Azərbaycanın mobil oyun istehsalçısı Çin bazarını hədəf alıb

Azərbaycanın mobil oyun istehsalçısı Çin bazarını hədəf alıb
10:02 1 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycanda 3 ildir mobil oyunların yaradılması ilə məşğul olan Tor Rəqəmsal Agentlik (Digital Agency) "Made in Azerbaijan" brendi şəklində ixracyönümlü, rəqabətqabiliyyətli və əlavə dəyərin xüsusi çəkisi yüksək olan məhsulları ilə yerli və qlobal bazarları fəth etməyi hədəf alıb.
Şirkətin baş icraçı direktoru Toğrul Səmədov "Report"a bildirib ki, "Tor" artıq Şərqi Asiyanın ən nəhəng mobil oyun bazarı - Çinə daxil olmağa hazırlaşır.
Həm yerli, həm də xarici mütəxəssislərin birgə ərsəyə gətirdikləri və ümumilikdə dörd əsas mobil əməliyyat platformasında 5 milyondan artıq yükləmə sayına nail olan "Son savaş" ("Fatal fight") məhz Çin bazarı üçün nəzərdə tutulub.
"Son savaş- mobil oyununu 2 il əvvəl hazırlamağa başlamışıq. İlk versiya 6 aydan sonra hazırlanıb. Artıq oyun 2 ildir hər mərhələdə daha da təkmilləşdirilir. Artıq oyun "Android" platformasında 4,6 mln., "İOS", "Windows Phone" və "Steam"də bütövlükdə yarım milyon yükləmə sayına malikdir. Dünyanın hər bir ölkəsində oyunçularımız var.
"Son savaş"ın ideyası da, adı da Çin bazarı üçün nəzərdə tutulub. Çünki Çin bazarında rəqabət daha aşağı və gəlirlik səviyyəsi isə yüksəkdir. Odur ki, strategiyamızın da belə seçilməsi büdcəmizin risk qabiliyyətinin buna imkan verməməsindən irəli gəlir. Lakin növbəti mobil oyunlarımızı milli janrda, milli qəhrəmanlarımızın iştirakı ilə hazırlamaq niyyətindəyik", - deyə T. Səmədov əlavə edib.
Qeyd edək ki, dünyanın hər yerindən istifadəçisi olan "Tor" qlobal mobil oyunlar bazarında məhsullarını sınaqdan keçirdikdən və tam hazır etdikdən sonra, Çin bazarına daxil olmağı planlaşdırır. Çünki Çin bazarına daxil olmaq gördüyü kimi heç də asan iş deyil. Bu bazarın diktə etdiyi mütləq tələblərdən biri çinli tərəfdaşın olmasıdır. Çin bazarı bir qədər qapalı olduğundan, kənar şirkətlər oraya buraxılmır. Bu vəzifənin də öhdəsindən gələn "Tor" hazırda çinli tərəfdaşları ilə danışıqlar aparır. Danışıqlar uğurla başa çatdıqdan sonra ancaq Çin bazarına çıxmaq mümkün ola bilər. Çinin mobil oyunlar bazarının üstünlüklərindən biri də bu reallaşma bazarının istehsalçılara verdiyi gəlirin səviyyəsi ümumi bazarın yaratdığı gəlirə bərabər olur.
Oyunda səsləndirilən musiqi effektləri, animasiyaları "Tor Digital Agency" hazırlayıb. Layihənin ideya müəllifi, marketinq strategiyası və komandanın idarə olunmasını birbaşa həyata keçirən T. Səmədov hesab edir ki, bu cür uğurun əldə edilməsində komanda işi böyük rol oynayır. "Son savaş"da 70-ə qədər mərhələ nəzərdə tutulub. Oyun irəlilədikcə mərhələlərin də sayı artırılır. Oyun ilk dəfə 50 mərhələ ilə başlayıb, daha sonra 10 -10 mərhələ artırılaraq, təkmilləşdirilib. Oyunun maraqlı cəhətlərindən biri isə oyunçunun silah və ya əşya alması üçün tədricən mağazanın olmasıdır. Oyunda gəlir mənbəyinin olması üçün reklamlar da unudulmayan nüanslardan biridir. "Tor" oyunun təkmilləşdirilməsi zamanı - minimum həyatqabiliyyətli məhsul (MVP) qaydasına əsaslanaraq, bazarın tələbatı öyrənir.
"Tor"un daha bir yeniliyi ilə oyunçuların yaddaşını sınamaq fikrindədir. Hazırda istehsal edilən "Memory limit" üçün tapmaca (puzzle) janrı seçilib. Oyun yaddaşı möhkəmlətmək məqsədini daşıyır. Tapmaca istifadəçinin beynini məşq etdirmək üçün müəyyən qaydalar təqdim edəcək. Qalib olmaq üçün onlara əməl etmək lazımdır. Bu oyunda xüsusi hiylə işlədilərək istifadəçiləri əsl sınağa çəkiləcəklər. 70 oyun mərhələsi olan "Memory limit"də əlavə mərhələlərə yer veriləcək. Oyun kommersiya məqsədilə yaradılıb. İndi oyunu ancaq "Android" platformasında və Azərbaycanda yükləmək mümkündür. Növbəti sınaq mərhələsini keçdikdən sonra o, ilk növədə Rusiya və daha sonra digər mobil oyun bazarlarına da təqdim ediləcək.
"Tor"un mühüm layihələrindən biri də milli ruhda və milli dəyərlərə əsaslanacaq "Koroğlu" dastanı janrında öz əksini tapacaq. Bu döyüş oyunu kommersiya layihəsi olmadığına görə "Tor" "Koroğlunun" konseptini hazırladıqdan sonra vəsait axtarışına başlamağı planlaşdırır. T. Səmədov bu layihəyə dəstək olacaq təşkilatların tapılacağına ümid etdiyini bildirib. Çünki bu vaxta qədər Yüksək Texnologiyalar Parkında (High Tech Park) xarici mentorlar və Baku Business Factory-də "Tor"un səmərəli fəaliyyətinə dəstək göstərilib. "Apple Store" da ən yaxşı yeni oyunlar kateqoriyasında azərbaycanlı şirkətə dəstəyini göstərib.
3 illik fəalliyətinə rəğmən "Tor" artıq layihələrinə yatırdığı məbləğdən iki dəfə çox gəlir əldə etməyi bacarıb və gələcək işinin daha da səmərəli fəaliyyəti üçün əldə edilən gəlir yenidən oyuna yatırılıb. Şirkət xərclərini reallaşdırırakən "qənaətcil startap" ("lean startap") sahibkarlıq konsepsiyasına əsaslanır. Şirkətin gəlirlərinin böyük hissəsini isə Amerika mobil oyunlar bazarı formalaşdırır və bu ölkə prioritet şirkətlər sırasındadır. Amerikadan fərqli olaraq yerli mobil oyunlar bazarında bu cür layihələr öz kommersiya məqsədlərini doğrultmurlar. Bunun səbəbini isə T. Səmədov yerli istehlakçıların onlayn alış vərdişlərinin olmaması və kredit kartlarının şəbəkəsinin kifayət qədər genişlənməməsi ilə əlaqəli olduğunu düşünür. Lakin "Tor"un icraçı direktoru lokal istehlakçı bazarın gələcəyinə nikbin baxır. O, hesab edir ki, hazırda xüsusi fəallıq müşahidə edilən Rusiyanın müvafiq bazarında da vəziyyət 5-10 il bundan əvvəl analoji dinamikanı nümayiş etdirirdi.  







Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/azerbaycanin-mobil-oyun-istehsalcisi-cin-bazarini-hedef-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR