Ötən ay nikaha girmək istəyən 3 nəfərdə QİÇS aşkarlanıb

Ötən ay nikaha girmək istəyən 3 nəfərdə QİÇS aşkarlanıb
15:09 9 Fevral 2017
55 Digər
Ölkə mətbuatı
A- A+

“Yanvar ayı ərzində ümumilikdə nikaha daxil olmaq istəyən 10 min 215 nəfər şəxsin icbari tibbi müayinəsi həyata keçirilib”.

 

Bunu  B .Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva Lent.az-a açıqlamasında deyib. 

 

Z.Əlimirzəyeva bildirib ki, ötən ay ərzində Azərbaycanda  nikaha daxil olmaq istəyən 318  nəfərdə talassemiya daşıyıcısı aşkarlanıb. Cəmi  2 cütlüyün hər ikisində bu qan xəstəliyi aşkar edilib.

 

Qurum rəsmisi əlavə edib ki, ötən ay  3 nəfərdə QİÇS, 51 nəfərdə isə sifilis xəstəliyi aşkarlanıb. Bu barədə müvafiq mərkəzlərə həmin cütlüklərlə bağlı geniş məlumat verilib. 

 

Z.Əlimirzəyeva qeyd edib ki, 1 iyun 2015-ci il tarixindən bu günə qədər ümumilikdə 238 min 509 nəfər nikahdan əvvəl tibbi müayinədən keçib: “ Onlardan 10 min 501 nəfərin talassemiya daşıyıcısı olması məlum olub. 935 nəfərdə sifilis, 166 nəfərdə isə QİÇS aşkarlanıb. Ümumilikdə 92 cütlüyün hər ikisində talassemiya xəstəliyi aşkar edilib”.

 

Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267190

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR