Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Üz dərisini 10 yaş cavanlaşdırmaq mümkündür” - Kosmetoloq

“Üz dərisini 10 yaş cavanlaşdırmaq mümkündür” - Kosmetoloq

Date: 30 November 2016 20:39

 

“Üzə vurulan biosintetik gel “canlı bomba”dır”

 

 

“Qışda üzdə yaranan problemlər xanımların böyük əksəriyyətini narahat edir. Bu fəsildə xarici faktorlar dəridə daha çox iz buraxır. Dərini soyuqdan qorumaq lazımdır ki, qocalma prosesi vaxtından əvvəl başlamasın”.  

 

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında həkim-kosmetoloq Xariqə Quliyeva deyib.

 

Qışda xarici faktorların üz dərisinə təsiri barədə danışan kosmetoloq bildirib ki, küləyin,  şaxtanın, eyni zamanda Günəş şüalarının təsiri nəticəsində dəridə bir çox problemlər yaranır. Onun sözlərinə görə, qışda dəriyə daha çox qulluq tələb olunur: “Dəridə olan bir sıra problemləri aradan qaldırmaq üçün qış ən əlverişli fəsil sayılır. Piqment ləkələrini qışda daha asanlıqla aradan qaldırmaq mümkündür. Qışda tətbiq olunan prosedurlardan sonra daha yaxşı nəticə əldə olunur”.

 

 

Kosmetoloq Günəşdən müdafiə kremlərindən ancaq yaz və yayda istifadə edilməsinin düzgün olmadığını bildirib. X. Quliyeva deyib ki, qışda yaranan Günəş ləkələrini aradan qaldırmaq daha çətindir: “Qoruyucu kremdən ilin bütün fəsillərində istifadə edilməlidir. Sadəcə, burada faktorlar dəyişə bilər. Yayda yüksək faktorlu kremlərdən istifadə etdiyimiz halda, qışda aşağı faktorlardan yararlana bilərik. Xanımlar qoruyucu krem alanda güvənilən markaların məhsullarını seçməlidirlər. Kremin yüksək faktorlu olmasına qaçmaq lazım deyil. Azərbaycan şəraitində qışda 15-30, yayda 30-50 faktorlu Günəş qoruyucu kremlərdən istifadə yetərlidir.

 

Qoruyucu krem 2-3 saatdan sonra qoruyuculuq təsirini itirir. Yaxşı olar ki, xanımlar 2-3 saatdan bir üzü silib, yenidən krem çəksinlər”.

 

Kosmetoloq qışda dəriyə qarışıq qulluğun tələb olunduğunu açıqlayıb, evdən çıxmazdan 30-40 dəqiqə əvvəl nəmləndirici kremdən istifadə etməyin zəruri olduğunu vurğulayıb.

 

Mütəxəssis bildirib ki, makiyajdan öncə və makiyaj silinəndən sonra mütləq nəmləndirici kremlərdən istifadə olunmalıdır: “Şaxtalı hava qan dövranına təsir etdiyi üçün dəridə quruluq, qızartılar yaranır, ölmüş hüceyrələrin sayı həddən artıq olur.

 

 

Hətta yağlı dərilərdə sərtləşmə yaranır. Yaxşı olar ki, hər bir qadın bu fəsildən əvvəl kosmetoloq müayinəsindən keçib, məsləhətlər alsınr və buna uyğun dəriyə qulluq etsinlər”. 

 

X.Quliyeva qadınların qışda lazer pilinqlərdən istifadə etmələrini də tövsiyə edərək bildirib ki, dərinin vaxtından əvvəl qocalmasının qarşısını almaq üçün digər prosedurlar da tətbiq olunmalıdır: “Əgər qadınlar professionallara müraciət edə bilmirsə, ev şəraitində də tədbirlər görmək mümkündür. Məsələn, quru dərisi olan qadınlar, əgər yumurtaya qarşı allergiyaları yoxdursa, yumurta sarısına ampula şəklində lan vitamin kompleksini qarışdırıb, dəriyə çəkə bilərlər. Yağlı dərisi olan qadınlar isə yumurta ağını vitamin kompleksi ilə qarışdırıb istifadə etsinlər. Qarışıq dəri tipi olan qadınlar aloe şirəsindən istifadə etsələr, daha yaxşı olar. Bu maskalar həftədə üç dəfə təkrarlanmalıdır”.

 

 

Kosmetoloq dəridə sızanaqlar olduğu halda yağlı, duzlu, istiotlu, qızartma, “fast food” qidalardan, qazlı sulardan istifadə etməməyi tövsiyə edib. O, həmçinin dərinin təravətli olması üçün gündə 1,5-2 litr su qəbul etməyin lazım olduğunu açıqlayıb.

 

Göz altında olan qırışlara qarşı tədbirlər barədə danışan X. Quliyeva tətbiq olunan yeni proqramlar barədə də məlumat verib. Onun sözlərinə görə, fraksion lazer prosedurları ilə göz altında olan qırışlar, şişkinliklər, tündləşmələr, ləkələri aradan qaldırmaq mümkündür: “Ümumiyyətlə, fraskion lazer cihazının icad olunması ilə kosmetologiya sahəsində inqilab baş verib. Mən bunu hər zaman deyirəm. Bu cihaz vasitəsilə edilən prosedurlarla on yaş cavanlaşmaq mümkün olur. Bütün bunlar dəriyə inyeksiya etmədən, maddə yeritmədən baş verir”.

 

Bu prosedurlar digərlərindən müqayisə olunmayacaq dərəcədə fərqlənir. Alında, qaşların  arasında, ağız bucağında, göz ətrafında, dekolitə nahiyədə yaranan problemlər tamamilə aradan qaldırılır. Bu prosedurlar ildə üç dəfə tətbiq edilir. Hər prosedurda 30-40 faiz nəticə əldə etmək olur”.

 

 

“Qadın kosmetoloqa hansı yaşda müraciət edirsə, o yaşda qalır” deyən kosmetoloq qeyd edib ki, lazer, lazer-pilinq prosedurlarının qış fəslində tətbiqi daha məqsədəuyğundur.

 

X. Quliyeva qeyri-peşəkarların keyfiyyətsiz kosmetoloji vasitələrdən istifadə edərək tətbiq etdiyi prosedurların yaratdığı problemlərdən də danışıb: ”Çox təəssüf ki, belə problemlərlə bizə gec müraciət edən xanımlara bəzən kömək edə bilmirik. Yaxşı olar ki, xanımlar peşəkarlara müraciət etsinlər. Son zamanlar daha çox biosintetik gelin natural gel adı ilə istifadə olunması, dəri altına yeridiləndən sonra yaratdığı fəsadlarla üzləşirik.

 

Biosintetik gel çox böyük fəsadlar yaradır. Türkiyədə mütəxəssislər “biopolimer” deyilən geli “canlı bomba” adlandırırlar. Türkiyənin məşhur mütəxəssislərindən biri dedi ki, biopolimer gellərdən istifadə etmək insana atəş açmaq kimi bir haldır. Bəzən bu gelin yaratdığı fəsadları yalnız cərrahlar aradan qaldıra bilirlər”.

 

Kosmetoloq qadınları kosmetoloji vasitələrdən istifadə edəndə diqqətli olmağa çağırıb: “Bu gün məşhur brendlərin adı altında insanlara saxta məhsullar təqdim olunur. Hətta biz mütəxəssislər orijinal məhsullar kimi qablaşdırılan saxta məhsulları əslindən  ayırmaqda çətinlik çəkirik”...

 

 

Əllərə qulluq barədə suala cavabında kosmetoloq deyib ki, üzlə yanaşı qadınları əllərinə qarşı da diqqətli olmalıdırlar: “Hər zaman deyirik ki, qadının yaşını əllər göstərir.

Əgər əllərdə quruluq, sərtlik, ləkələr, qırışlar yaranıbsa, onları fraksion lazer cihazının köməkliyi ilə aradan qaldırmaq mümkündür”.

 

Mütəxəssis, qadınlara su ilə, yuyucu vasitələrlə təmasda olan işləri görərkən əlcək geyinməyi, bu mümkün deyilsə, işləri bitirən kimi nəmləndirici kremlərdən istifadə etməyi, bunu gün ərzində 4-5 dəfə təkrarlamağı tövsiyə edib.

 

 

 


Tags:  dərisini 10 yaş cavanlaşdırmaq mümkündür Kosmetoloq


RƏYLƏR


Top news