, şagirdlərin əksəriyyətinin mənfi nəticə göstərdiyi altstandartlar, çətin mövzular buraxılış imtahanının proqramından çıxarılıb.
Sonra iclas iştirakçılarının nəzərinə cari il noyabrın 10-da yaradılmış Ləğvetmə komissiyasının iş planı təqdim edilib. Komissiyanın fəaliyyəti dövründə ləğv edilən TQDK və DQMK-nın vəzifə və funksiyalarının yerinə yetirilməsinin və cari işlərin həyata keçirilməsinin zəruri olduğunu bildirilib. Ləğvetmə komissiyasının işinin təşkili üçün həyata keçirilməli olan tədbirlər və ona həvalə olunan vəzifələr bərədə, həmçinin bununla əlaqədar ləğvetmə komissiyası üzvləri arasında vəzifə bölgüsü aparılmasının vacib olduğunu qeyd olunub.
İclas zamanı digər cari məsələlər də müzakirə olunub. Müzakirə olunan hər məsələyə dair Şura üzvlərinin rəy və təklifləri dinlənilib.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/dovlet-i-mtahan-merkezi-direktorlar-surasinin-novbeti-iclasi-kecirilibyh

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR