Azərbaycanda insan ömrünün uzadılması ilə məşğul olacaq mərkəzə ABŞ-da yaşayan ailm rəhbərlik edəcək

12:37 6 Yanvar 2015
120 Digər
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 12:32 ]


Bakı. Fərid Mirzəyev - APA. “Qocalmanın səbəbləri fiziki metodlarla molekulyar səviyyədə araşdırılacaq və tədqiqatlar aparılacaq. Burada dərman preparatları ilə aparılan tədqiqatdan söhbət getmir”.

 

Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun elmi işlər üzrə direktor üzrə müavini, akademik Cavad Abdinov Biofizika və Smart Materiallar Mərkəzinin işi ilə bağlı danışarkən deyib.  

 

C.Abdinov Biofizika və Smart Materiallar Mərkəzində işlərin iki mərhələdə aparılacağını bildirib: “Birinci mərhələdə fiziki metodlarla molekulyar səviyyədə orqanizmin qocalmasının səbəbləri araşdırılacaq və buna qarşı hansı üsulla mübarizə aparmağın yolları müəyyən olunacaq. Məsələn, bir oynağı hansı maddə ilə əvəzləmək olar ki, o elə oynaq kimi işləsin. Deyək ki, ayrı-ayrı orqanların süni şəkildə əlavə edilməsi və sair məsələlər nəzərdə tutulur. Yəni biotexnologiyadan istifadə olunacaq. Bu iş üçün 15 laboratoriyanın təşkil olunmasını planlaşdırırıq. Mərkəzin işinə ABŞ-da yaşayan azərbaycanlı elmlər doktoru nəzarət edəcək. O, on ildir ABŞ-da birgə laboratoriyamıza rəhbrəlik edir. Əlbəttə, ilk növbədə kadların hazırlanması istiqamətində də işlər gedir. Sonra iki korpusumuzun təmiri, yenidənqurulması lazımdır. Lazimi avadanlıq alınmalıdır. Bundan sonra tədqiqatların aparılmasına başlanacaq. Hazırda dünyada sümüyü süni materiallarla əvəz edir, diz qapağını dəyişirlər. Biz də bu prosesə qoşulmaq istəyirik”.

 

Akademik Biofizika və Smart Materiallar Mərkəzinin fəaliyyətə başlamasının Nazirlər Kabinetinin müvafiq qərarından asılı olduğunu da əlavə edib: “Mərkəzin fəaliyyətə başlaması birbaşa Nazirlər Kabinetinin qərarından asılıdır. Nazirlər Kabineti bu işə maliyyə ayırmalıdır. Dediyim kimi, iki korpusumuz var ki, onların təmirə ehtiyacı var. Daha sonra tədqiqat işlərinə başlamaq üçün cihazlar alınmalıdır. Maliyyə nə vaxt ayrılsa, biz də o zaman işə başlayacağıq”.

 

Qeyd edək ki, AMEA Fizika İnstitutunun nəzdində Biofizika və Smart Materiallar Mərkəzinin yaradılması haqqında AMEA Rəyasət Heyəti ötən il qərar qəbul edib. Biofizika və Smart Materiallar Mərkəzinin əsas fəaliyyət istiqamətini qocalma problemlərinin molekulyar səviyyədə tədqiq olması ilə əlaqədar insan ömrünün uzadılması üçün süni orqan və toxumaların yaradılması və regenerativ tibbi preparatların əldə edilməsi təşkil edəcək. Mərkəzin iki mərhələli fəaliyyət planına əsasən yaradılması nəzərdə tutulur. Birinci mərhələnin müddəti 2 il, ikinci mərhələnin müddəti isə 3 il nəzərdə tutulub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368135

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR