Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub

Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub
19:47 9 Fevral 2017
97 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 9 fevral. REPORT. AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub. 
"Report"un məlumatına görə, son oyun günündə "Sumqayıt" "Kəpəz"i, “İnter” isə “Neftçi”ni qəbul edib.
Sumqayıtda baş tutan matç meydan sahiblərinin 3:1 hesablı inamlı qələbəsi ilə yekunlaşıb. Görüşdə ilk qolu 7-ci dəqiqədə meydan sahiblərinin yeni transferi Sergey Çernişev vurub. Növbəti dəqiq zərbə isə 28-ci dəqiqədə Azər Salahlıdan gəlib.
Fasilədən sonra da hücumlarını davam etdirən meydan sahibləri 61-ci dəqiqədə Məhəmməd Qurbanovun qolu ilə üstünlüyü 3 topa çatdırıblar. Bundan 10 dəqiqə sonra isə Kərim Diniyev buraxılan qollardan birinin əvəzini çıxıb.
Beləliklə, "Sumqayıt" 3:1 hesablı qələbə sayəsində "Zirə"ni keçərək, 4-cü pilləyə yüksəlib. Amma hər iki komandanın aktivində 21 xal var. "Kəpəz" isə 15 xalla 6-cı pillədə qalıb.
Turun son matçı “İnter Arena”da oynanılıb. Görüşə hücumlarla başlayan “Neftçi” erkən qollarla sevinib. 13-cü dəqiqədə yeni transfer Daniel Seqoviya, 4 dəqiqə sonra isə Namiq Ələsgərov “İnter”i məyus edib. Meydan sahibləri 35-ci dəqiqədə Rauf Əliyevin qolu ilə fərqi azaltsalar da, “ağ-qaralar” fasilədən sonra da fərqləniblər. Komandaya qış fasiləsində qoşulan İqnasio Herrera adını tabloya yazdırıb və yekun nəticəni müəyyənləşdirib.
Bu qələbədən sonra “Neftçi” xalını 13-ə yüksəltsə də, görüşün nəticəsi komandaların turnir cədvəlindəki mövqelərinə təsir etməyib. “İnter” 3-cü, “Neftçi” isə 7-ci pillədə qalıb.
Azərbaycan Premyer Liqası, XVII tur
9 fevral (cümə axşamı)
“Sumqayıt” – “Kəpəz” 3:1
Qollar: Sergey Çernışev, 7. Azər Salahlı, 28. Məhəmməd Qurbanov, 61 - Kərim Diniyev, 71
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cavanşir Yusifov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Əhmədağa Cabbarov
"Kapital Bank Arena"
İlk 2 dövrədəki oyunlar: 1:1, 0:0
“İnter” – “Neftçi” 3:1
Qollar: Rauf Əliyev, 35 - Daniel Seqoviya, 13; Namiq Ələsgərov, 17; İqnasio Herrera, 58
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Vüsal Əliyev
“İnter Arena”
İlk 2 dövrədəki oyunlar: 2:1, 1:2

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-premyer-liqasinda-xvii-tura-yekun-vurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR