İtaliyadakı referendum maliyyə bazarlarında xaos yarada bilər

İtaliyadakı referendum maliyyə bazarlarında xaos yarada bilər
14:27 30 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ Bazar günü, dekabrın 4-də İtaliyada Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilməsi planlaşdırılan referendum ölkənin ən iri banklarından biri olan "Monte dei Paschi"nin xilas edilməsinə mane ola bilər. 
"Report"un "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, referendumun nəticəsi bankın resturkturizasiya planının həyata keçirilməsini əngəlləyə bilər. Belə ki, referendum ölkədə siyasi sabitliyi pozaraq investorların inamını itirməsinə səbəb olacaq. Həmçinin, referendumun nəticəsinin İtaliya hökumətinin bank sektorunu sağlamlaşdırma planını dayandırmasına gətirib çıxaracağı ehtimal edilir. Xatırladaq ki, "Monte dei Paschi" 28 mlrd. avro həcmində problemli kreditlərin restrukturizasiyasını və 5 mlrd. avro mənfəət əldə etməyi hədəfləyib. Keçən il Bank hökumətin ölkədə 4 kommersiya bankını xilas etmək planını açıqlamasından sonra əmənətlərin bir hissəsini itirib.
Qeyd edək ki, referendumu qazanmayacağı təqdirdə İtaliyanın baş naziri Matteo Renzi istefa verəcəyini açıqlayıb. Bu isə erkən seçkilərin və ölkədə "5 ulduz" populist hərəkatının güclənməsinə gətirib çıxaracaq. Məhz bu partiya İtaliyanın Avrozonada qalıb-qalmaması ilə bağlı referendumun keçirilməsinin təşəbbüskarıdır. 
ABŞ-ın "SEİ investments Co." investisiya şirkətinin maliyyə meneceri Cim Smigel (Jim Smigiel) Avropa İttifaqının dağılacağını, İtaliyanın isə Avrozonadan çıxacağını hesab edir: "Bir müddət əvvəl belə fikirlər ağıla belə gəlməzdi, indi isə proses artıq başlayıb".
ABŞ-ın məşhur "JP Morgan Chase & Co." bankının iqtisadçıları isə bildiriblər ki, sadəcə, siyasi düşüncə belə maliyyə bazarlarına ciddi təsir edə bilir: "Avrozonadan çıxmaqla əlaqədar hər hansı bir önəmli açıqlama maliyyə bazarlarından kapitalın qaçmasına səbəb ola və təşviş yarada bilər".
Analitiklər M.Renzinin məğlub olması halında, yəni referendumda dəstək almaması durumunda, siyasi və iqtisadi xaosun yaşanacağını bildirirlər. Lakin bunun hansı miqyasda olacağını ehtimal edə bilmirlər.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/i-taliyadaki-referendum-maliyye-bazarlarinda-xaos-yarada-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR