“Əlincə” Futbol Klubu: Əsas məqsədimiz gənc futbolçu nəsli yetişdirməkdir

12:02 6 Yanvar 2015
643 İdman
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 11:59 ]

Bakı – APA. ““Əlincə” Futbol Klubunun əsas məqsədi ölkədə futbolun inkişafına töhfə vermək, uşaq futbol məktəbi şəbəkəsini genişləndirərək, uşaq və gənclərin bu idman növü ilə məşğul olmasına şərait yaratmaq, gənc futbolçu nəsli yetişdirməkdir”.

Bunu APA-ya açıqlamasında “Əlincə” Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Vüsal Hacıyev deyib.

 

V. Hacıyev bildirib ki, “Əlincə” Futbol Klubu 2010-cu il aprelin 5-də “Bağçalı Evlər” MTK-nın rəhbəri, iş adamı Hacı Məhərrəm Novruzov tərəfindən yaradılıb. Klubun adı Naxçıvanda yerləşən tarixi Əlincə qalasının adından götürülüb. Klubun akademiyası Masazır kəndi Novxanı şossesi ərazisində yerləşir.

 

Qısa müddətdir, yaranmasına rəğmən, klubun bazası genişləndirilib, AFFA-nın bayrağı altında keçirilən yarışlara lisenziya əldə edib.

 

“Əlincə” Futbol Klubunun prezidenti Hacı Məhərrəm Novruzov, “Əlincə” İdman Akademiyasının prezidenti, Elşad Kəlbəliyev, “Əlincə” İdman Akademiyasının direktoru isə Hacı Faiq Süleymanovdur.

 

V. Hacıyevin sözlərinə görə, “Əlincə” İdman Akademiyasının tərkibinə 4 kiçik yardımçı stadion, 5000 nəfərlik süni örtüklü və Masazır qəsəbəsinin “Qurtuluş 93” yaşayış kompleksində yerləşən 13 min yerlik təbii ot örtüklü stadion daxildir. Hazırda Şabran rayonunda böyük futbol məktəbi və 4 təbii ot örtüklü müasir standartlara cavab verən stadion tikilməkdədir. Eyni zamanda futbolçuların və qonaqların qalması üçün koteclər və 7 mərtəbəli otel inşa olunur. Ümumilikdə, “Əlincə” FK 2 üstüörtülü, 4 üstüaçıq süni örtüklü, 2 təbii örtüklü və bir futzal olmaqla, 9 stadiona sahibdir. Əlavə olaraq futbolçuların daimi yaşaması üçün iki mehmanxana, yeməkxana, restoran, trenajor zalı, üzgüçülük hovuzu, sauna fəaliyyət göstərir.

 

“Yarandığı ilk günlərdə 12 futbolçu ilə fəaliyyət göstərən klub tədricən futbolçu və məşqçi heyətinin artırılması ilə əlaqədar yeni stadionlar inşa edib. Həmçinin futbolçular, məşqçilər heyətinin daimi yaşaması üçün ən müasir standartlara cavab verən baza tikilib. 2011-2012, 2012-2013 və 2013-2014-cü il mövsümlərində AFFA-nın bayrağı altında keçirilən müvafiq çempionatlarda U-14, U-15, U-16 komandalarımız iştirak edib. Sevindirici haldır ki, komandamız debüt ilində çempionatda 16 komanda arasında 4-cü, 2-ci mövsümdə 16 komanda arasında 2-ci, nəhayət, 3-cü mövsümdə 16 komanda arasında 3-cü yeri tutub.

 

2011-ci ildən artıq klub tərkibində 1998-1999 və 2000-2001-ci il doğumlu futbolçulardan ibarət iki komanda yaradılıb ki, bu da qısa müddətdə klubun futbolçu və məşqçi heyətinin tərkibinin genişləndirilməsini bariz şəkildə göstərir.

 

2000-2001-ci il doğumlu futbolçular U-13, U-14 çempionatlarında iştirak edib, ardıcıl iki mövsüm çempionatın bombardiri adını “Əlincə” Futbol Klubunun üzvü 2001-ci il doğumlu Turan Vəlizadə qazanıb”, - deyə mətbuat xidmətinin rəhbəri bildirib.

 

V. Hacıyev əlavə edib ki, 2013-cü ildən klub nəzdində üç komanda yaradılıb: “2013-2014-cü il mövsümündən “Əlincə” U-11 komandası ilə da təmsil olunur. Həmçinin klubumuzun bir neçə futbolçusu milli komandalarla birgə xarici ölkələrdə keçirilən təlim-məşq toplanışlarında iştirak edib. Hazırda biz bu futbolçuların sayının artırılması üçün çalışırıq. Qısa müddətdir yaranmasına rəğmən, klubumuzun futbolçularının milli komandalara dəvət alması “Əlincə” FK-nın ən böyük uğurudur.

 

Bu siyahıda 1998-ci il doğumlu Qara Qarayev, Ramazan Məmmədli, Elçin Əliyev, Xaliq İbrahimov, Murad İslamov, 1999-cu il doğumlu Ricat Qarayev, Əli Hüseynov, 2000-ci il doğumlu Tahir Zeynalov, Turan Vəlizadə, Orxan Məstanov və Zahid Mərdanovu göstərmək olar. Onu da qeyd edək ki, komandamızın yetirməsi, öz yaş qrupu üzrə yığma komandanın kapitanı Qara Qarayev AFFA-nın bayrağı altında keçirilən turnirlərdə fərqləndiyinə görə bir çox mükafatlara layiq görülüb”.

 

V. Hacıyev bildirib ki, yaranmasından cəmi bir il sonra - 2011-ci ilin noyabr ayında 5000 nəfərlik stadion istifadəyə verilib, müxtəlif səviyyəli turnirlər və çempionatlar məhz bu stadionda keçirilib: “2011-ci ilin dekabr ayında Azərbaycan prezidenti İlham Əliyevin 50 illik yubileyinə həsr olunmuş, təşkilatçısı “Əlincə” FK olan turnir də bu stadionda baş tutub. Bu yarışda da komandamız uğurlu çıxış sərgiləyərək fəxri kuboku başı üzərinə qaldırıb. Elə həmin il qızlar arasında keçirilən çempionatın və 2013-2014 mövsümünün U-14 liqasının final oyunu - “Bakı”-“Neftçi” qarşılaşması da “Əlincə”nin stadionunda keçirilib”.

 

Klubun bir çox xarici ölkədə də təlim-məşq toplanışlarına yollandığı, müxtəlif beynəlxalq turnirlərə qatıldığını qeyd edən V. Hacıyev 2013-cü ilin yanvar ayında Sankt-Peterburqda keçirilən “Peterburq CUP” turnirində “Əlincə” FK-nın 2001-ci il doğumlu futbolçularla təmsil olunduğunu və 1-ci yeri tutduğunu, həmin il Batumidə keçirilən “Dinamo Batumi İnternational Tournament”-də 2000-ci il doğumlu futbolçularla iştirak edərək, bu turnirdə də 1-ci yeri qazandığını diqqətə çatdırıb.

 

V. Hacıyev hazırda FK-nın U-8, U-10, U-12, U-15, U-19 komandalarının fəaliyyət göstərdiyini, klubda çalışan beş məşqçidən ikisinin gürcü, digər üçünün isə azərbaycanlı olduğunu bildirib.

 

Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, hazırda “Əlincə” FK-nın tərkibində futboldan əlavə, voleybol, karate, üzgüçülük və digər idman növləri üzrə də idmançılar hazırlanır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368128

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR