İlham Əliyev: "Azərbaycan etnik mədəni müxtəlifliyin, multikulturalizmin qorunub saxlanmasına xüsusi önəm verir"

İlham Əliyev: "Azərbaycan etnik mədəni müxtəlifliyin, multikulturalizmin qorunub saxlanmasına xüsusi önəm verir"
10:12 1 Dekabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezident İlham Əliyev Bakıda keçirilən "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli" beynəlxalq konfransının iştirakçılarına müraciət edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, müraciətdə deyilir: "Hörmətli konfrans iştirakçıları. Sizi - Qafqaz Xalqları Ali Dini Şurasının beynəlxalq konfransının iştirakçılarını ürəkdən salamlayır, ən səmimi arzu və diləklərimi yetirirəm. Bölgəmizdə tarixən müxtəlif xalqlar arasında möhkəm tolerant ənənələr, qarşılıqlı hörmət və etimada əsaslanan mehriban qonşuluq, dostluq və əməkdaşlıq mövcud olub. Belə münasibətlərin təşəkkülündə və inkişafında ümumbəşəri dəyərlərin daşıyıcısı kimi İslam dini müstəsna rol oynamışdır".

Dövlət başçısı qeyd edib ki, hazırda qloballaşan dünyada mürəkkəb ictimai-siyasi proseslər yaşanır, etnik-dini zəmində münaqişələr, irqi ayrı-seçkilik, dini ekstremizm və islamofobiya kimi arzuolunmaz təzahürlər müşahidə edilir:

"Beynəlxalq təhlükəsizliyi və insanların əmin-amanlığını təhdid edən bu cür hallara qarşı səmavi dinlərin, sülh, mərhəmət, şəfqət və həmrəylik çağırışlarına, sivilizasiyalararası dialoqa və əməkdaşlığa ciddi ehtiyac var. Bu baxımdan dünyada örnək model kimi qəbul edilən Azəbaycan multikulturalizm və tolerantlıq ənənələri ilə bağlı mövzuların konfransda müzakirəsi böyük elmi, ictimai və siyasi məna daşıyır. Biz Azərbaycanda tarixi-mənəvi irsin, etnik mədəni müxtəlifliyin, multikulturalizmin qorunub saxlanmasına və daha da inkişaf etdirilməsinə dövlət siyasəti səviyyəsində xüsusi önəm verir, dövlət-din münasibətlərinin tənzimlənməsində milli tarixi ənənələr və beynəlxalq hüquqi normalara əsaslanırıq. Sizlər də təmsil etdiyiniz respublikalarda eyni fəaliyyəti fədakarlıqla həyata keçirirsiniz".

İlham Əliyev bildirib ki, ümumi və doğma evimiz olan Qafqazda davamlı sülhün, əmin-amanlığın bərqərar olmasında, bəşəri dəyərlərin, islam dininin əsl mahiyyətinin təbliği və təşviqində, yad dini cərəyanların və zərərli təsirlərin vaxtında qarşısının alınmasında sizin kimi din xadimlərinin rolu böyükdür:

"Qafqaz Xalqları Ali Dini Şurası üzvlərininin ümumi məqsədlər naminə mənəvi tellərlə bir qurumda birləşməsinin günümüz üçün xüsusi əhəmiyyəti vardır. Bu işdə əməyi olan hər bir şəxsin, qurumun rəhbəri, Qafqaz Müsəlmanları İdarəsi sədrinin fəaliyyətini tədqirəlayiq hesab etmək olar. Əmin olduğumu bildirirəm ki, zəruri və aktual bir mövzuya həsr olunmuş beynəlxalq toplantınız anlaşma və həmrəylik ruhunda keçəcək, xalqlarımız, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəkdir. Bu nəcib işinizdə sizə uğurlar, cansağlığı, səadət arzulayıram".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/494664.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR