İri avtomobil istehsalçıları Avropada sürətli enerjidoldurma məntəqələri yaradacaqlar

16:35 1 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

"BMW", "Daimler", "Volkswagen" və "Ford" avtomobil istehsalçıları Avropada 350 kilovatadək gücdə enerji verə bilən birgə sürətli enerjidoldurma stansiyaları şəbəkəsinin yaradılması və inkişafı haqqında saziş imzalayıblar. Stansiyalar bu sinifdən olan həm buraxılan, həm də perspektiv maşınları enerji ilə doldurmağa imkan verəcək universal birləşdirici qurğularla təchiz ediləcək.

"ICTnews" Elektron Xəbər Xidməti "N+1" resursuna istinadən yazır ki, bu gün Avropada elektromobillər üçün 10 minə yaxın enerjidoldurma məntəqələri fəaliyyət göstərir. Onların əksər hissəsi enerjinin doldurulmasını nisbətən aşağı gücdə dəstəkləyir. Məsələn, ABŞ-ın "Tesla" şirkətinin stansiyaları enerjini 120 kilovat gücdə təmin edə bilir. Onlar elektromobilin akkumulyatorunu yarım saat ərzində 270 km məsafəni qət etmək üçün enerji ilə doldurmağa imkan verir.  

Şirkətlər sürətli enerjidoldurma stansiyalarının tikintisinə 2017-ci ildə başlamağı planlaşdırırlar. İlkin mərhələdə istehsalçılar 400 stansiya tikmək niyyətindədirlər. Burada bütün "BMW", "Daimler", "Volkswagen" və "Ford", eləcə də universal "CCS" enerjidoldurma çıxışı ilə təchiz edilən "Audi", "Porsche", "Renault", "Fiat-Chrysler", "Hyundai" və digər avtomobilləri enerji ilə doldurmaq mümkün olacaq.

Şirkətlər 2020-ci ilədək sürətli enerjidoldurma stansiyalarının sayını bir neçə minə çatdırmağı düşünürlər. Onların akkumulyatorlarının hansı sürətdə enerji dolduracağı barədə məlumat verilməsə də, şirkətlərin nümayəndələri bildiriblər ki, tədricən elektromobillər üçün enerjidoldurma məntəqələri adi benzin və ya dizel yanacaqdoldurma stansiyalarına oxşayacaq.

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-44677-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR