İslam əleyhdarlarına almanlar sərt cavab verdilər - FOTO

İslam əleyhdarlarına almanlar sərt cavab verdilər - FOTO
13:52 6 Yanvar 2015
161 Dünya
Ölkə mətbuatı
A- A+

Avropanın sürətlə islamlaşdığını vurğulayan təşkilat və bu qurumun opponentləri Almaniyanın müxtəlif şəhərlərində çoxminlik mitinqlərlə yürüşlər keçiriblər.
 
İslamlaşmaya qarşı çıxanların Drezden şəhərindəki aksiyasına 18 min nəfər qatılmışdı. Onların əleyhdarlarının yürüşündə isə 3 min nəfər vardı.
Milli.Az Bild-ə istinadən bildirir ki, Berlin, Köln, Ştutqart şəhərlərində də çoxminlik aksiyalar olub.
 
"Qərbin islamlaşmasına qarşı vətənpərvər avropalılar" (PEGİDA) təşkilatı Drezdendə hər həftə islamlaşmaya qarşı aksiyalar keçirir.
Onların şüarlarında "Mədəniyyətimizi qorumaq istəyirik!", "Dini fanatizmə qarşı!", "Alman torpaqlarında dini savaşlara qarşı!" yazılıb.
Ştutqart, Münster və Hamburq şəhərlərində PEGİDA-ya qarşı aksiyalara təqribən 22 min nəfər çıxıb.
 
Köln şəhərinin hakimiyyət dairələri PEGİDA-nın mövqelərini qətiyyətlə pisləyib. Şəhərin əsas kilsəsinin, habelə kilsənin yanındakı meydanların və mərkəzi küçələrin işıqları PEGİDA-nın aksiyası zamanı söndürülmüşdü.
 
Kölnün mərkəzi kilsəsinin baş keşişi Norbert Feldhof deyib: "Kilsənin işıqlarının söndürülməsi etiraz aksiyası deyil. Lakin ifrat mühafizəkar mövqeli xristianların nələr etdiklərini onların nəzərlərinə çatdırmaq istəyirik. "İslamlaşmaya qarşı" şüarlarla kütlələri ələ almağa çalışmaq ekstremizmdir".
Kölndə İslama qarşı aksiyaya yüzlərlə alman qatıldığı halda, bu aksiyanın əleyhdarlarının yürüşündə minlərlə almaniyalı vardı.
 
Köln şəhərinin merinin dediyinə görə, PEGİDA-nın marşının əleyhdarları "heç bir səbəbi olmayan ksenofobiyaya qarşı çıxıblar".
Berlində 5 min nəfər PEGİDA-nın 300 tərəfdarını mühasirəyə alaraq onların meriya binasından Brandenburq darvazasına tərəf yürüşlərinin qarşısını almışdılar. Şəhər meriyası Brandenburq darvazasının işıqlarını da söndürmüşdü.
 
Drezden şəhərində Volkswagen avtomobil konserninin əsas ofis binasının işıqları da söndürülmüşdü. Konsern "açıq, azad və demokratik cəmiyyət ideyalarını dəstəklədiyini" bəyan edib.
 
Stern jurnalının keçirdiyi sorğunun nəticələrinə görə, Almaniyanın hər 8 sakinindən biri "PEGİDA-nın aksiyası yaxınlıqda keçirilərsə, ona qatılaram" deyib.
 
Son vaxtlar Almaniyada sürətlə populyarlaşan PEGİDA hərəkatı ifrat sağçı qruplar və partiyalardan kənar olduğunu deyir.
Hərəkatın Faceboook-dakı səhifəsində yazılıb: "Biz dini mənsubiyyətindən asılı olmayaraq nifrət apologetlərinə, hər hansı siyasi və dini motivlərə əsaslanmasından asılı olmayaraq istənilən radikalizmə qarşı çıxırıq".
 
Milli.Az 

Böyütmək üçün şəkillərə klikləyin.



Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317482.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR