Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İŞİD-in yeni təhdidi: xaosu genişləndirmək planı

İŞİD-in yeni təhdidi: xaosu genişləndirmək planı

Date: 1 December 2016 15:52

Mosula hücumun sərhədləri genişləndikcə terror öz amansız simasını daha da güclü şəkildə göstərməyə başlayır. İŞİD isə sadə insanlarda qorxu yaratmaqda, onları ölümlə hədələməkdə davam edir. Milli.Az newtimes.az-a istinadən xəbər verir ki, bu terror qrupunun lideri son səs yazısında Yaxın Şərqin bəzi ölkələrinə qarşı yeni müharibəyə çağırıb. İŞİD-in başına bombalar yağdıranlar bir kənarda qalıb, o, qanlı əllərini yenə müsəlman ölkələrinə doğru yönəltməyə çalışır. Dəfələrlə təkrar olunan bu kimi təzadlı proseslər geosiyasi kontekstdə bir sıra suallar doğurur. İŞİD kimdir? O, hansı qüvvələrlə mübarizə aparır? Kimlərə xidmət edir? Bu tip suallara cavab vermək çətindir. Görünən odur ki, İŞİD müsəlman coğrafiyasında xaosu gücləndirmək, yeni-yeni qanlar tökmək niyyətindədir. Yenə də ancaq müsəlmanların qanı axıdılır. Nə zamana qədər?

Müəmmalı addımlar: ikili standartlar və terror?

Mosul əməliyyatı təzadlı məqamları ortaya çıxarır. ABŞ-ın komandanlıq etdiyi hərbi əməliyyatları aparan koalisiya qüvvələri ilə İraq ordusu terrorçulara təzyiqi getdikcə artırır. Yayılan xəbərlərə görə, artıq İraq ordusu Mosula daxil olub. Bundan sonra şəhərin terrorçular tərəfindən qoruna biləcəyinə böyük şübhələr vardır. Ancaq savaşın uzun sürmə ehtimalı da yüksəkdir. Məsələnin real məzmunu nədən ibarətdir?

Axı 60-dan çox dövlətin bir terror təşkilatının üstünə bu qədər qüvvə ilə getməsi hansı məntiqlə izah olunur? Bir sıra ekspertlər burada təzadlı məqamların mövcud olduğunu qeyd edirlər. Onların rəyinə görə, problemin mühüm bir aspekti geosiyasi faktora bağlı olduğundan, İŞİD-lə mübarizənin müddəti qeyri-müəyyəndir. Bu təşkilatı məhv etmək deyil, müəyyən dərəcədə müdafiə etməklə bir sıra dairələr öz geosiyasi məqsədlərinə çatmaq niyyətindədirlər. Bunun belə olub-olmadığı haqqında qəti fikir bildirmək çətindir. Ancaq məhz İŞİD-lə mübarizə fonunda ziddiyyətli məqamlar özünü göstərməkdədir.

Dünya KİV-i həyəcan içində İŞİD-in rəhbəri Əbu Bəkr əl-Bağdadinin son səs yazısında ifadə edilən fikirləri yayır. Guya bu adam Mosulda qələbə qazanacaqlarını, Türkiyəyə qarşı yeni fəaliyyətə başlayacaqlarını deyir. Əl-Bağdadi tərəfdarlarını "allahsızlar"ın yanında olan Türkiyəni "işğal etməyə" çağırıb. Bununla yanaşı, terrorçuların lideri Səudiyyə Ərəbistanına qarşı da aksiyalar keçirməkdən bəhs edib.

Əvvəlcə, onu xatırladaq ki, bir neçə gün əvvəl rəsmi Vaşinqton İstanbuldakı konsulluğunun əməkdaşlarına ailələrini ölkədən çıxarmalarını tövsiyə etmişdi. Səbəb olaraq da burada terror aktlarının mümkünlüyü göstərilmişdi. Bu xəbərdarlıqdan cəmi bir neçə gün sonra Əbu Bəkr əl-Bağdadinin audioyazısı yayıldı.

Məsələnin qəribəliyi ondadır ki, Qərb Türkiyəni İslami dəyərlərə çox yer verməkdə, dini cəmiyyət həyatında, hətta siyasətdə izafi qabartmaqda ittiham edir, terror təşkilatları isə tamam əksini deyirlər. O cümlədən İŞİD Suriyanın şimalında türklərin "allahsızlar"la birgə "əsl müsəmanlar"a qarşı savaşdığını deyir. Belə çıxır ki, Qərb də, İŞİD də Türkiyənin regionda rolunun artmasını istəmirlər. Bəs sözdə bir-birinə düşmən olan bu iki cəbhəni Türkiyə məsələsində birləşdirən nələrdir? Bu suala cavab vermək asan deyil. Lakin bəzi faktorlar üzərində dayanmaq olar.

Real vəziyyət belədir ki, Yaxın Şərqdə gedən savaşda Qərb istiqamətverici faktor kimi fəal iştirak edir. İŞİD-lə mübarizəyə də məhz ABŞ-ın liderliyi ilə Avropa ölkələri çağırıblar. Onlar ilk mərhələdə Türkiyəni İŞİD-i dəstəkləməkdə ittiham edirdilər. Bununla bağlı çox gərgin müzakirələr də olmuşdu. Türkiyə koalisiyaya qoşulandan sonra isə bu söhbətlər kəsildi, lakin Ankaraya qarşı PKK amilindən istifadə edilməyə başlanıldı. Nəhayət, FETÖ meydana çıxarıldı. Sonucda Türkiyə eyni zamanda 3 istiqamətdən terror təşkilatlarının hədəfinə çevrildi.

Mahiyyətcə İŞİD, PKK və FETÖ fərqli strategiyaları olan təşkilatlardır. İŞİD sünni xilafəti yaratmaq istəyir (hər halda, o, belə təqdim edilir), PKK kürd dövləti yaratmaqla məşğuldur (hər halda, o da belə təqdim edilir), FETÖ isə, ümumiyyətlə, Türkiyədə dövlətçiliyi zəiflətməkdə maraqlıdır. Ancaq bu fərqlərə baxmayaraq, sözdə bu müsəlman qrupları əsl düşməni bir kənarda qoyub, ancaq regionun böyük müsəlman ölkələrinə qarşı qanlı aksiyalar keçirir. İŞİD-in başına bombaları ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, Belçika, İtaliya, Rusiya yağdırır, lakin bu terror təşkilatı Türkiyə, Səudiyyə Ərəbistanı, İranı düşmən elan edir. Burada hansı məntiq vardır?

Böyük planların kiçik oyunçuları: atəş düşdüyü yeri yandırır

Son bəyanat da bu baxımdan çox qəribə görünür - Mosula hücum edən, Hələbi bombalayan, Suriyada İŞİD-lə mübarizə aparanların önündə Qərb koalisiyası gəlir, bu terror təşkilatı isə gah türkmənlərə hücum edir, gah da başqa müsəlman ölkələrini hədələyir. Sanki İŞİD Qərbin geosiyasi planlarını həyata keçirməyə çalışır.

Bunların fonunda "Türkiyəni işğal edin" demək, "Səudiyyə Ərəbistanına qarşı aksiyalar keçirin" çağırışında bulunmaq, əslində, "Yaxın Şərqdə xaosun coğrafiyasını genişləndirin" deməkdir. Əgər bu plan alınsa, Şimali Afrikadan tutmuş Çinin şərq sərhədlərinə qədər geniş bir ərazidə müsəlmanların yaşadığı yerlərdə böyük qarışıqlıq meydana gələ bilər. Belə təəssürat yaranır ki, İŞİD kimi terror təşkilatları və regiondakı bir sıra kölə rejimlər, məzhəb xəstələri Qərb koalisiyasının geosiyasi niyyətləri üçün çalışırlar. Böyük xaos yaransa, ondan geosiyasi dividendləri kimlər götürə biləcəklər? Əlbəttə, başda Amerika olmaqla Qərbin böyük dövlətləri. Çünki bütün proseslər onların maraqlarına uyğun istiqamətdə cərəyan edir.

Diqqət edək, Belçika PKK-nın bəzi liderlərinin məhkəməsini qurur, ancaq onları terrorçular kimi məhkum etmir. Bu ölkənin məhkəməsi qərar çıxarır ki, PKK-nın silahlı mübarizəsi terror nümunəsi kimi qiymətləndirilə bilməz! Ancaq "Cəbhət ən-Nusra"nın Suriyadakı fəaliyyəti terrorçuluqdur, siyasi mübarizə deyil! Bu, əsl ikili standartdır. Təbii ki, "Cəbhət ən-Nusra" terror təşkilatıdır, ancaq PKK-nın ondan daha uzun terror tarixçəsi vardır.

Digər tərəfdən, Almaniya FETÖ-çülərə özünün pasportunu verib, cəzadan xilas etməyə çalışır. Onların bir neçəsini himayə edərək, qətiyyətlə bildirir ki, Türkiyəyə təhvil verməyəcək. Maraqlıdır, əgər Berlində dövlət çevrilişi edənlərə Türkiyə sığınacaq versəydi, Avropa buna necə reaksiya verərdi? Şübhə etmirik ki, Ankaranı terroru dəstəkləməkdə, demokratiyanın düşmənlərinə arxa durmaqda ittiham edərdilər. Hətta uydurub, onlarla hansısa ticarət əlaqəsində olduğundan belə bəhs edərdilər.

Yuxarıda vurğulanan məqamlara eyni məntiq çərçivəsində nəzər salsaq, aydın olar ki, söhbət hansısa böyük plandan gedir. Məsələ İŞİD-lə mübarizədə deyil. Bu mübarizə adı altında Yaxın Şərqdə mövqe tutmaqdan və bunun fonunda regionun böyük dövlətlərini zəiflətməkdən ibarətdir. Əl-Bağdadinin də müraciəti məhz xristianların həmin strateji məqsədinə xidmət edir.

Bunların işığında Türkiyə Prezidentinin İslam Əməkdaşlıq Təşkilatının qadınlarla bağlı İstanbulda keçirdiyi tədbirində müsəlman dövlətlərini ayılmağa dəvət etməsi tamamilə məntiqi və aktual görünür. Yaxın Şərqi yalnız həmin regionun xalqlarının birliyi xilas edə bilər. Heç bir kənar qüvvə müsəlman cəmiyyətlərini bəlalardan qurtara bilməz və elə bir niyyətləri də yoxdur. Bu səbəbdən müsəlman dövlətlərin birgə fəaliyyət göstərməsi dövrün tələblərindəndir.

Lakin qəribədir ki, Yaxın Şərqin bir sıra böyük dövlətləri hələ də bu reallığı dərk etmirlər. Yaxud dərk edir, ancaq yenə də öz xüsusi maraqlarına uyğun hərəkət edirlər. Onlar sadə insanların deyil, geosiyasi oyun aparanların yanında dururlar. Nəticədə, bütün region xalqları zülm altına düşürlər. Bu vəziyyət nə qədər davam edə bilər? Hazırkı duruma baxsaq, onun hələ uzun sürə biləcəyini söyləmək mümkündür. Çünki birincisi, real olaraq Qərb çox güclüdür, ikincisi, müsəlmanlar birləşə bilmirlər. Bu iki fakt elə bir situasiya yaradır ki, müsəlmanların bir-birinə düşmən kəsilməsinin sonu görünmür.

Konkret olaraq İŞİD-in təhdidlərinə gəlincə, bu təşkilat hələ çox müsəlmanların qanını axıdacaq. Onun səsi Yaxın Şərqdən başqa, Qafqazda, Mərkəzi Asiyada, Çində, Afrikada, Rusiyada da eşidilə bilər. O, real təhdiddir. Ona görə yox ki, təşkilat olaraq öz daxili potensialına görə çox güclüdür. O səbəbdən ki, İŞİD-in arxasında dayanan dövlətlər hiyləgər, güclü və qəddardırlar. Onlar gizli fəaliyyət göstərir və müsəlmanlar arasında olan nadanlardan, fanatiklərdən yararlanırlar. Problemin siyasi-ideoloji və tarixi kökləri dərindir. Doğrudan da müsəlman dövlətləri çox sayıq olmalı, siyasətdə bir inqilab etməlidirlər.

Milli.Az


Tags:  İŞİD-in yeni təhdidi xaosu genişləndirmək planı

RƏYLƏR


Top news