Uorlik həmsədrlikdən getməsinin səbəbini açıqladı

Uorlik həmsədrlikdən getməsinin səbəbini açıqladı
14:13 30 Noyabr 2016
44 Digər
Ölkə mətbuatı
A- A+

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri vəzifəsində fəaliyyəti bu ilin sonunda başa çatacaq Ceyms Uorlik APA-ya müsahibə verib.

- 3 il ATƏT-in Minsk qrupunun amerikalı həmsədri vəzifəsini icra etdiniz. Bu müddət ərzində fəaliyyətinizi necə qiymətləndirirsiniz? Tərəflərlə işləmək asan idimi? Sizcə, danışıqlar prosesində hansı tərəf daha səmimi idi?

- ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri vəzifəsini icra etmək mənim üçün şərəf idi. Mən əminəm ki, Azərbaycan və Ermənistan prezidentləri münaqişənin sülh yolu ilə həllinə sadiqdirlər və tərəflərdən heç biri müharibə istəmir. Bizim davamlı sülhə nail olmaq istiqamətindəki bütün səylərimiz məhz bu məqsəd istiqamətində irəliləməyə yönəlib.
ABŞ diplomatı kimi qiymətli karyera dövrü keçdim və 30 illik xidmətdən sonra özəl sektorda işləməyi düşünürəm.

- 3 ildə sizi aktiv və münaqişənin həllinə yaxından cəlb olunmuş səfir kimi tanıdıq. Deyə bilərikmi ki, sizin istefa vermənizə səbəb bezməyiniz və vasitəçiliyin müsbət nəticə vermədiyini görməyinizlə bağlı oldu?

- ATƏT-in Minsk qrupunun amerikalı həmsədri vəzifəsindən istefa verməyim tamamilə şəxsi səbəblərlə bağlıdır. Mən ABŞ diplomatı kimi qiymətli karyera dövrü keçdim və 30 illik xidmətdən sonra özəl sektorda işləməyi düşünürəm.

- Yeni səfirin adı hansı müddətə məlum olacaq? Yeni ildən Minsk qrupunda artıq 2 yeni həmsədr fəaliyyət göstərəcək. Bu dəyişiklik münaqişənin həllinə necə töhfə verə bilər?

- Müvəqqəti həmsədr yaxın gələcəkdə elan olunacaq. Davamlı sülhə nail olmaq istiqamətində işləyən vasitəçilər kimi Minsk qrupu həmsədrlərinin rolu davam edəcək. Mən tamamilə əminəm ki, növbəti amerikalı həmsədr bu məqsədə nail olmaq istiqamətində işləməyə davam edəcək.

- Səfirlik müddətiniz dövründə təmas xəttində bir neçə dəfə gərginliklər baş verdi. Lakin ən böyük toqquşma bu ilin aprelində oldu. Aprel hadisələri ilə bağlı Minsk qrupu səylərinin artırılmasından sonra azərbaycanlılarda münaqişənin həlli ilə bağlı ümid yarandı. Lakin son 1-2 aydır ki, proses əvvəlki vəziyyətə qayıdıb. Bunun səbəbi nədir? Sizcə, münaqişənin həlli çox uzaqdır? Və proses hazırda hansı mərhələdədir?

- Masa üzərində hərtərəfli sülhə nail olmaq istiqamətində bazanı formalaşdıra biləcək yaxşı ideyalar və təkliflər, elementlər var. İstənilən danışıqlar prosesində olduğu kimi, üzərində işlənilməli olan müəyyən fikir ayrılıqları olsa da, prezidentlər İlham Əliyev və Serj Sarkisyan sülh yolu ilə irəliləməyə sadiqliklərini ifadə ediblər. Bizim indi daha çox görməyə ehtiyac duyduğumuz məsələ bu danışıqlar istiqamətində irəliləmək öhdəliyini üzərilərinə götürmələri ilə bağlı prezidentlərin siyasi iradə nümayiş etdirməsidir.

- Son dövrlər Azərbaycan tərəfdən münaqişənin qarşı tərəfi ilə bağlı ritorik bəyanatların sayı azalıb. Ermənistan tərəfdən isə əksinə, müxtəlif bəyanatlar olur. Ermənistan prezidenti bəyanatlarından birində Dağlıq Qarabağın ya müstəqil, ya da Ermənistana birləşik ola biləcəyini deyir və ya Dağlıq Qarabağın adının dəyişdirilməsi səylərini ortaya atırlar. Bütün bunların fonunda deyə bilərikmi ki, aprel hadisələrindən sonrakı proses məhz Ermənistan tərəfdən pozuldu?

- Belə bəyanatlar nizamlama ilə bağlı xoş niyyətlə aparılan danışıqların vacibliyini ortaya qoyur. Bundan isə regionun bütün insanları faydalana bilər.

- ATƏT-in fəaliyyətdə olan sədrinin ofisinin genişləndirilməsi və insidentlərin araşdırılması mexanizmlərinin tətbiqi gündəmə gəldi. Tərəflər də razılığını bildirdi. Lakin proses yubanır. Bununla bağlı iş gedirmi və ümumiyyətlə, bu tədbirlər münaqişənin həllinə hansı töhfəni verə bilər?
- Masa üzərində hərtərəfli sülhə nail olmaq istiqamətində bazanı formalaşdıra biləcək yaxşı ideyalar və təkliflər, elementlər var.
20 ildən artıq bir müddətdən sonra ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin missiyasının genişləndirilməsi düzgün istiqamətdə vacib addımdır. Vyana və Sankt-Peterburq görüşlərində prezidentlər missiyanın genişləndirilməsi öhdəliyini üzərilərinə götürüblər və hər iki tərəfin rəsmiləri tərəfindən bu istiqamətdə dəstək davam edir. Biz hazırda missiyanın genişləndirilməsinin bütün detallar üzərində işləyirik və əminəm ki, buna nail olacağıq.

- Azərbaycan tərəfdən Minsk qrupu həmsədrlərinin sayının artırılması, qrupa region ölkələrinin də daxil edilməsi məsələsi gündəmə gəlir. Bu mümkündürmü? Hazırkı həmsədrlərin fəaliyyətinin qənaətbəxş olmaması ilə bağlı fikirləri necə şərh edərsiniz?

- Vasitəçi kimi bizim vəzifəmiz prezidentlər arasında nizamlamaya apara biləcək danışıqların asanlaşdırılmasıdır. Lakin nəticədə irəli getmək istəyib-istəməmələri ilə bağlı qərar prezidentlərdən asılıdır. Prezidentlər nizamlamanı istəməli və bu istiqamətdə bir-biri ilə işləməlidirlər. Minsk qrupu formatına nə qədər həmsədrin və ya regional aktorun cəlb olunmasından asılı olmayaraq, vəziyyətlə bağlı əsas reallıq budur.

- Erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması məsələsi də uzun müddətdir həllini tapmır. Bu məsələ hələ də müzakirə edilirmi, yoxsa həmsədrlər bunu gündəliklərindən çıxarıblar?

- Biz bu məsələni qaldırmağa davam edirik. Həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsi ilə təmasdayıq.

- Belə görünür ki, Hamburq görüşü həmsədr kimi qatılacağınız son görüş olacaq. Bu görüşdən gözləntiləriniz nədir?

- Biz Hamburqda ATƏT-ə üzv ölkələrin xarici işlər nazirinin görüşünü Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla dialoqu davam etdirmək imkanı kimi nəzərdən keçiririk. Davamlı nizamlamaya gətirib çıxara biləcək istənilən yolla tərəflərlə işləməyə hazırıq.

- Sizcə, xalq diplomatiyası Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə verə bilərmi? Son dövrlər bir sıra ermənistanlı fəal Azərbaycanda oldu. Onlar Ermənistan hökumətinə sülh mesajları verdilər və bu ölkəni işğalı dayandırmağa çağırdılar. Bu çağırışlarla bağlı nə düşünürsünüz?

- ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinin vacib elementlərindən biri ideyaların və fikirlərin mübadiləsini dəstəkləyən insanlararası fəaliyyətlərdir. Biz ümid edirik ki, danışıqlar prosesində irəliləyiş əldə olunduqca, zamanla bu kimi fəaliyyətlər üçün daha çox imkanlar yaranacaq. Bu kimi qarşılıqlı fəaliyyətlər baryerləri qırır və gələcəkdə azərbaycanlı və ermənistanlı nəsil arasında etimadın yaradılmasına kömək etmək baxımından çox vacibdir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/177958.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR