"Qəbələ" klubu cari mövsümdə ilk dəfə xalsız qalıb

"Qəbələ" klubu cari mövsümdə ilk dəfə xalsız qalıb
13:17 1 Dekabr 2016
59 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ "Qəbələ" futbol komandası cari mövsümdə ilk dəfə meydanı xalsız tərk edib. "Report"un məlumatına görə, Azərbaycan Premyer Liqasının XIII turunun "Qarabağ"la səfər matçında 1:2 hesabı ilə uduzan "qırmızı-qaralar" mövsümdə ilk dəfə xalsız qalıb.
Roman Qriqorçukun rəhbərlik etdiyi komandanın son məğlubiyyəti ötən mövsümün XXXIV turuna təsadüf edib. Həmin vaxt da "Qarabağ"la səfər oyununda xalsız qalan qəbələlilər 0:2 hesabı ilə uduzub. Mayın 11-dəki məğlubiyyətdən sonra "qırmızı-qaralar" keçirdiyi 14 qarşılaşmada 10 qələbə qazanıb, 4 heç-heçə edib.
202 gündən sonra xalsız qalan əyalət klubu öz tarixində 3-cü nəticəyə imza atıb. "Qəbələ" 2011-ci ildə ardıcıl 16 görüşdə uduzmayıb ki, bu rekordu təkrarlamaq üçün komandaya iki matç çatmayıb. Ötən il isə "qırmızı-qaralar" 15 oyundan ibarət seriyaya imza atıb.
Bununla yanaşı, "Qarabağ"ın da ev oyunlarındakı üç uğurlu seriyasından biri qırılıb. "Qəbələ" ilə ev oyununda qalib gələn Qurban Qurbanovun rəhbərli etdiyi komanda ardıcıl 15-ci qələbə ilə məğlubiyyətsiz matçlar seriyasını 20-yə çatdırıb. Lakin "Qarabağ" 244 gündən sonra qapısında qol görüb. Əyalət təmsilçisi öz meydanında sonuncu dəfə ötən mövsümün "Rəvan"la matçında top buraxıb. Martın 30-da keçirilən görüşdə 5:1 hesabı ilə qalib gələn "Qarabağ" 68-ci dəqiqədə Yasin Həmidin qoluna üzülüb. Bundan sonra 10 matç qonaqlara qol sevinci bəxş etməyən komandanı bu dəfə 64-cü dəqiqədə Filip Ozobiç məyus edib. Evdə 986 dəqiqə qol buraxmayan "Qarabağ" öz meydanındakı quru oyunlar ardıcıllığında öz tarixinin rekordunu rəsmiləşdirib.
Bu, Azərbaycan çempionatları tarixində 3-cü nəticədir. “Qarabağ”ın 2 addımı çatmayan mütləq rekord 2003 - 2005-ci illərdə ardıcıl 12 ev oyununda qol buraxmayan “Neftçi”yə məxsusdur. Digər paytaxt klubu “Xəzri” isə 11 ev oyununu quru keçirib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qebele-klubu-cari-movsumde-ilk-defe-xalsiz-qalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR