""Neftçi" ilə oyunda baş verən biabırçılıq nə tez yaddan çıxdı?"

""Neftçi" ilə oyunda baş verən biabırçılıq nə tez yaddan çıxdı?"
13:17 1 Dekabr 2016
93 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az "İnter"in qapıçısı Səlahət Ağayevin apasport.az saytına müsahibəsini təqdim edir:
 
- Cari mövsümdə oyunlarda qələbəni son dəqiqələrdə əldən verməyiniz adət halını alıb. Bu nəyin göstəricisidir?
- Bunu konkret nə iləsə bağlamaq olmur. "Zirə" ilə matçda bir futbolçumuzun qırmızı vərəqə alması və bir nəfər azlıqda qalmağımız ciddi rol oynadı. Rəqib hesabda geridə idi və hücumlarına ara vermirdi. Halbuki, Skarlatake oynasaydı, həmin futbolçu boş qalmaz və qol vurmazdı.
 
- Topaz Premyer Liqasının XIII turunda "Zirə" ilə keçirilən görüşdə sarı vərəqələrin çoxluğu birmənalı qarşılanmadı...
- "Zirə" ilə oyunlarımız hər zaman aqressiv olur. Çünki hər iki komandanın gücü bir-birinə yaxındır. Futboldur, olur.
 
- Bu vərəqələr sayəsində bir neçə futbolçunuz "Qarabağ"la qarşılaşmanı buraxmalı olacaq. Vacib oyun öncəsi bir qədər qorunmaq olmazdımı?
- Dörd futbolçumuz görüşü buraxacaq. İndi fikirləşirəm ki, kaş "sarı" almazdım. Amma oyun zamanı aqressiv olursan, səbr edə bilmirsən. Sarı vərəqəni də mübahisə etdiyimə görə aldım. Halbuki meydandan kənarda sakit insanam. Sadəcə, əsəbləşirsən, özünü saxlaya bilmirsən. Onda da hakim sarı vərəqə göstərir.
 
- Hakimin hansısa səhvi rol oynadımı bunda?
- Sarı vərəqələri hakimin üzərinə atmaq istəməzdim. Mənə göstərilən sarı vərəqə qaydalara uyğun idi. Düzdür, epizod zamanı rəqib futbolçu kobud oynamışdı. Digər futbolçunun başqa söz deməsi məni hövsələdən çıxardı. Buna görə də mübahisə etdim. Təbii ki, bu, meydanda qaldı, kənarda hamımız dostuq.
 
- "İnter" bir matçda qələbə qazanıb, digərində xal itirir. Bir sözlə, qeyri-sabitlik davam edir...
- Heç "Barselona" da ardıcıl qələbələr qazanmır. Cari mövsümdə cəmi bir oyunda məğlub olmuşuq, onda da hakimin qərarını gördünüz. Ardıcıl qələbələri top-klublar da sıralaya bilmirlər. Əlimizdən gələni edirik. Bəzən məğlub duruma düşdüyümüzdən, heç olmasa, 1 xal qazansaq, yetər deyirik.
 
- Lider "Qarabağ"la xal fərqiniz 7-yə yüksəlib. Bundan narahat deyilsiz?
- Açıq danışaq, biz bu gün sırf çempionluq uğrunda mübarizə aparmırıq. Əlbəttə, çempionluq titulunu qazansaq, əla olar. Əlimizdən gələni edirik ki, buna nail olaq. Amma heyət, oyun baxımından ən azı avrokuboklara vəsiqə qazanmaq şansımız var. Çalışırıq ki, bu imkanı əldən verməyək. İndi "Qarabağ"dan 7 xal geri qalırıq. Amma onları gözdən itirməyi də düşünmürük.
 
- "Qarabağ"dan söz düşmüşkən, onların "Qəbələ" ilə görüşünü izlədiniz?
- Baxdım.
 
- Matçın axarı, hakimin qərarları kənardan necə görünürdü?
- Qərar verilib, oyun bitib. Azarkeş kimi baxırdım, kimin qələbə qazanmasının mənim üçün fərqi yox idi.
 
- Sizin fikrinizcə, son dəqiqələrdə "Qəbələ"nin qapısına verilən penalti qərarı doğru idi?
- Bu, hakimin qərarıdır. Onun verdiyi qərarı müzakirə etmək istəmirəm. Çünki 90 dəqiqənin hakimi odur.
 
- Çempionatımızda az-az yaşanan qalmaqala şahid olduq. "Qəbələ"nin yerində "İnter" olsaydı, hansı addımı atardı?
- "Qəbələ"nin yerində deyəndə, "İnter" də bir dəfə bu situasiya ilə qarşılaşıb. "Neftçi" ilə qarşılaşmada baş verən biabırçılıq nə tez yaddan çıxdı? Referi cərimə meydançasından bir metr kənarda baş verən qayda pozuntusuna görə qapımıza penalti təyin etdi. Futboldur, səhvsiz insan yoxdur. Hakimlərimizin hamısına hörmətim var, amma diqqətli olsunlar. İnsanın haqqı yeyiləndə istər-istəməz emosiyalar coşur, nəticədə xoşagəlməz vəziyyət yaranır.
 
- Bu cür səhvlər savadsızlıqdan, yoxsa hansısa məqsədlərdən doğur?
- İndiki referilərimizin əksəriyyəti gənclərdir. Onların savadsız olduqlarını deməzdim. Bu cür səhvlərə yol verənlər əsasən gənc hakimlərdir. Bu da təcrübəsizlikdən irəli gəlir. Təcrübəli hakimlərimizdən hansınınsa belə səhvə yol verdiyini görməmişəm. Zamanla bu da düzələcək. Yaxşı hakimlərimiz var. Əliyar Ağayevin son vaxtlar beynəlxalq oyunlara mütəmadi təyinatı bizi sevindirməyə bilməz. Bilirsiz, səhvlər olacaq, heç kim bundan sığortalanmayıb. Amma nəticəyə təsir edən səhvlərdən qaçmaq lazımdır.
 
- Növbəti turda "Qarabağ"la qarşılaşacaqsız və 4-5 futbolçunuz çıxış etməyəcək. Çətin olmayacaq?
- "Qarabağ"a qədər kubok oyunumuz var. "Qaradağ Lökbatan" I divizion təmsilçisi olsa da, ehtiyatı əldən vermək olmaz. Çünki futbolda sürprizlər qaçılmazdır. "Qarabağ"la oyuna qədər vaxtımız var. Kubok matçını keçirək, o görüş haqda sonra düşünəcəyik.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/494706.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR