Azərbaycanda yollara qoyulan beton arakəsmələr xaricdən alınırmış

Azərbaycanda yollara qoyulan beton arakəsmələr xaricdən alınırmış
16:52 10 Fevral 2017
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Xeyli vaxtdır "Azəravtoyol" ASC tərəfindən magistral yollarda istifadə edilən dəmir arakəsmələrin beton arakəsmələrlə əvəzlənməsi prosesi davam edir.

Milli.Az xəbər verir ki, bu haqda modern.az-a məlumat verən qurum rəhbəri Anar Nəcəfli deyib ki, dəmir arakəsmələrin betonlarla əvəzlənməsi bir müddət əvvəl baş verən qəzalarla bağlıdır:
"Xüsusilə qəzaların bəzi hallarda faciəvi sonluqla bitməsi həmin arakəsmələrin beton maneələrlə əvəzlənməsini zəruri etdi. Bu səbəbdən də Bakı-Sumqayıt yolunun 11-ci kilometrliyinə qədər hissədə dəmir arakəsmələr beton maneələrlə əvəzləndi. Digər magistral yollarda-Kürdəmir-Hacıqabul-Kürdəmir, Kürdəmir-Ucar yollarında yenidənqurma işləri aparılan zaman dəmir arakəsmələrdən deyil, beton arakəsmələrdən istifadə edilib".
 
A.Nəcəfli bildirib ki, əslində, dəmir arakəsmələr təhlükəli deyildi:
"Doğrudur, dəmir arakəsmələr də təhlükəli deyildi. Sadəcə, bir çox hallarda sürücülərin müəyyən olunmuş sürət həddini aşması, qarlı-yağışlı havalarda avtomobili nizam-intizamsız, yol nişanlarına məhəl qoymadan idarə etməsi ölümlə nəticələnən qəzalara səbəb olurdu. Həmin arakəsmələr isə müəyyən sürət həddi nəzərə alınaraq yol ayırıcılarına yerləşdirilmişdi. Yüksək sürətə nəinki dəmir arakəsmə, heç beton arakəsmə də dözməz. Nəzərə alaq ki, qəzaların əksəriyyəti 12 dərəcə bucaq altında baş verir. Beton arakəsmənin aşağısındakı təkər qaytaran hissə avtomobilin təmasını sıfıra endirir. Tam olaraq qarşısını ala bilməsə də, müəyyən mənada təhlükəsizdir".
 
"Azəravtoyol" rəsmisi qeyd edib ki, beton arakəsmələr xaricdən gətirilir:
"Beton arakəsmələr dəmir arakəsmələrlə müqayisədə daha məsrəflidir. Yəni beton arakəsmənin sıradan çıxması və yenilənməsi daha çox vəsait tələb edir. Təkcə ötən il 6 kilometr arakəsmələr qəzalar zamanı sıradan çıxıb".
A.Nəcəfli deyib ki, Bakı-Sumqayıt yolundan çıxarılan dəmir arakəsmələr digər ərazilərin yol kənarlarında istifadə edilib:
"Əsasən yolayrıcılarda dəmir arakəsmələrdən istifadə minimuma endirilib. Digər ərazilərdə, əsasən yol kənarlarında qalır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/516259.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR