Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Binəqədidə yanan bina ilə bağlı FHN-in məktubundakı rəy

Binəqədidə yanan bina ilə bağlı FHN-in məktubundakı rəy

Date: 1 December 2016 13:47

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri dinlənilib.

Bildirilib ki, FHN-in daxili işlər naziri Ramil Usubova göndərdiyi məktubda isə binanın üzlənməsində istifadə olunan "Poliuretan" məmulatlarının yanan materiallar qrupuna aid olduğu bildirilib.

Təqsirləndirilən Q.Novruzovun vəkili Nüşabə Ağayeva çıxışında söyləyib ki, FHN-in müvafiq orqanlara göndərdiyi məktublarda ziddiyyətlər var: "Bununla bağlı FHN-in institutunda rəy verilib. Lakin onların müvafiq orqanlara göndərdiyi məktublarda ziddiyyətlər mövcuddur. Fövqəladə hallar nazirinin birinci müavini Rafael Mirzəyevin bununla bağlı məhkəməyə çağrılması ilə bağlı vəsatət qaldıracağıq".

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan poliuretan məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cinayət işinə cəlb ediliblər. Onlar barəsində həbs qəti imkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Milli.Az


Tags:  Binəqədidə yanan bina bağlı FHN-in məktubundakı rəy

RƏYLƏR


Top news