Bakıda yeni XİDMƏT: artıq hər şey çox RAHAT OLACAQ

Bakıda yeni XİDMƏT: artıq hər şey çox RAHAT OLACAQ
14:33 10 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Telefon çəkilişi, internetə qoşulma, bütün növ rabitə xidmətlərinin ödənişi, mobil cihazların IMEI qeydiyyatı, valyuta mübadiləsi və aviabilətlərin alınması və digər onlarla xidmət artıq bir mərkəzdə cəmləşib.

Publika.az xəbər verir ki, paytaxtın bütün rayonlarının sakinləri bu xidmətlərdən hələ ki, Üzeyir Hacıbəyov 36 ünvanında yerləşən 1 saylı poçt filialında yararlana biləcək.

Belə ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər poçt və telekommunikasiya binalarında yaradılan yeni xidmət mərkəzləri qurulur. “Şəbəkə” adlanan ilk xidmət mərkəzi 1 saylı poçt filialında istifadəyə verilib.

“Şəbəkə” xidmətinin koordinatoru Ceyhun Əliyev bildirib ki, xidmət mərkəzlərin yaradılmasında əsas məqsəd əhaliyə mərkəzləşdirilmiş qaydada yüksək standartlara uyğun xidmət göstərməkdir.

Onun sözlərinə görə, “Şəbəkə” xidmət mərkəzlərində bütün növ telekommunikasiya, poçt, bank və maliyyə xidmətlərinin təşkili də nəzərdə tutulub: “Vətəndaşlar telefon çəkilişi, internetə qoşulma, bütün növ rabitə xidmətlərinin ödənişi, mobil cihazların IMEI qeydiyyatı, elektron hökumət xidmətlərindən yararlanmaq, elektron imza, əldə edilməsi, valyuta mübadiləsi və aviabilətlərin alınması üçün bu mərkəzə müraciət edə bilər. Xidmətləri vahid məkanda cəmləməklə vətəndaşların vaxt itkisini aradan qaldırmaq, nağdsız ödənişlər üçün şərait yaratmaq mümkün olacaq. “Şəbəkə” mərkəzlərində istifadə olunan bütün proqram təminatı öz mütəxəssislərimiz tərəfindən hazırlanıb və müasir standartlara uyğundur. Mərkəzdə müştərilər həm də xüsusi öznəxidmət terminalından istifadə edə bilərlər.

Burada vətəndaşlar növbə gözləmədən nömrə dəyişmə, poçt, elektron imza, telefon xidmətlərindən yararlana biləcək. Bunun üçün müraciət edən şəxs şəbəkə xidməti və poçt şöbələrindən loqin və parol alaraq müvafiq bölməyə yaxınlaşır, daha sonra xidmətdən yararlanır. Müştəri məmnunluğunu təmin etmək üçün işçi heyətinə treninqlər keçirilib. İşə 60 nəfərdən çox əməkdaş cəlb olunub”.

O daha sonra bunları deyib: “Əvvəl vətəndaşlar telefon çəkilişi və ya nömrə dəyişdirmək üçün qeydiyyatda olduqları rayon üzrə ATS-lərə müraciət edirdisə, artıq buna ehtiyac qalmayacaq. Sadəcə “Şəbəkə” Xidmət Mərkəzinə gəlməklə bu istəklərini reallaşdıracaqlar. Üstəlik, onlayn rejimdə istədiyiniz məkandan xidmətlərdən istifadə edə biləcəklər.

Gələcəkdə mərkəzlərin sayı da artırılacaq. Bakı şəhərində ilkin mərhələdə 10 xidmət mərkəzinin açılması nəzərdə tutulur. Hazırda Xəzər, Yasamal və Binəqədi rayonlarında “Şəbəkə” xidmət mərkəzlərinin açılması üçün təmir-tikinti işləri aparılır və yaxın zamanlarda istifadəyə verilməsi nəzərdə tutulur. Gələcəkdə Respublikanın regionlarında “Şəbəkə” xidmət mərkəzlərinin istifadəyə verilməsi planlaşdırılır.

“Şəbəkə” xidmətindən Bakının bütün rayonlarının sakinləri yararlana biləcək. Nərimanov rayonunda qeydiyyatda olan şəxs bu gün açılışı olan mərkəzimizə müraciət edərək xidmətlərdən istifadə edəcək.

Bu gün açılışı olan mərkəzdə son texnoloji tələblərə uyğun avadanlıqlar – müasir lazer printerlər, monoblok kompüterlər, özünəxidmət köşkləri, valyuta mübadiləsi və ödəmə terminalları, ATM, bank sistemində tətbiq olunan növbə aparatı (Q matik), tam yenilənmiş abunə qutuları quraşdırılıb, müasir tələblərə cavab verən çeşidləmə otağı yaradılıb”.

Qeyd edək ki, bu mərkəzlərdə vətəndaşlara fasiləsiz olaraq həftənin 7 günü saat 9:00 dan 20:00-dək xidmət göstəriləcək.

Gülxar




















Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/187262.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR