Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında daha bir görüş olub

Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında daha bir görüş olub
16:57 9 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 9 fevral. REPORT.AZ/ İranın Biləsuvar şəhərində Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında daha bir görüş olub. Bu barədə “Report”a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.
Məlumata görə, görüş DGK və İranın Mərkəzi Gömrük İdarəsi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən baş tutub. İran Gömrük Xidmətini Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Əmir Həbibvənd, Biləsuvar Gömrük İdarəsinin rəisi Əlirza Əsədzadə və digər məsul şəxslər təmsil edib. Azərbaycan tərəfdən isə görüşdə DGK-nın Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev, Komitənin Xarici Əlaqələr İdarəsinin rəisi Dilavər Fərzəliyev, Biləsuvar Gömrük İdarəsinin rəisi Elçin Quliyev və digər rəsmi şəxslər iştirak edib.
Görüşdə Azərbaycan və İran arasında mövcud əlaqələrə toxunulub, eyni zamanda iki ölkənin gömrük xidmətləri arasında mütəmadi görüşlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb. İkitərəfli danışıqlar nəticəsində qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsinə və həll edilməsinə əlverişli şərait yarandığı bildirilib.
Sonra Azərbaycan və İran gömrük xidmətləri arasında qarşılıqlı məlumat mübadiləsi məsələləri müzakirə edilib, həmçinin Azərbaycan və İran gömrük-keçid məntəqələri arasında cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüş başa çatdıqdan sonra isə nümayəndə heyətləri gömrük-sərhəd keçid məntəqəsində mövcud vəziyyətlə tanış olub, gömrük rejimi zonasında iş prosesini yaxından izləyiblər.
Xatırladaq ki, fevralın 7-də İranın Astara şəhərində də Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında görüş keçirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycan-ve-i-ran-gomruk-xidmetlerinin-numayendeleri-arasinda-daha-bir-gorus-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR