Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qaz və işığın yeni tarifi bizə necə təsir edəcək? - TƏHLİL

Qaz və işığın yeni tarifi bizə necə təsir edəcək? - TƏHLİL

Date: 30 November 2016 15:43

Noyabrın 28-də Tarif Şurasının elektrik enerjisi və təbii qazla bağlı yeni tarif tənzimlənməsi barədə qərar verib. Yeni qaydalara əsasən təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyib. Bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb. İllik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisi üzrə tariflərə də yenidən baxılmasını zəruri edib. Elektrik enerjisinin pərakəndə satış tarifi sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyib və mövcud 7 qəpik səviyyəsində saxlanılıb. Aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Xatırladaq ki, təbii qazın qiymətinə sonuncu dəfə 3 il bundan qabaq baxılmışdı. Həmin ildən təbii qazın pərakəndə satışı 1000 m3 üçün 100 manat müəyyən edilmişdi. Bu da 1 m3-ə 10 qəpik demək idi. İşığın qiymətinə isə sonuncu dəfə bu ilin yayında baxılmışdı. 1 kilovat/saat elektrik enerjisinin topdansatış qiyməti 4,3 qəpik, pərakəndə satışı isə 7 qəpik müəyyən olunmuşdu. Buna qədər isə elektrik enerjisinin pərakəndə satış qiyməti düz 10 il qabaq (2007-ci ilin yanvarında) 6 qəpik təyin edilmişdi. Göründüyü kimi ölkədə kommunal taariflər heç də hər gün dəyişmir. Zərurət nədir?

Əhali nə qədər qaz, işıq işlədir?

Nəzərə çatdıraq ki, 2015-ci ildə 10,5 milyard kubmetr təbii qaz istehlak edilib. Bu qədər təbii qaz əsasən sənaye sahələrində istifadə olunub. Belə ki, ötən il daxildə satılan qazın 68 faizi və ya 7,2 milyard kubmetri sənaye sahələrində istehlak edilib. Qaz istehlakında ikinci ən böyük paya ev təsərrüfatları, yəni əhali sahibdir. 2015-ci ildə əhalinin qaz istehlakı 2,75 milyard kub metr olub. Hesablamalara əsasən, əhali abonentlərinin 62 faizinin illik istehlak həcmi 1500 kubmetrdən aşağıdır. Diferensial tariflərin tətbiqi nəticəsində həmin abonentlərin, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrin təbii qaz üzrə ödənişlərində artım olmayacaq.

Enerji istehlakına gəlincə, əhali abonentlərinin 72 faizinin aylıq istehlak həcmi 250 kilovat-enerji istehlak saatdan azdır. Ümumilikdə hazırda ölkə üzrə təxminən 17 milyard kv.saat elektrik enerjisi istehlak edilir. Əhalinin enerji istehlakı təxminən 7 milyard kv.saat, iqtisadiyyatın sektorlarının istehlakı isə 9 milyard kv.saat təşkil edir.

Differensiallaşma nə vəd edir?

Differensiallaşma elektrik enerjisi və qazdan adi qaydada istifadə edən sadə vətəndaşlara təsir göstərməyəcək. Differensiallaşdırmada hər bir vətəndaşın və ailənin elektrik enerjisindən və təbii qazdan istifadə həcminin mövcud tariflərlə istehlak limiti nəzərə alınıb. Mövcud təcrübənin tətbiqi daha çox böyük evləri, obyektləri və s. olan imkanlı təbəqəyə qismən təsir göstərəcək. Differensiallaşdırma elektrik enerjisi və təbii qazın sərfiyatına daha qənaətlə yanaşmanı və izafi istehlakın qarşısının alınmasını stimullaşdıracaq, bu prosesi optimallaşdıracaq.

Onu da bildirək ki, differensiallaşdırma və optimallaşdırma müxtəlif ölkələrdə fərqli prinsiplər əsasında tətbiq olunur. Məsələn, bəzi ölkələrdə qiymətlər həftənin gününə görə, yaxud günün ayrı-ayrı saatlarına görə, bölgələr üzrə və ya istifadə həcminə görə müəyyənləşdirilir.

İqtisadçı ekspert Fikrət Yusifov Publika.az-a bildirib ki, iqtisadi böhranın mövcud olduğu bir dönəmdə enerjidaşıyıcıların qiymətlərində artımların baş verəcəyi gözlənilən idi. Ekspert hesab edir ki, əslində belə qiymət artımları böhranın mahiyyətindən irəli gəlir və qaçılmaz olurlar:

“Kimsə böhran dövrünü bir başqa cür yaşamağı düşünürsə, o, yanılır. Bu səbəbdən də böhranın yaratdığı çətinliklərdən faciə düzəltmək lazım deyil. Bu müvəqqəti çətinlikləri tək Azərbaycan iqtisadiyyatı və Azərbaycan əhalisi yaşamır. Bu gün dünyanın bütün ölkələri və xüsusilə də iqtisadiyyatı neftlə bağlı olan ölkələr eyni durumdadırlar. Tariflərin səviyyəsinə gəlkdikdə isə bizdə olan tariflər bir çox ölkələrdəki tariflərdən çox aşağıdır. Bazar iqtisadiyyatı şəraitində heç bir təşkilat ziyanla fəaliyyət göstərə bilməz. Elə bu səbəbdən də Tarif Şurasi Dövlət Neft Şirkətinin təkliflərini qəbul edərək, qazın və müvafiq olaraq elektrik enerjisinin tariflərini yeni bir yanaşma ilə artırdı. Bunun mahiyyəti ondan ibarətdir ki, Tarif Şurası enerjidaşıyıcıların qiymətlərinin budəfəki artımı zamanı əhalinin aztəminatlı təbəqələrinin maraqlarını maksimum qorumağa çalışdı və bu məqsədlə tariflərin artımına diferensial bir yanaşım ortaya qoydu. Bu isə Azərbaycan hökumətinin apardığı sosial siyasətin mahiyyətinə tam uyğun bir addımdır. Belə ki, qaz istehlakçısı olan əhali il ərzində istifadə etdiyi 1500 kubmetr qaza görə ödənişi indiyə qədər mövcud olan tariflərlə - yəni 1 kubmetr üçün 10 qəpik hesabı ilə həyata keçirəcəkdir. İl ərzində 1500 kubmetrdən artıq istifadə olunan qaza görə ödəniləcək haqq isə iki dəfə artıq, yəni 1 kubmetr üçün 20 qəpik olacaqdır. Eyni qayda ilə ay ərzində 250 kilovat ellektrik enerjisi istifadə edən vətəndaş, hər kilovat üçün köhnə tariflərlə - yəni 1 kilovat üçün 7 qəpik ödəyəcəkdir. O, ay ərzində bu limiti aşarsa, onda hər kilovat üçün 11 qəpik ödəməli olacaq. Qaz və elektrik enerjisi sərfiyyatı üzrə yeni müəyyən olunmuş hədlərin texniki cəhətdən necə gözləniləcəyinə gəldikdə isə burada məsələ çox sadədir. Dövlət Neft Şirkətinin “Azəriqaz” QSC-də və “Azərişıq” ASC-də əhali tərəfindən qaz və elektrik enerjisi üçün edilən hər ödənişin mərkəzləşdirilmiş informasiya bazası mövcuddur. Müəyyən olunmuş müddətdə limitdən artıq istifadə olunacaq qaz və elektrik enerjisinə görə haqq avtomatik olaraq yeni tariflərlə tutulacaq”.

F.Yusifovun sözlərinə görə, əhalinin təxminən 70%-i bu dəyişikliyi hiss etməyəcək. Bu fikrini ekspert Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin açıqladığı rəqəmlərlə əsaslandırdı:

“Dövlət Neft Şirkətinin rəsmi məlumatlarına görə hazırda ölkə əhalisinin 62 faizinin qaz istehlakı illik 1500 kubmetr həddini keçmir. Eyni qayda ilə “Azərişıq” ASC-dən əldə etdiyimiz məlumata görə, əhalinin 75 faizinin aylıq elektrik enerji sərfiyyatı 250 kilovat saatdan çox deyil. Deməli, orta hesabla qaz və işığın qiymətindəki dəyişikliklər əhalinin təxminən 70 faizinə aid olmayacaq. Tariflərdə edilən dəyişikliklərdən sonra, insanların qənaət rejiminə keçməsi nəticəsində, bir il ərzində bu rəqəmin daha 10 faiz artaraq, 80 faizə çatacağı gözləniləndir. Əhalinin yerdə qalan 20 faiz imkanlı təbəqəsi tərəfindən qaz və elektrik enerjisinin limitdən artıq sərfinə görə artan tariflərlə ödəniş etməsi isə tam normal bir haldır”.

Ekspert enerjidaşıyıcıların tarif artımının müsbət tərəflərinə də toxunub:

“Öncəliklər onu deyək ki, insanlar real olaraq qənaət etməyə öyrənəcəklər. Razılaşaq ki, biz çox az hallarda qənaət haqqında düşünə bilirik. Qənaət haqqında düşünə bilmədiyimizi sübut edən kifayət qədər “yaxşı” nümunələrimiz var. Məsələn, toy məclislərimizə dəvət etdiyimiz insanlara onların bir axşam yeyə biləcəyindən 10-20 dəfə çox yemək təklif etməyimiz, dünyasını dəyişən yaxınımıza yas mərasimi vermək üçün imkanımız olmasa belə bankdan kredit götürüb yüzlərlə insana “ehsan” verməyimiz bu sıradan olan israfçılığımızın bariz nümunələridir. Görəsən özümüzdən başqa, kim bizi bu israfçılığa məcbur edə bilər? Heç kim! Bu siyahını kifayət qədər genişləndirmək mümkündür. Doğrudan da biz nə vaxtsa qənaət etməyə öyrənməyə başlamalıyıq. Digər tərəfdən, yeni tariflər insanlarımızı alternativ enerji mənbəələrindən istifadə etməyə stimullaşdıracaq. Bu gün artıq dünyanın bir çox ölkələrində bu sahədə böyük nailiyyətlər əldə olunub. Ölkəmizdə isə günəş və külək enerjisindən istifadə etmək imkanları kifayət qədər böyükdür”.

İqtisadiyyat şöbəsi


Tags:  Qaz işığın yeni tarifi bizə təsir edəcək TƏHLİL

RƏYLƏR


Top news