Beş ay İsveç düşərgəsində: “Pulu necə tapmalı?” – 20-ci YAZI

Beş ay İsveç düşərgəsində: “Pulu necə tapmalı?” – 20-ci YAZI
10:34 6 Yanvar 2015
245 Sosial
Ölkə mətbuatı
A- A+

Mən artıq facebook vasitəsilə Avropa ölkələrində yaşayan dostlardan ora necə gedib çıxmaq haqda bilgilər toplamağa başladım. Həm də bu arada imkan tapıb hər ikimizə xarici pasport almağı planlaşdırdıq. Yaxın dostlar bizə Şengen məkanına daxil olmuş Baltikyanı ölkələrin birinə gedib orada istədiyimiz Avropa ölkəsinə adlamaq haqda məsləhət verirdilər. Bizi əsasən Almaniyada yaşayan dost-tanışlar öz yanlarında görmək istəyirdi.

 

Azərbaycandan necə çıxmaq haqda hər dəfə bir yenilik, bir metod öyrənirdik. Minimum xərclə Avropaya keçməyin yollarını inandığımız, könül aça bildiyimiz adamlardan soruşur, müxtəlif variantlar eşidirdik.

 

Məlum oldu ki, Avropaya getmək istəyən hər bir şəxsin adına bank hesabı açılmalı, viza xərcləri və yolpulundan əlavə, hesabında ən azı iki min avro vəsait olmalıdı. Tələb olunan vəsaitin bizə görə fantastik olması hər ikimizi dəhşətli dərəcədə məyus elədi. Demək, hər birimizə ən azı üç-dörd min manat pul lazım idi. Artıq necə gedəcəyimizi  müəyyənləşdirmişdik, amma pulsuzluq ciddi problem yaradırdı. Lakin biz ruhdan düşmür, yeni-yeni variantlar üzərində düşünürdük. Özümüzü kimsəsiz uşaqlar kimi küncə qısılmış vəziyyətdə hiss etsək də, optimist olmağa çalışırdıq.

 

Günlərin bir günü dostlardan biri Avropaya asan yolla gedib çıxmaq barədə optimal bir təklif irəli sürdü və internet vasitəsilə məni bir nəfərlə tanış elədi. Bu, Riqada yaşayan Rəşid adlı soydaşımız idi. Biz, daxilimizdə işıldayan yeni ümidlər içində skaypda Rəşidlə ətraflı danışdıq. Onun təmkinlə hər şeyi izah etməsi daxilimizdəki ümidsizlik təlatümlərini sakitləşdirirdi. Hər dəfə Rəşidlə danışdıqdan sonra sevincimizdən atılıb-düşürdük.

 

Deməli, Latviyada yaşayan həmin dostumuz hansısa turizm firması vasitəsilə bizə viza göndərir, biz də Riqa şəhərində guya, on gün istirahət edib geri qayıdırıq. Bu varianta viza pulu, otel-yemək xərci və gediş-gəliş üçün bilet pulu daxildi. Bank hesabı məsələsi isə çox yüngül həll olunurmuş. Demək, hər birimiz bank hesabı açdırır, adımıza min avro pul yatırırıq. Rəşid bizə viza göndərdikdən sonra bankdan hesabımızda min avro vəsait olduğu haqda arayış alıb Latviya səfirliyinə təqdim edirik. Bankdan arayışı alıb səfirliyə təhvil verdikdən sonra artıq bu pulları son qəpiyinə qədər hesabdan çıxarıb lazım olan yerlərə sərf edə bilərdik. Yəni, həmin məbləği viza, otel və yol xərclərinin ödənilməsi üçün bizi dəvət edəcək firmaya yollamaq mümkün idi. Belə ki, lazımi vəsaitin hesabında olması haqda bank arayışını səfirliyə təqdim etdikdən sonra Riqaya yol alarkən, sənin hesabında nə qədər pulun olması ilə heç kim maraqlanmır.

 

Rəşidin təklif etdiyi bu variant bizi xeyli sevindirdi, yəni adambaşına iki min avro toplaya bilsək, Avropaya gedə bilərdik. Demək, canımızı burdan qurtarmaq üçün bizə cəmi dörd min manat pul lazımdı. Sevincdən az qalmışdı ağlımızı itirək. Nəhayət, bu sıxıntıdan da sağ-salamat çıxmaq yolunu tapdıq!

 

Xarici pasportlarımız hazırlanana qədər biz bu vəsaiti tapıb işə başlamalı idik. Oturub saatlarla müzakirə edir, nəyi satmaq, hardan pul çıxartmaq barədə düşünürdük. Nə qədər var-gəl edə-edə, baş sındırsaq da satıb pula çevirməyə bir şeyimizin olmadığını anlayıb məyus halda stula çökürdük. 

 

Bir gün şəhərdə harayasa getdiyim yerdə ağlıma maraqlı ideya gəldi. Tez zəng eləyib xanımımı sevindirdim: “Biz artıq xilas olduq, indi gəlib lazım olan pulun yerini sənə deyəcəm!” 

 

Onda “Memar Əcəmi” metrostansiyası yaxınlığında kirayə evdə qalırdıq. Qaça-qaça evə gəldim və məni səbirsizliklə gözləyən sevimli xanımımı tezcə sevindirmək üçün dedim, kompüterin yaddaşındakı kitabları nəşriyyatların birinə nağd pula satacam! Sevincdən onun da gözləri işıqlandı. Daxilimdə çoxdan asılmış o ağır daşdan belə tez qurtulduğuma görə özümü inanılmaz dərəcədə yüngül hiss edirdim. Çıxılmazlığı qəfildən çıxış yoluna döndərən bu ideyanın işığında hər ikimiz ümidlə var-gəl eləyir, otaqda ruh kimi üzürdük. Doğrudan, kompüterimin yaddaşında nəşrini gözləyən dörd kitabım hazır idi. Şeirlər kitabı, satirik hekayələr kitabı, uşaq hekayələri kitabı, bir də Feysbuk romanı.

 

Fikirləşirdim, nəşriyyat sahibləri ilə danışıb hər kitaba nağd min manat pul istəyəcəm. Hansı tirajla çap edəcəklər, neçəyə satacaqlar, nə edəcəklər, özləri bilər. Hətta bir az artıq pul verməyə razı olsalar, təkrar nəşrlər üçün müəlliflik hüququnu da onlara verməyə hazıram. Təki  burdan xilas olaq, sonra nə qədər desən, yeni əsərlər yazacam. Təkcə beynimdəkiləri kağıza köçürsəm, mənə bəsdi.

 

Uca Kosmosun göndərdiyi bu ideyanı “yumaq” üçün tezcə beşinci mərtəbədən aşağı düşüb araq dalınca getdim. Araqdan bala-bala vuraraq, yadıma düşən nəşriyyat sahiblərinə zəng eləyirdim. Lakin hər danışdığım adamdan sevincimizi pozan müəmmalı, xoşagəlməz cavablar alırdım. Kitablarıma nağd pul vermək istəyən tapılmırdı. Hamısı təxminən belə zarıyırdı: “Gətir çap eləyib satışa qoyaq, görək alınırmı, alınarsa, tirajını yenidən artırarıq”. Mən naşirlərin təklif elədiyi uzun-uzadı prosesləri qəbul etmir, getdikcə əsəbiləşirdim. Nəhayət, kitab satmaq məsələsindən əlimi birdəfəlik üzüb telefonu bir tərəfə vızıldatdım.

 

Cəhdlərimiz boşa çıxsa da, ruhdan düşməyi biri-birimizin ağlından hər dəm qovmağa çalışırdıq. Şərtimiz bu idi, nəyin bahasına olursa-olsun, optimizmi küsdürməməli! Özümüzü nə qədər toxtaq aparmağa çalışsaq da halımızın dibində çıxılmazlıq adlı daş kimi ağır bir kədər oturmuşdu.

 

Mən artıq çıxış yolunu ərkim çatan imkanlı dost-tanışlara ağız açmaqda görürdüm. Ancaq kimə ağız açasan? Ən azı, hər biri min manatından keçəcək dörd nəfər dost lazımdı. Ətrafımda bircə nəfər belə dostum varmı? Yaxud, imkanlı dostlar varsa biz niyə bu gündəyik? İmkanlı dost bir yana, borc verəsi bir tanışımız varmı heç olmasa?

 

Düşünürdük, banklardan kredit alıb getsək, sonradan avropalılar bunu öyrənib deməzlərmi, öz ölkəsinə “atan” bu fırıldaqçılar buraya niyə gəlib?

 

Gecələr gec yuxuya getdiyimə görə yuxudan da gec oyanırdım. Əslində, saatlarla gözüyumulu, hərəkətsiz uzanmağıma heç də yatmaq demək olmazdı, gördüyüm yuxular da, adətən, qırıq-qırıq olardı. Yorğun düşüb uzansam da, fikirlərim dişli təkərlər kimi biri-birini hərəkətə gətirərək beynimi yatmağa qoymurdu. Belə gərgin günlərin birində yuxudan oyanarkən internet qarşısında oturan xanımım mənə sarı boylanıb dedi: “Xəbərin var? Artıq mən çıxış yolu tapmışam. İstədiyimizdən də qat-qat artıq pulumuz olacaq.”

 

Onun bu sözlərini gərginliyimizi aradan qaldırmaq, xoş əhval yaratmaq cəhdi kimi yozdum və qarşılıqlı olaraq: “Əlbəttə, əvvəl-axır hər şey yaxşı olmalıdı!” dedim. O, yenidən: “Xahiş edirəm, mənə axıra qədər qulaq asasan.  Ağlıma bir ideya gəlib, bayaqdan internetdə bununla maraqlanırdım” - dedi.

 

 

Özümü üzdə gülərüz aparsam da ümidsizlik içində soruşdum: “De görək, nə məsələdi?” Məyus-məyus gülümsəyib: “Böyrəyimin birini satmaq istəyirəm” - dedi. Dərhal: “Sən nə danışırsan?” - deyə qışqırdım.

 

“Sən narahat olma” - dedi, “internetdə də maraqlanmışam, sən demə, bu arzuda olan çoxlu sayda insan var. Əsasən də mənim kimi gənclərdi, böyrəyini, ya da qara ciyərini satıb maddi problemlərini həll eləmək istəyirlər. Burda qorxulu bir şey yoxdu. Böyrəyin biri təxminən iyirmi-otuz mindi. Pulu əməliyyatdan öncə alırsan, üç-dörd gündən sonra da yataqdan qalxıb hərlənirsən. Bir-iki aydan sonra da olursan əvvəlki adam. Sadəcə, təkböyrək olursan, vəssalam! Nə pul üçün kiməsə ağız açırıq, burda qalıb əzab çəkirik! Pulun bir qismini, əlimiz bir yana çatana kimi, uşaqların təhsili üçün sənin ailənə verir, bir qismini də ikimizin problemimizə sərf edirik. Hələ qara ciyər böyrəkdən də bahadı, əlli minə qədər, ondan da yuxarı qiyməti var.”
 

O danışdıqca xəyalımda hansısa həkim və müştəri ilə sövdələşməyimizi, böyrəyin pulunu alıb onu əməliyyat stoluna göndərməyimi, sonra xəstə vəziyyətdə bir böyrü üstə yeriməyini, bədənində yaranmış tikiş yerini, solğun bənizini təsəvvürümə gətirib qışqırdım: “Tüpürərəm o pula, o Avropaya ki, o dünyaya ki, orda sən şikəst gəzəsən!”

 

O isə arxası üstə uzanıb gözlərini yumaraq davam eləyirdi: “Düzdü, yazırlar ki, bəzən dəllallar donoru aldadıb pulu verməməyə çalışır. Həm də bunu internet vasitəsilə elan eləmək olmaz, öz orqanın olsa da,  qanun icazə vermir. Ona görə diqqətli olmalıyıq. Birincisi, biz dəllalla yox, tanıdığımız, yaxud inandığımız həkimlə iş qurmalıyıq. Sən pulu nağd əlinə götürəndən sonra mən əməliyyata girməyə razılaşaram. Ya da, üstümüzdə pul tutulmasın deyə, hər ehtimala qarşı, bank hesabı açıb pulu ora köçürmək olar. Bilirsən? Sözlərimdən çox da kədərlənmə, hər halda intihar eləməkdən, yaxud burada çürüyüb ölməkdən Avropada təkböyrək yaşamaq daha yaxşıdı.” 

 

Baxdım ki, o, bu ideyadan özünə bir ümid yeri düzəldərək pul axtarmaq əzabından biryolluq yaxa qurtarıb  arxayınlaşmaq istəyir. Sözlərinə qəti şəkildə etiraz edib son ümidini darmadağın etməkdən ehtiyat edərək  onunla üzdən razılaşmağı qərara aldım. Odur ki: “Yaxşı, sən deyən olsun, ancaq qoy, bu iş ehtiyatımızda son variant kimi dursun” - deyib onu sakitləşdirdim. 

 

Bu söhbətimizdən sonra pul tapmaq problemi mənim üçün daha da ciddiləşdi. Gümanım gələn adamlara ağız açıb müxtəlif bəhanələrlə pul əldə eləməyə girişdim. Bu fikirlərlə telefonumun yaddaşını vərəqləməyə başladım. Nömrələrini görən kimi  ağlıma Rusiyada yaşayan dostlar gəldi. Fikirləşdim, sükunəti yerindən tərpətmək, zəng eləmək lazımdı, hər halda aralarında imkanı və insafı olan tapılar. Bəs onlardan nə adla pul istəməli? Yaxşısı, budu, deyim, əməliyyat olunmalıyam, müalicə üçün təcili pul lazımdı...

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189488

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR