“Bir manat dilənib, içir, guya dahidir... Sənin dahiliyin təpənə dəysin!” – TANINMIŞ ŞAİR ADLAR ÇƏKDİ

“Bir manat dilənib, içir, guya dahidir... Sənin dahiliyin təpənə dəysin!” – TANINMIŞ ŞAİR ADLAR ÇƏKDİ
14:19 10 Fevral 2017
237 Digər
Ölkə mətbuatı
A- A+

 

Əməkdaşımız Kəramət Böyükçölün növbəti müsahibi atasıdır. Şair Qəşəm Nəcəfzadə oğlu ilə söhbətində ədəbiyyat, ailə, həyat və başqa məsələlərlə bağlı ən sərt sualları cavablandırıb.

 

Lent.az Qəşəm Nəcəfzadə ilə müsahibəni təqdim edir.

 

– Ata, tez-tez mənə deyirsən ki, sən həyatı bilmirsən, mən bilirəm. Bunu təkcə yaş təcrübənə əsaslanıb deyirsən?

 

– Mən çox şeylər görmüşəm. Həyatın dialektikasını, inkişaf tempini bilirəm. Hər hansı bir hadisə sonra necə olacaq, bu hadisə insanı hara aparıb çıxaracaq, sonunu təxmin edirəm. Ən çox yaş təcrübəsi ilə bağlıdır bu. Həm də düşüncələrim, oxuduqlarım, gördüklərim rol oynayır. Hər hansı hadisəni götürürəm, sonra alternativ fikirlərimi qoyuram və seçim edirəm ki, hansı iş necə nəticələnə bilər. Və təbii ki, faktlarım var. Tutalım, görürəm ki, on faktın yeddisi işıq gələn tərəfdir, üçü it hürən tərəf. Bundan sonra hesablayıram ki, bu yeddi fakt deyən doğru olacaq.

 

Həmişə ilkin təəssüratım məni aldatmayıb. Səninlə dost, yaxud tanış olanda fikirləşirəm ki, bu adamın məndə ilk təəssüratı necə idi? Və o təəssüratı yadıma salıram, yaxşı olubsa, yaxşı, pis olubsa, pis çıxıb. Ona görə də həmişə insanlarla münasibətdə ilk təəssüratı xatırlayıram.

 

– Cəmiyyətdə baş verən ictimai-siyasi hadisələrlə mənəvi dünyam arasında hasar çəkə bilmirəm deyə hər şey anındaca mənə təsir eləyir, incidir. O ağrını canımdan çıxarmaq üçün müxtəlif variantlar düşünürəm, yollar fikirləşirəm. Bəs səndə necədir? Özünü bu cəmiyyətdə necə hiss edirsən? Proseslər sənə təsir eləmir?

 

– Söhbət qələm adamından gedirsə, mən deyənə qulaq as. Bütün hallarda xilas yolu yaradıcılıqdır. Yaradıcılıq yazıçını xilas edir, intihardan qurtarır. Mən də sənin dediyin məsələləri cəmiyyətdə tez-tez görürəm və onu əsərlərimdə ifadə edirəm. Bəzi adamlar kimi parça-parça statuslarımda yox, bəzi adamlar kimi hirslənməyimdə, əsəbiləşməyimdə yox, səbirlə, təmkinlə o problemləri bədii əsərlərimin içərisində əridirəm gedir. Və yazının da ən başlıca meyarı bədiilikdir. Bədii fakt tarixi faktdan üstündür. Bədii fakt həqiqətləri adama daha yaxşı başa salır. Bədii həqiqət daha çox yaşayır, daha uzun ömürlüdür. Ona görə də mən daim yaradıcılıqla məşğul oluram ki, ağrı-acılarımı, əzablarımı unudum, özümü ovundurum.

 

– Elələri də var ki, ovunmağın yolunu içkidə görür. İçki yoldurmu?

 

– İçki xilas yolu deyil. İçki sənə nə verir? İçkidən adama nə qalır? Ancaq əsəb və xoşagəlməyən hərəkətlər. Sənə bir şey deyim, bunu qulağına sırğa elə. İçki ilə paralel gedən heç bir şeyin uğurlu nəticəsi olmur. İçkili sevibsənsə, içkili də ayrılacaqsan. İçki qoymayacaq ki, sən nəyinsə mahiyyətini dərk eləyəsən, içki qoymayacaq ki, sən həyatı qanasan. İçki ilə paralel gedən sevgi də, oxumaq da, yazmaq da insanı məhvə aparır.

 

Mən içməyin tam əleyhinə deyiləm. İçmək də olar, amma qaydasında. Əgər bir adam dostları ilə oturur, onların sağlığına içir, gəlib evdə ata-anasının qanını qaraldırsa, həyat yoldaşını incidirsə, özünü apara bilmirsə, daha nə oldu? Dostlarının sağlığına iç, gəl doğmalarını incit. Belə içmək olar? Belə adamdan nə yazıçı olar, nə də insan. İçib yekə-yekə danışan o qədər adamlar görmüşəm. Mən dahiyəm, mən böyük yazıçıyam və s.

 

Allah rəhmət eləsin, Mehdi Bəyazid vardı. Həmişə onu tərifləyirdilər. Xüsusən, Şərif Ağayar deyirdi ki, Mehdi dahidir. Bəzən insanlar istedadlı görünmək üçün içirlər. Guya içmək onun istedadının pipiyidir, naxışıdır. Guya adam içirsə, bu, onun istedadıdır, cəmiyyətə, həyata etirazıdır. Hamısı boş, cəfəng şeylərdir. Mən hələ Mehdi Bəyazidin bir yazısını görmədim. Səhərdən axşama kimi kafedə otururdu, içirdi. O içkilərdən Mehdiyə nə qaldı?

 

– Allah rəhmət eləsin...

 

– Mən Mehdinin əleyhinə danışmıram, onu misal gətirirəm. Yaxud tez-tez deyirdilər ki, Lətif Mustafalı dahidir. Bu dahidən bir əsər qalmalıdır, ya yox? Hanı o əsər? Lətiflə dost olmuşam. Soruşurdum ki, sənin dərdin-azarın nədir? Elə deyirdi ki, ey türk, ey türk... Türkün türkdən başqa dostu yoxdur, tanrı türkü qorusun və s. İndi guya Türkiyədə mühacirətdədir. Kimin nəyinə lazımdır Lətif Mustafa? Kimdir Lətifə baş qoşan? Hara getdi, haradan gəldi, heç kəsin marağında olmayan bir adamdır.

 

İçki insanı qara magiyaya sürükləyir, əsəbilərin, psixologiyasını pozur. Mən həmişə içən adamları çöldə görmüşəm. Mən istedadlıyam deyib içməklə, bağırmaqla deyil. Gözüm aydın istedadlısan. İstedadlısan deyə içib mənim başımı yarmalısan? Heç sənin yaradıcılığın, romanların, hekayələrin də mənə lazım deyil. Sən roman yazmasan mən yaşaya bilmirəm? Səni oxuduğuma, gedib dünya ədəbiyyatını oxuyaram.

 

– Konkret məni nəzərdə tutursan, yoxsa?

 

– Söhbət təkcə səndən getmir. Ümumiyyətlə içən və özünü içkiyə təslim edən qələm adamlarını deyirəm. Şairdir, 40, 50 yaşı var, bir də görürsən ki, ondan-bundan bir manat istəyir, üst-üstə qoyub, içir. Guya bu adam dahidir. Sənin dahiliyin təpənə dəysin. Sənin dahiliyin mənim nəyimə lazımdır? Ondansa gedib rus, ispan, fransız ədəbiyyatını oxuyaram. Azərbaycanda qələm adamları iki qrupa bölünür. İçməyib vəzifə başında olanlar, bir də içib küçədə qalanlar.

 

– İçməyib vəzifə başında olanlar yaxşı şairdir, yoxsa içib küçədə qalanlar?

 

– O demək deyil ki, kim vəzifədədirsə, yaxşı yaza bilmir. Məsələn, Mövlud Süleymanlı mənim ən çox sevdiyim yazıçıdır. Ömür boyu vəzifədə olub. Mövluda pis yazıçı demək olarmı? Şair var, bütün günü sevgidən yazır, amma sevgilisinə xərcləməyə bir manatı yoxdur. Bilirəm ki, o şair yazıq qıza ancaq zülm verəcək. Bütün günü içib gəlib qıza deyəcək ki, mən dahiyəm, mən böyük yazıçı olacağam. Sən heç zibil də olmayacaqsan!

 

Ümumiyyətlə, ədəbiyyat çox çətin bir prosesdir və müasir dövrdə heç kimin ədəbiyyatda qalacağına inanmıram. Bu gün İsa İsmayılzadə, Ələkbər, deyək ki, Camal Yusifzadə kimi şairlərimiz oxunmursa, əsərləri çap olunmursa, səninkini kim çap edəcək, kim oxuyacaq? Ona görə də mənim ədəbiyyata ümidim yoxdur. Ən yaxşısı budur ki, evinə-eşiyinə, övladlarına, qonum-qonşuna ləyaqətli, etibarlı, sədaqətli dost olasan, kiminsə hayına çatan, kömək eləyən, bir işin qulpundan yapışan sirdaş olasan, xeyirxah bir insan olasan.

 

– Bayaq məndən soruşursan ki, içməyib vəzifə başında olan şair yaxşıdır, yoxsa içib küçədə qalan? Yaxud, deyirsən ki, içib sevgidən yazacaqsan və o qıza xərcləməyə bir manatın olmayacaqsa Allah sənin əsərini kəssin. Məncə, sən şair, qələm adamı kimi yox, cəmiyyətin insanlara təlqin elədiyi amansız qaydaları əsas gətirib danışırsan. Niyə hər şeyi aşağıda şərh eləyirsən? Sənin bayaqdan mənə dediklərini anam da hər gün danışır, əmim də, dayım da...

 

– Yox, mən sözümü bir az fərqli deyirəm. Həm də söhbət içməkdən yox, içib sərxoş olmaqdan, özünü apara bilməməkdən gedir. O ki qaldı vəzifədə olan qələm adamlarına, vallah, onlar sizdən də çox içirlər, özlərini də necə lazımdı aparırlar.

 

– Ona görə ki, bahalı araq içirlər, bizim kimi beş manatlıq içki içmirlər. Həm də onlar Bakıdan çox-çox kənarda, heç kimin görmədiyi qapalı yerlərdə vururlar.

 

– Araq yox, beyin bahalı olmalıdır. Sən balaca olanda mən dostlarımdan tez ayrılırdım ki, Kəramət yatmamış gedim onu oynadım. Bu hissin özü məndə güclü olub. Və söhbət də bu hissdən gedir. Bütün dostlarım bilir ki, axşam saat 8-də Qəşəm evində olur. İçən şairlər, yazıçılar ədəbiyyatı, başqa şair və yazıçıları da hörmətdən salır, gözdən salır, bunu demək istəyirəm. Onların əməllərinə görə digər qələm adamlarına da diqqət göstərən, axıb-baxan yoxdur.

 

– Maraqlıdır, kimin yanında hörmətdən salırlar?

 

– Məsələn, araq içib, gözəl ofisiant qıza adını nisyə dəftərinə yazdırmaqla hörmətdən düşürlər. Mənim on manatım olsa, ona nə qədər araq edir, o qədər içərəm. Daha nisyə yazdırmaram. Yaxud, pulum yoxdur, içmərəm. Ümumiyyətlə, mən niyə içməliyəm, məni nə məcbur edir? O səbəb nədir?

 

– Ata, səncə, bu cəmiyyətin ziyalısı necə olmalıdır, onun əsas missiyası nədir?

 

– Ziyalının missiyası birinci növbədə elm və savaddır.

 

– Hər halda savadlıdır ki, ziyalı olub. Bundan sonra necə olmalıdır?

 

– Yenə də əsas elm və savaddır. Siz elə bilirsiniz ki, biri elmlidir və hakimiyyət tərəfindən qəbul edilmirsə, vəssalam, məsələ qurtardı? Elə deyil. Bu adamlar niyə hər şeyin çıxış yolunu hakimiyyətdə görürlər? Deyirlər ki, bizi görürsən gör, görmürsən də gedib içəcəyik.

 

Elmin əxlaqı heç vaxt uduzmayıb, bütün zamanlarda qalib gəlib. Kim nə bilirdi ki, orta əsr dövründə şah elm adamları ilə yaxşı yola gedirdi, yoxsa yola getmirdi? Amma elmi qalıbmı?

 

– Daha konkret danışaq. Səncə, bu günün ziyalısı siyasətə qarışmalıdırmı?

 

– Cəmiyyətdə baş verən hadisələrdən, haqsızlıqlardan asılı olmayaraq, insan bir işıq kimi öz əxlaqını qoruyub-saxlayırsa o əsl ziyalıdır. Nəyisə qışqıra-qışqıra demək ziyalının işi deyil.

 

– Maraqlıdır, hal-hazırda səni yaşadan, həyata bağlayan hansı tellərdir?

 

– Sənə olan ümid. Sən də o ümidləri sındırırsansa, daha heç bir arzum yoxdur. Mən öz xoşbəxtliyimi ən adi şeylərdə tapıram. Böyük iddialarım, böyük arzularım yoxdur. Evə vaxtında gəlməyimlə, evimin işıqlarının yanmağı ilə rahatlıq tapıram. Sən, sənin övladların, ümumən nəvələrim məni yaşadır. Ən gözəl əsərlərim övladlarım, nəvələrimdir. Başqa əsərlər də yazaram, çap elətdirərəm, oxuyarlar, uğur qazanaram, lap yaxşı, qazanmaram da, burda elə bir faciə görmürəm, burada ağlayıb-sızlamalı, özünü öldürməli bir şey yoxdur.

 

– Mənə nə ümidin var ki? Məndən nə gözləyirsən?

 

– Mənim etmədiklərimi sən etməlisən, səndən bunu gözləyirəm. Bacara bilmədiklərimi gözləyirəm ki, sən bacarasan.

 

– Sən nəyi bacarmayıbsan ki, onu məndən gözləyirsən?

 

– Sən yaxşı əsər yazmalısan. Son vaxtlar yazmırsan. Biri var romançılıq, bədii əsər, biri də var ki, insanı kövrəldən şeylər, maraqlı epitetlər və s. Qızımın əlləri göyərçin ayaqlarını oxşayır, Sərçənin gözləri yağış damcısına oxşayırdı kimi cümlələrinlə özünü yazıçı kimi göstərmək istəyirsən. Bunlar hələ yazıçılıq deyil. Roman yaz, obrazlar silsiləsi yarat, cəmiyyətlə problemlərini, narazılıqlarını orda yaz-yarat. Roman meşəsinə girmirsən, təfəkkür dərinliklərinə gedə bilmirsən. Adamı saf, təmiz, şəffaf, büllur təsvir eləmək hələ ədəbiyyat deyil. Bundan sonra nələr gələcək, ədəbiyyat odur, bunu yazmaq lazımdır. Kənd həyatı, kənd yolu, kənd düşüncəsi, kənd psixologiyası, qoyunçuluq, çoban... Bunların hamısı yazılıb keçilmiş etaplardır. Roman artıq bunları istəmir.

İkincisi, sənin yazılarında, publisistikanda da əsas mövzu ata obrazıdır. Sən məndən yazmaqla məşhurlaşıbsan. Mən olmasaydım, nədən yazacaqdın? Mənə qarşı olmağın, məni tənqid etməyin, şübhəsiz ki, xoşuma gəlir. Və sənə bu imkanı mən vermişəm. Amma bəzən mənə böhtan atırsan.

 

– Nə böhtanı?

 

– Bilirəm, qəsdən eləmirsən. Məni sadəcə, obraz kimi götürürsən və o obrazda ayrı həqiqətləri deyirsən. Camaat isə birbaşa məni başa düşür.

 

– Bu gün elə şeirlər yazırsan, adam fikirləşir ki, bunu 23-24 yaşlı gənc bir oğlan yazmalıdır, artıq müdriklik yaşına yaxınlaşan bir şair yox. Məsələn, “Sənə qış paltarı alıram” şeirin.

 

– Mən özümü buna görə danlamaqla məşğulam. Düz deyirsən, mən belə olmalı deyiləm. Mənim öz yaşımın, başımın şeirləri başqadır, onları yazmalıyam.

 

– Bəs niyə öz yaşının şeirlərini yazmırsan?

 

– Yazdıqlarım da var. Sənin xəbərin yoxdur. “Azərbaycan” jurnalında şeirlərim getdi. Tap oxu. O şeirləri heç kim çap etməzdi, İntiqam Qasımzadə verdi. Bir şeyi də deyim. Şübhəsiz ki, mən də ədəbiyyatda nədəsə geri qalıram. Bunun səbəbləri var. Buna görə içimdə çırpınıram, döyünürəm, özümə əziyyət verirəm. Yazıram, alınmır. Elə mövzular var ki, onu yazmağa gücüm çatmır.

 

– İki dəfə Milli Məclisə namizədliyi veribsən. Doğrudan səmimi qəlbdən inanırdın ki, deputat seçiləcəksən?

 

–Heç bir yerdə elə bir şey yoxdur ki, sən özbaşına namizədliyi verəsən, deputat seçiləsən.

 

– Seçilməyəcəyini bilirdinsə, niyə namizədliyi verirdin?

 

– Mübarizə aparmağı sevirəm.

 

– Feysbukda görürəm, təsadüfi adamların haqqında yazırsan ki, filankəs gözəl şairdir. Bu gözəl sözünü niyə sağa-sola səpirsən? Dilin bu ifadəyə vərdiş edib? Yoxsa doğrudan da, bu adamların hamısı gözəl şairdir?

 

– Ümumilikdə gözəl epiteti mənim xoşuma gələn şey deyil. Gözəl sözünün dadı gedib. Amma bu o demək deyil ki, kiməsə gözəl şair deməyimlə dünyanın qanunlarını pozuram, kiminsə bədbəxtliyinə səbəb oluram. Bir adam sənin adi bir sözünlə xoşbəxt olursa bunun nəyi pisdir ki?

 

– Təsadüfi adamlara ön söz yazmağın da kiminsə xoşbəxtliyi üçündür?

 

– Mən kimə ön söz yazıramsa, onun yaxşı şeirlərini seçib, onların haqqında danışıram. Sənə də ön söz yazsam, mənasız yazılarını deyil, yaxşılarını seçib, onun haqqında fikir bildirəcəm.

 

– Ata, şeirlərini yığıb, saf-çürük edib yaxşı bir kitab çıxara bilməzsən?

 

– Bunu eləmək mənim yox, sənin borcundur. Şeirlərimi öz zövqünlə yığ, bir dənə də yaxşı ön söz yaz, çap elətdir. Adını da belə qoy: atamın şeir kitabı. Xançalının qaşı düşəcək? Niyə eləmirsən? Lap xoşuna gəlməyən şeirlərimi də cır at, yandır-tök.

 

– Hələ rayonda yaşadığımız vaxtlarda sənin bir hekayələr kitabın çıxmışdı. Sonrakı illərdə yazdığın tərəkəmə hekayələri isə göstərdi ki, səndə çox ciddi nəsr potensialı var. Bəs nə əcəb nəsr yolunu tutmamısan?

 

– Görünür, vaxt lazım imiş ki, belə bir nəticəyə gələm, nəsr yazam. Tərəkəmə hekayələrim müəyyən mənada xatirələrlə bağlıdır. Bəlkə mən gənc olanda bu xatirələr beynimdə hələ bişməyibmiş. Paralel olaraq böyüklər üçün şeirlər, uşaq şeirləri, hekayələr, esselər yazıram. Ən çox esse yazmağı sevirəm. Çünki Azərbaycanda az-çox namusu tapdanmamış janr varsa o da essedir. Qalan bütün janrları ayaqlayıblar, tapdalayıblar.

 

– Nə mənada?

 

– Roman epidemiyası, hekayə epidemiyası, sərbəst şeir epidemiyası Azərbaycanı başına götürüb. Amma esse o qədər yorulmayıb.

 

– Hüseynbala Mirələmov haqqında yazdığın kitaba görə çox tənqid olundun. Bəs sən bu tənqidlərə necə cavab verirdin, nəyi əsas gətirirdin?

 

– Bir adam pulu olanda, vəzifədə olanda elə bilirlər ki, istedadsızdır. Elə deyil. Hüseynbala Mirələmov yaxşı yazıçıdır. Onun “Gəlinlik paltarı” əsərini oxudum, çox xoşuma gəldi, ürəyimdən keçdi ki, bu əsər haqqında kitab yazım. Heç vaxt da peşman olmamışam, həmişə imzamın arxasında dayanıram. Tehran Əlişanoğlu da Əjdər Ol haqqında kitab yazıb, bunu da çox normal qarşılayıram. Tehran da çox istedadlı bir insandır, Əjdər də. Mənim ən çox sevdiyim beş şairdən biri Əjdərdir. Mənim də, Tehranın kitabında da obraz Hüseynbala, Əjdər olsa da bu adların ətrafında dövr, ədəbi proses təhlil olunub.

 

– Ata, səndə fəxri ada bir maraq, həvəs hiss edirəm. Nədən irəli gəlir bu? Fəxri ad bir şair üçün çoxmu vacib şeydir?

 

– Kim fəxri adın əleyhinə danışır, o adam özü fəxri addan ötrü ölür...

 

– Məsələn, mən fəxri adda bir məna görmürəm. Səncə, səmimi deyiləm, özüm fəxri addan ötrü ölürəm?

 

– Sən hələ cavansan. Bir az yaşa dolacaqsan, ağıllanacaqsan, görəcəksən ki, həyat nədir. Sənin yaşıdlarının hamısı fəxri ada layiq görüləndən sonra, dəyərini, qiymətini alandan sonra bir gün evə gəlib yumruğunu stolun üstünə vurub ağlayacaqsan. Sənin yaşıdlarından heç kim fəxri ad almayıb deyə azadsan, rahatsan, belə yekə-yekə danışırsan. Amma şübhəsiz ki, əsas olan əsərdir, yaradıcılıqdır. Mən həmişə əsərlərimi fəxri ad üçün yox, insan üçün, dünya üçün yazmışam. Yazılarımda həmişə insanı xilas eləmək, insanı qorumaq istəmişəm. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267285

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR