Tbilisidə "Qafqazşünas alimlərin IV beynəlxalq konqresi" keçirilir

Tbilisidə "Qafqazşünas alimlərin IV beynəlxalq konqresi" keçirilir
15:42 1 Dekabr 2016
59 Dünya
Ölkə mətbuatı
A- A+

Tbilisi. 1 dekabr. REPORT.AZ/ Gürcüstan paytaxtındakı İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində (TQU) “Qafqazşünas alimlərin IV beynəlxalq konqresi” keçirilir.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbirdə Azərbaycan, Rusiya, Gürcüstan, Dağıstan universitetlərinin, eləcə də Avropa ölkələrinin qafqazşünas alimləri iştirak edirlər.
Qafqazın tarixinə, Qafqazda əlifbanın yaranmsına və yazılı tarixi abidlərə həsr olunmuş tədbirdə Azərbaycanı Bakı Dövlət Universitetinin professoru, Alban-Udin xristian icmasının rəhbəri Robert Mobili təmsil edir.
TQU-nun rektoru Qiorqi Şarvaşidze tədbiri açaraq Qafqazda yazılı tarixi abidələrin, əlifbanın tarixinin öyrənilməsi və bu barədə məlumatların gələcək nəsillərə çatdırılmasında qafqazşünas alimlərin rolunu, eləcə də belə tədbirlərin əhəmiyyətini xüsusi qeyd edib.
Sonra universitetin professoru Çira Baramidze çıxış edərək Qafqazda əlifbaların yaranma tarixi, yazılı abidələrin və digər mədəni abidələrin qorunmasının vacibliyi barədə geniş məlumat verib.
Gürcüstan parlamentində çoxluq fraksiyasının rəhbəri Zviad Kvaçantiradze, Robert Mobili, Rusiya, Dağıstan və digər universitetlərin alimləri çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, münaqişələrin və dağıdıcı müharibələrin tarixi abidələrin məhvinə səbəb olduğunu qeyd ediblər. Bildirilib ki, Qafqazın inkişafı birbaşa əlifba və yazılı tarixi abidələrlə əlaqəlidir.
Konfransda çıxış edənlər dünyada və Qafqazda mövcud olan əlifbalar ilə qədim əlifbalar arasında paralellər aparıb, sivilizasiyaların inkişafında əlifbanın rolunu, yazılı abidələrin, yazı nümunələrinin oxşar və fərqli cəhətləri barədə ətraflı məlumat veriblər.
R.Mobili jurnalistlərə müsahibəsində deyib: “Bu konqres bizim tarixi, mədəni abidələrimizin qorunması, bərpası və gələcək nəsillərə çatdırılması baxımından çox böyük əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, 2016-cı il Azərbaycanda multikulturalizm ili elan edilib. Alban-Udin mədəniyyəti də bu multikulturalizmin bir nümunəsidir. Azərbaycanın Qəbələ rayonundakı Nic qəsəbəsində Alban kilsəsinin qalması, udinlərin öz dinlərini və mədəniyyətlərini qoruyub saxlamaları multikulturalizmin bir hissəsidir”.
Alim qeyd edib ki, Azərbaycanda alban-udin mədəniyyətinin qalması ölkəmizdə tolerantlığın bariz nümunəsidir.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin humanitar və mədəniyyət məsələləri üzrə attaşesi Samirə Ağayeva, eləcə də Rusiya, Gürcüstan və digər Avropa ölkələrinin elm xadimləri, qafqazşünas alimləri iştirak ediblər.
Konqres işini dekabrın 2-də davam etdirəcək.





Xəbərin orijinal ünvanı: https://report.az/region/tbiliside-qafqazsunas-alimlerin-iv-beynelxalq-konqresi-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR