Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanlılar gün ərzində neçə siqaret çəkir? - SORĞU

Azərbaycanlılar gün ərzində neçə siqaret çəkir? - SORĞU

Date: 1 December 2016 16:08

“ACT Azərbaycan” 29 oktyabr - 2 noyabr tarixlərində Bakı şəhərində siqaret çəkənlərlə bağlı sorğu keçirib.

Bu yaxınlarda siqaretin qiyməti 10 qəpik də artdı. Bu da siqaret istehlakçılarının aylıq xərclərinin artması deməkdir. Bugünkü sorğu nəticələrimiz siqaretin qiymətinin artmasının Bakı şəhər əhalisinin neçə faizinə təsir etdiyini göstərir.

Publika.az xəbər verir ki, sorğu nəticəsində respondentlərin beşdə birinin (21%) siqaret istifadəçisi olduğu aşkarlanıb. Onların yarıdan çoxu (61%) 10 ildən artıqdır ki, bu vərdişin aludəçisidir. Maraqlısı odur ki, son bir ildə siqaretin qiymətinin artması ilə paralel olaraq siqaret çəkənlərin sayı da artıb (5%).

Respondentlərin böyük əksəriyyəti gün ərzində siqaret qutusunun yarısından çoxunu istifadə edir. Belə ki, gündəlik 7 və daha çox siqaret çəkənlər sorğuda 82 % səs toplayıblar. 18 % respondent üçün 1-6 siqaret gündəlik normadır.

Azərbaycan cəmiyyətində qadınların siqaret çəkməsi birmənalı qarşılanmır. Buna baxmayaraq sorğu nəticəsində qadın respondentlərin 1%-i siqaret çəkdiklərini etiraf ediblər. Bunu nəzərə alaraq, respondentlərin zərif cinsin siqaret çəkməsinə münasibətləri öyrənilib. Məlum olub ki, bu pis vərdişi qadına yaraşdırmayanların böyük əksəriyyəti elə qadınların özləridir. Bu məsələdə həmcinslərini qınayan qadınlar 78%-dir. Siqaret tüstüsünü qadına yaraşdırmayan kişilər də az deyil. Belə ki, hər 10 kişidən 6-sı qadınların siqaret çəkməsinə qarşıdır (66%). Qadın və siqaret mövzusuna birmənalı yanaşmayanlar əsasən orta nəslin nümayəndələridir (45-54 yaş arası). Bu yaş kateqoriyasına daxil olan hər 10 respondentdən 8-i qadınların siqaret istifadəsinə qarşı çıxır (82%).

Siqaret tüstüsünün sehrinə düşən kişilərin faizi isə 43-ə bərabərdir. Qadınlardan fərqli olaraq kişilər həmcinslərinin siqaret çəkmələrinə normal yanaşırlar. 48% kişinin fikrincə, siqaretdən istifadə güclü cins nümayəndəsinin şəxsi seçimidir. Qadınlar bu mövzuya da kişilərdən daha həssas yanaşırlar. 57% zərif cinsin nümayəndəsi kişilərin bu vərdişə aludə olmasına qarşıdır. Kişilərin sağlam həyat sürməsinin tərəfdarları əsasən nisbətən yaşlı nəslin nümayəndələridir ( 55-64yaş aralığı). Bu yaş kateqoriyasına daxil olan respondentlərin 64 %-i kişilərin siqaretdən istifadəsinin əleyhinədir.

Sorğu 29 oktyabr - 2 noyabr tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

Dilrubə Vaqifzadə


Tags:  Azərbaycanlılar gün ərzində neçə siqaret çəkir SORĞU


RƏYLƏR


Top news