"BP-Azerbaijan": AÇG-dən hasilatın həcmi ilə bağlı SOCAR-la danışıqlar aparılır

"BP-Azerbaijan": AÇG-dən hasilatın həcmi ilə bağlı SOCAR-la danışıqlar aparılır
13:17 1 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı.1 dekabr. REPORT.AZ/ Gələn il üçün "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasilatın həcmi ilə bağlı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə danışıqlar aparılır. "Report" xəbər verir ki, bunu "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib. 
Onun sözlərinə görə, illik iş planı və büdcə sənədi təsdiq olunmaq üzrədir: "Bu il üçün AÇG-dən hasilatın ötən ilki səviyyədə saxlanılması nəzərdə tutulub. Keçən il illik hasilat 634 min barel/gun olub. Bu il isə ondan bir qədər aşağı 630 min barel/gun nəzərdə tutulub. Nəzərə almaq lazımdır ki, xərclər əhəmiyyətli dərəcədə azalıb, xərclərin azalmasına baxmayaraq, hasilatın bu səviyyədə saxlanılması böyük məharətdir". 
"BP-Azerbaijan" rəsmisi qeyd edib ki, gələn il hasilatın 2015-2016-cı il səviyyəsində saxlanılması olduqca çətindir: "Çünki yataq özü yaşlanır. Yeni qazılacaq quyuların verimliliyi aşağıdır və investisiyalar tələb olunur. Sazişin müddətinin uzadılması ilə bağlı məsələlər həll edildikdən sonra yeni investisiyalar lazım olacaq ki, o investisiyalar ilə hasilatı müəyyən müddət saxlamaq olsun. Gələn ilin hasilatı ilə bağlı rəqəm dəqiq bilinməsə də deyə bilərəm ki, bu ilki səviyyədə saxlamaq çox çətindir".
Qeyd edək ki, AÇG-dən neft hasilatı 2015-ci ildə 31,3 mln. ton təşkil edib. 
AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. AÇG layihəsində BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "İnpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "İtochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) şirkətləri iştirak edir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/bp-azerbaijan-acg-den-hasilatin-hecmi-ile-bagli-socar-la-danisiqlar-aparilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR