Xoşqədəm, Rəhim və başqaları

Xoşqədəm, Rəhim və başqaları
15:47 1 Dekabr 2016
99 İdman
Ölkə mətbuatı
A- A+

Anar Şabanoğlu


İnanılmaz ailə faciələri ilə əhaliyə dərdlərini unutdurub "bu günümüzə şükür" dedirən Xoşqədəm Baxşəliyeva kimi aparıcılar bəlkə də tapşırıqların öhdəsindən layiqincə gəldiyinə  görə dövlət tərəfindən mükafatlandırıldı... Elə ilk turda AZAL-ı "Neftçi"yə uduzduran və bununla da Tərlan Əhmədovun komandasının killerinə çevrilən Rəhim Həsənov ən mərkəzi oyuna təyinatla mükafatlandırılıb bu dəfə "Qəbələ"ni də məhv etdi... "Qarabağ"ın Avropadakı uğurları Qarabağ acısını azaltmaq, az da olsa, təsəlli tapmaq üçün keyləşdirici vasitədi. Bunun mükafatı da ölkə çempionluğu olmalıdı... Amma Qurban Qurbanovun komandasının pərdəarxası oyunlara, kabinetlərdə qərar verilən çempionluğa ehtiyacı yoxdu. 


Xalqın sevimli komandasının heyəti də, oyunu da əsas rəqib "Qəbələ"dən güclüdü. "Qarabağ" uzağı bir az artıq əziyyət çəkə, çempionluq uğrunda rəqabət bir az daha maraqlı alına bilər. Amma sonda yenə ÇL-ə Qurban bəyin komandası gedər. Əminəm ki, əksər azərbaycanlının istəyi də budu "Qarabağ"ı həmişə ÇL-də və qismət olsa, qrup mərhələsində görmək. Amma  sağlam iş haqda kasad təsəvvürü olan futbol rəhbərlərimiz hesab edir ki, nağdı qoyub nisyənin dalınca getmək olmaz. Rəqabət-filan nəyə və kimə lazım? Buraxın Xaqani müəllim kimi sənətkarların öhdəsinə, vəssalam! Məmmədovun bu cür tapşırıqların öhdəsindən layiqincə gəlmək üzrə peşəkarlaşmış komandası var. Onlardan biri də Rəhim Həsənovdu. Ozobiçin qoluna kimi məramını maskalamağı bacaran hakim bundan sonra, necə deyərlər, özünü tam buraxdı. "Qəbələ"nin futbolçularına qarşı kobudluqlara göz yuman referi bununla da Roman Qriqorçukun komandasına "oyunun sonu çətin olacaq" xəbərdarlığını verdi. Hakimin pis niyyətini ən tez meydandakı futbolçular anlayır. Bu isə konsentrasiyanın pozulmasına və oyunu normal axarda davam etdirməyə mane olur. Həsənov penalti uydurur və hesab bərabərləşir. Amma "Qəbələ" futbolçuları yenə sınmır, mübarizəyə davam edir, ikinci hissənin əsas vaxtına əlavə edilmiş 4 dəqiqənin bitiminə 20 saniyə qalanda Almeyda qapıçı ilə təkbətək çıxmağa yaxın olan Ozobiçi yıxır və qırmızı vərəqə alır. 


"Qəbələ"nin hücum fəallığını söndürmək üçün bu heç də pis vasitə deyil. Necə deyərlər, ən azı heç-heçə olsun, nağd olsun. Bundan sonra gözlənilənin əksinə "Qarabağ" hücuma keçir... Həmin dəqiqələrin hər saniyəsində "Qəbələ"nin təhlükəli hücum və ya əks-hücum təşkil edəcəyi təqdirdə hakimin dərhal final fitini səsləndirəcəyinə əmin idim. Həsənovun oyundakı ilk qoldan sonra "Qarabağ"ın 12-ci oyunçusuna çevrilməsi buna şübhə yeri qoymamışdı. Amma "Qarabağ" hücumlarına davam edib 98-ci dəqiqədə qələbə qolunu vurdu. Rəhim Həsənov ruslar demişkən, "s çuvstvom vıpolnennoqo dolqa" getdi ağalarının hüzuruna.  "Qəbələ" oyunun təkrar keçirilməsi haqda protokolda etiraz bildirsə də, UEFA, Almaniya,  Rusiya və Türkiyənin ən yaxşı mütəxəssisləri hakimin qaydalara görə penalti verməli olmadığını desə də, bu qədər vaxtın nəyə görə artırıldığı qaranlıq qalsa da, final fiti qəribə şəkildə verilsə də, saymaqla bitməyən yanlışlıqlar olsa da nə Xaqani Məmmədov, nə də Ramin Musayev hakim səhvlərini etiraf etdi. Və "Qarabağ"ın bu mövsüm çempion olacağına zərrəcə şübhə qalmadı...


P.S. Oyundan sonra "Qəbələ"dən Səməd Nəsibovun hakimlərə və futbol rəhbərlərimizə xitabən hayqırdığı "Allah bəlanızı versin, haqqımı halal etmirəm" sözləri qulağımdan getmir. Nəsibov ölkəmizin gerçəklərini əks etdirən "haram olsun, nağd olsun" məsəlini unudub...


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-xoqdm-rhim-v-baqalar-t54615.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR