Şöbə müdiri: "Əmzikdən istifadə uşağın çənə və dişlərində problemlərə səbəb olur"

Şöbə müdiri: "Əmzikdən istifadə uşağın çənə və dişlərində problemlərə səbəb olur"
12:57 10 Fevral 2017
165 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 fevral. REPORT.AZ/ “Bəzən valideynlər uşağı sakitləşdirmək üçün əmzikdən (soskadan) və şirniyyatdan istifadə edirlər. Yaxud da uşaqlara lazım oldu-olmadı kalsi-preparatlar verilir. Bunların da çox verilməsi uşaqların ağız boşluğunda müəyyən fəsadlar yaradır”.
“Report”un məlumatına görə, bu sözləri Respublika Uşaq Stomatoloji Mərkəzinin Ortodontiya şöbəsinin müdiri Bürhan Əliyev deyib.
Onun sözlərinə görə, qanda kalsiumun miqdarı bilinəndən sonra yalnız vitaminlər verilməlidir: “Soskadan imkan daxilində istifadə edilməməlidir. Çünki bu, çənə sistemində və dişlərdə problemlərin əmələ gəlməsinə səbəb olur. Valideynlər bu problemlərdən xəbərsiz olduğundan uşaqlarda problem artır. Xəstəliyin müalicəsi müayinə və ilkin diaqnozdan başlanır. Ağız boşluğunda olan eybəcərliklər vaxtında aşkar olunarsa, onları tez aradan qaldırmaq olar”.
Şöbə müdiri qeyd edib ki, ağız boşluğundakı anomaliyaların irsi keçmə üsulları da var: “Amma onların vaxtında qarşısını almaq olar. Vaxtında qarşısı alınmadıqda sonradan cərrahi müdaxilələrə ehtiyac yaranır. Uşaqlarda çənə quruluşundakı problemləri 12 yaşa kimi aradan qaldırmaq olur. Yuxarı yaşlarda isə müalicə uzunmüddətli olur”.

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/sobe-mudiri-emzikden-istifade-usagin-cene-ve-dislerinde-problemlere-sebeb-olur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR