Qəbələdə daşqınların proqnozlaşdırılması və erkən xəbərdarlıq sistemi üzrə seminar başlayıb

Qəbələdə daşqınların proqnozlaşdırılması və erkən xəbərdarlıq sistemi üzrə seminar başlayıb
22:52 30 Noyabr 2016
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ BMT İnkişaf Proqramı (BMTİP) və Qlobal Ekoloji Fondun (GEF) Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığı çərçivəsində icra etdiyi birgə layihə çərçivəsində Qəbələ şəhərində daşqınların proqnozlaşdırılması və erkən xəbərdarlıq sistemi üzrə seminar öz işinə başlayıb.
BMT-nin Azərbaycandakı ofisindən "Report"a verilən məlumata görə, seminarda yerli maraqlı tərəflər, layihənin benefisiarları, yerli və beynəlxalq ekspertlər, icma rəhbərləri və layihə heyəti iştirak edib.
BMTİP-in bu birgə layihəni icra etməkdə məqsədi Azərbaycanda yerli dağ icmaları tərəfindən iqlim dəyişikliyi risklərinin su və daşqınların idarəetmə prosesində nəzərə alınmasından ibarətdir. “Bizim məqsədimiz təhlükə altında olan ərazilərdə yaşayan icmaların su çatışmazlığı və daşqın təhlükələrinə qarşı zəifliyini azaltmaqdan ibarətdir”, - deyə BMTİP-in Strateji Əməkdaşlq üzrə müşaviri Məzahir Əfəndiyev seminar iştirakçılarına bildirib.
Su üzrə müasir inteqrasiyalı idarəemə üçün müvafiq institusional baza tələb olunur. Normativ-hüquqi aktlarda iqlim dəyişikliyi məsələsini əhatə etmək üçün layihə çərçivəsində ölkənin Su Məcəlləsinə yeni düzəlişlər hazırlanıb. M.Əfəndiyev su üzrə innovativ idarəetmə üçün əlaqələndirilmiş yanaşmanın zəruri olduğunu vurğulayıb.
“Bizim hazırladığımız sənədlər mərkəzi institusional strukturun su ehtiyatları üzrə inteqrasiyalı idarəetmənin tətbiqini tam dəstəkləməsini tövsiyə edir”, - deyə o qeyd edib.
Seminar qrup müzakirələri formasında keçirilib. İştirakçılar erkən xəbərdarlıq sisteminin komponentləri, o cümlədən risklərin qiymətləndirilməsi, monitorinq və xəbərdarlıq, kommunikasiya və təşviqat, cavab qabiliyyəti ilə bağlı öz tövsiyələrini bölüşüblər. Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərin idarə edilməsi, layihələrin əlaqələndirilməsi və təhsil məsələləri baş idarəsinin rəis müavini Gündüz Həmzəyev iştirakçılara bu sahədə meydana çıxan riskləri yumşaltmağa yönələn işlər barədə məlumat verib.
Seminar zamanı layihə çərçivəsində əldə edilən yeni erkən xəbərdarlıq qurğuları icma üzvlərinə təhvil verilib.
Ekspertlər quraqlıq və su çatışmazlığı zamanı kənd təsərrüfatı texnologiyalarının istifadəsinin əhəmiyyətini vurğulayıblar. İcma əsaslı erkən xəbərdarlıq sisteminin tam səfərbərliyi daşqınların səmərəli proqnozlaşdırılması üçün yaxşı vasitə kimi qiymətləndirilib. Ekspertlər eksperimental təcrübə üçün Azərbaycanın Mıxlıqovaq icmasını seçiblər.
Kommunikasiya zəncirini və iştirakçıların müzakirə edilən məsələlər barədə anlayışını sınaqdan keçirmək üçün seminarın sonunda Su İstifadəçiləri Birliyinin üzvləri ilə simulyativ məşq həyata keçirilib.
“Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsinin məqsədi, su və daşqınlar üzrə idarəetməni təkmilləşdirməklə, Azərbaycanın dağ icmalarının su çatışmazlığı və daşqın təhlükələrinə qarşı zəifliyini azaltmaqdır. Layihə həmçinin, qanunvericilik və siyasət səviyyəsində idarəetmə bazasının təkmilləşdirilməsi, təşkilati potensialın gücləndirilməsi və icmaların su və daşqınlar üzrə idarəetmədə aktiv iştirak etmələri üçün təlimlərin keçirilməsini nəzərdə tutur.

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/qebelede-dasqinlarin-proqnozlasdirilmasi-ve-erken-xeberdarliq-sistemi-uzre-seminar-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR