Suraxanı melodramı haqda

Suraxanı melodramı haqda
16:57 1 Dekabr 2016
58 İdman
Ölkə mətbuatı
A- A+

Nihat Ağasoy


“Xəzər Lənkəran”ı ölən, “Neftçi”si can üstə olan futbol ictimaiyyətinin səbirsizliklə gözlədiyi prinsipial matç umduğum qədər gərgin, dramatik alındı. Belə ab-hava üçün burnunun ucu göynəyən futbolsevərlər üçün daha doyumlu nə ola bilərdi ki... Bu başqa məsələ ki, Avroliqanın qrupunda top qovan rəqiblər sözügedn qarşılaşmaya qitəmiqyaslı turnirdəki son görüşlərində qələbə qazanaraq çıxsaydılar, bambaşqa mənzərədən həzz alardıq.


AFFA-nın şuralaşma siyasətinə boyun əyməyən iki müstəqil kollektivin (əminəm ki, adını ürək ağrısıyla çəkdiyim Lənkəran təmsilçisi də əyilməzdi) ifasında bu səviyyədə mübariə izləmək qürurlandırdı, duyğulandırdı. 


 Uzağa getməyək, Ağdam təmsilçisinin məşqçisi Elçin Rəhmanovun tribunaya göndərilməsi adrenalin fışqırtısına ən gözəl nümunəydi. Rəhmanovu silkələyən dalğanın tərəflərin digər nümayəndələrinə necə təsir etdiyini anlamaq üçün adamı tanımaq, xarakterinə bələd olmaq kifayətdi...


Cari mövsüm Qəbələdə baş tutan və meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə yekunlaşan qarşılaşmada fit çalan Rəhim Həsənovun ikinci oyuna da göndərilməsində qıcıqdoğurucu heç nə yox idi. Matç ərəfəsində nə mətbuatda, nə sosial şəbəkəlrdə fit sahibinin kimliyi söhbət mövzusu deyildi. Nə yazıq ki, kələfin ucunu itirdi və psixoloji gərginlikdən qurtulmağa təcrübəsi çatmadı. Xətalarıyla bağlı səsləndirilən məqamların bəziləriylə tam, digərləriylə qismən razıyam. Hərəsinə bir abzas sərf edib mövzudan uzaqlaşmayacam. Məsələn, penaltini verməyə bilərdi. Göz qırpımında üzə və ələ toxunan topun ədalət təmsilçisini çətin vəziyyətə salması sadə reallıqdı. Hakimin penalti axtarmasından danışmaq, sifariş yerinə yetirdiyini dilə gətirmək isə “Qəbələ” rəsmilərinin iddiasını dəstəkləməkdi. Klub nümayəndələrini qınamıram. Çempion olmaq, indiyədək dadmadıqları dadı yaşamaq istəyirlər və bu yolda bütün enerjilərini xərcləməyə, gileylənməyə, mətbuat nümayəndələrini yönləndirməyə hazırdılar. Baş məşqçi Roman Qriqorçukun mətbuat konfransında söylədiklərindən də klubdaxili xofun hansı səviyyəyə çatdığını sezmək asandı. Qorunmaq, “Qəbələ”nin öz gücünə qazana biləcəyi çempionluqdan etməyi ali hədəf seçənlər doğrudan da varsa, onlara qarşı döyüşmək mütləqdisə, “qara qüvvələr”in adlarını açıqlasınlar. Belədə həm media mənsublarının fikirləri haçalanmaz, həm də futbol ictimaiyyətinin digər nümayəndələrinin. Yəni klubun müdafiə strategiyasının özü yetərincə qaranlıqdı və lazımsız xaos yaradır. Belə nəğmələri çox dinləmişik. Köhnə, lap köhnə nəğmələrdəndi. Dsüturu isə bəllidi: bacardıqca bərk qışqır, səsin hamınınkını batıracaq, ictimaiyyət səni haqlı sayacaq.


Bəli, Xaqani Məmmədovun yetirmələri tez-tez qınaq obyektinə çevrilir. Bir müddət əvvəl “İnter” – “Neftçi” (1:2) matçında da AFFA-nın “ağ-qaralar”a qələbə qazandırdığını söyləyənlər iş başındaydı. Hə, Rəvan Həmzəzadənin biabırçı səhvi qərəzə çox oxşayırdı. Amma şərəfini yox, özünü itirdiyini vurğulamaq, eyni zamanda, gəncə dəstək olmaq ən düzgün seçim sayılardı. “Qəbələ”, “Qarabağ” kimi fit sahibləri də Azərbaycan futbolunun bir parçasıdı. “Qırmızı-qaralar” Fransa “Lill”ini mübarizədən kənarlaşdıranda necə sevinirdiksə, ağdamlılar PAOK-u Yunanıstanda yenəndə necə qürurlanırdıqsa, Əliyar Ağayevin fitinin səsi Avropa səviyyəli matçlardan gələndə də eyni hissləri keçiririk. Ən pisi odu ki, UEFA-nın inandığı Əliyara hansısa yerli klubun nümayəndəsi “killer” damğasını bircə səhvinə görə düşünmədən yapışdırar və vicdanı sızıldamaz. Cüneyt Çakırı Türkiyədə gözümçıxdıya salanlar misalı... Gülməlidi, padşahın başı haqqı gülməlidi. Şərəfini paraya satan hakimlərin erası başa çatıb. İndi təcrübəsizlərin sayı çoxdu. Azərbaycansayağı sığortalamanı belə əksəriyyəti yaxşı bacarmır. Klubların təzyiqi və öz məqsədləri naminə hamını satın almağa hazır klub rəsmilərinin təbliğatı sayəsində yerli hakimlər özünəinamı itirir, bir-birindən əlvan qələtlər sıralanır.  Hakimlərə olan ümumi münasibət dəyişilməlidi. İnanmağı hamılıqla öyrənməliyik. Ədaləti öncə öz ruhunuzun köşəsində, ardından ədalət təmsilçilərində axtarın.


"Futbol+"


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-suraxan-melodram-haqda-t54622.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR