Küçəyə tökülən pullar (ARAŞDIRMA)

Küçəyə tökülən pullar (ARAŞDIRMA)
12:06 6 Yanvar 2015
189 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanın neft ehtiyatları barədə təzadlı fikirlər səslənməkdədir. Bir qrup mütəxəssis belə fikirdədir ki, 15-20 ildən sonra ölkənin neft ehtiyatları bitəcək və dövlət büdcəsi ciddi problemlərlə üz-üzə qalacaq.

ANS PRESS-in məlumatına görə, bu fikri irəli sürənlər Azərbaycanın ən iri neft yatağı olan "Azəri - Çıraq - Günəşli"nin işlənməsi üzrə müqavilənin 2024-cü ildə başa çatacağına istinad edirlər. Yəni xaricilər gedəndən sonra yataqda qalan ehtiyatlar da 5-10 ilə bitəcək və Azərbaycan neft ölkələri sırasına tərk edəcək.

Digər qrup mütəxəssis isə Azərbaycanın hələ böyük neft ehtiyatlarına malik olduğunu düşünürlər. Onlar əsasən ABŞ Enerji İnformasiya İdarəsinin təxminən bir il öncə açıqladığı məlumata əsaslanırlar. Həmin məlumata görə, Xəzər hövzəsinin neft ehtiyatlarının təxminən 30 faizi Azərbaycan sektorunun payına düşür və ölkənin neft ehtiyatları 6,8 milyard barrel, yəni təxminən 1 milyard tondur. Bu hesabla indiki templərlə (orta hesabla ildə 30 milyon ton) neft çıxarılması davam edilərsə, Azərbaycanın neft sənayesinin hələ 30-35 il də iqtisadiyyatın aparıcı sektoru kimi qalacağını təsəvvür etmək olar.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bu kimi fikirlərə ehtiyatla yanaşmağı tövsiyyə edir. "1 milyard ton neft ehtiyatı dedikdə, bunun təxminən 550 milyon tonu elə "Azəri-Çıraq-Günəşli"nin payına düşür. Yəni indiyə kimi yataqdan 330 milyon ton nef çıxarılıb. 2014-cü ilə kimi təxminən 250 milyon (orta hesabla ildə 25 milyon ton) neftin çıxarılacağı da proqnozlaşdırılır. Yataqda qalacaq ehtiyat isə 300 milyon ton səviyyəsində qiymətləndirilir",- deyə neft problemləri üzrə mütəxəssis ANS PRESS-in əməkdaşı ilə söhbətində bildirib.

ABŞ Enerji İnformasiya İdarəsinin proqnozlarında Azərbaycanın quru yataqlarının təkrar işlənməsi nəticəsində əldə edilə biləcək neft də nəzərdə tutulur. Məsələ bundadır ki, dünyada ilk dəfə buruq üsulu ilə neft çıxarılan Abşeronda ilk vaxtlar yataqlarda olan ehtiyatın yalnız 10-15 faizi istismar edilib. Çünki neft yeraltı laylara qazma üsulu ilə müdaxilə yataqda kiçik uçqunlara səbəb olur və bu, laydan buruğun sorma zonasına neft axının qarşısını alır. Nəticədə, neftin yalnız kiçik hissəsi çıxarıla bilir. Sovet vaxtı plan dalınca qaçan Azərbaycan neftçiləri yataqları demək olar ki, bu cür istismar edirdilər. Hazırda Azərbaycan Dövlət Neft Şirkətinə məxsus yataqlarda ehtiyatların maksimum 20-25%-i faizi çıxarılır. Elə yataqlar var ki, ehtiyatlar 15% işlənir və "Siyəzənneft", "Şirvanneft", Muradxanlı neft yataqlarında vəziyyət belədir.

Amma neftin müasir üsullarla çıxarıldığı "Azəri-Çıraq-Günəşli" yataqlarında ehtiyatın təxminən 45-50%-i çıxarılır. Yəni yataqların müasir üsullarla istismarı daha məhsuldar işləməyə imkan verir. Həmçinin müasir üsullar yataqların təkrar istismara qaytarılmasına da şərait yaradır. Məsələyə bu cür yanaşan Azərbaycan alimləri təkcə Abşeron-Qobustan zonasında vaxtı ilə istismar edilmiş neft yataqlarının təkrar iststismarı zamanı 125 milyon ton neft hasil etməyi proqnozlaşdırırlar. "Əlbəttə, bu, yüksək göstəricidir. Çünki hazırda bizdə quru yataqlarından ildə 1 milyon ton neft götürülür. Nəzəri cəhətdən bu mümkündür. İndoneziyada qərb şirkətləri yataqlara xüsusi polimerlər vurmaqla orada qaynama yaradıb neft hasil etməyə başlayıblar. Lakin bu yataqların təkrar istismara qaytarılması çox baha başa gəlir və neftin ucuzlaşması şəraitində bu, tamamilə ümidsiz biznesə çevrilir",- deyə İlham Şaban vurğulayır.

Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi də köhnə yataqların təkrar istismar edilə biləcəyinə elə də ümid etmir. "2030-cu ilə istifadəyə verilməsi nəzərdə tutulan Qaradağ Neft Emalı Zavodunun emal gücünün 10 milyon ton olması nəzərdə tutulur. Layihənin təqdimatı mərasimində "Həmin vaxta Azərbaycanda o qədər neft hasil ediləcəkmi?" sualına Dövlət Neft Şirkətindən verilən cavabda da bu fikir vurğulandı. Bildirildi ki, zavod elə layihələndiriləcək ki, həm yüngül, həm də ağır neftlə, yəni həm yerli neftlə, həm də Qazaxıstandan idxal edilmiş neftlə işləyə bilsin. Yəni həmin dövrdən sonra biz də hamı kimi palaza bürünüb ellə sürünəcəyik və daxili bazarın neft məhsulları ilə təmini üçün xaricdən də neft idxal etməyə məcbur olacağıq", - deyə İlham Şaban vurğulayır.

İqtisadçı ekspertin fikrincə, Azərbaycan hazırda əlində olan və yaxın 20 ildə əldə edəcəyi neft gəlirlərini səmərəli şəkildə istifadə etməlidir. "Bizdə 2020-ci ilə qədər infrastruktur layihələrinin gerçəkləşdiriləcəyi bildirilir. Halbuki, biz artıq çoxdan iqtisadiyyatın neftdən kənar bölmələrinin inkişafına başlamalıydıq. Yatırılan dövlət sərmayələrinin istiqaməti düz seçilməyib. Bildirilirdi ki, 2020-ci ilə qədər inofrmasiya- kommunikasiya texnologiyaları (İKT) sektoru ÜDM-də neft sektoru səviyyəsində yer tutacaq. Aradan neçə il keçib və böyük sərmayələr yatırılıb, amma İKT-nin ÜDM-də payı cəmi 1,9 faiz təşkil edir", - deyə İlham Şaban vurğulyır.

İqtisadçı alim Vüqar Bayramov da düşünür ki, Azərbaycanın dövlət sərmayələrinin yatırılma istiqaməti düz seçilməyib. "Biz Dünya Ticarət Təşkilatına üzv seçildikdən sonra İKT sektoru Avropa şirkətləri ilə rəqabət apara bilməyəcək. Eyni zamanda, ixracat üçün hökumət aqrar sektoru prioritet sayır. Dotasiya ilə dolanan sektor necə valyuta gətirə bilər? Yalnız ərzaq təhlükəsizliyi baxımından bu sektoru inkişafı etdirmək olar. Aqrar sektoru inkişaf etdirmək və ixracat yönümlü məhsullar istehsal etmək üçün emal sənayesini inkişaf etdirmək lazımdır", - deyə Vüqar Bayramov ANS PRESS-ə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın digər ənənəvi istehsal sahəsi olan yüngül sənaye də aqrar sektorun inkişafına səbəb ola bilər. "Pambıqçılıq bizdə ənənəvi sektordur və biz də Özbəkistan kimi MDB bazarına girə bilərik. Bu, həm kəndlərdə, həm də əyalət şəhərlərində çox sayda yeni iş yeri deməkdir",- deyən iqtisadçı alimin fikrincə, Aərbaycan Özbəkistandan avtomobil sənayesinin qurulması təcrübəsini də öyrənə bilər. Keçən il təkcə Rusiyada 90 min özbək avtomobili satılıb. "Biz ildə 130 minə yaxın avtomobil idxal edirik. Həmin avtomobillərin ən azı 30 faizini ölkə daxilində istehsal edə bilərik. Bu, çox sayda iş yerləri deməkdir", - deyə Vüqar Bayramov vuruğulayır.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=25&nid=317969

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR