"Report"un Vestifinance.ru" saytına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Beynəlxalq Energetika Agentliyi (İEA) yayıb. Agentliyin aylıq hesabatına əsasən, OPEC üzvü olan ölkələr bu ilin yanvar ayında gündəlik hasilatı 1 mln. barel azaldaraq 32,06 mln. barelə endirib. "Bu, OPEC tarixində hasilatın azaldılması ilə bağlı ən böyük təşəbbüsdür",- agentlik qeyd edib.
İEA-nın hesabatında həmçinin Səudiyyə Ərəbistanı, Qətər və Anqola kimi OPEC üzvü olan ölkələrin hasilatı söz verdiklərindən daha çox azaltdıqları, İraqın buna 50%, Venesuelanın isə 18% əməl etdiyi bildirilib. Dünya bazarında neft hasilatının azaldılması Nigeriya və Liviyada hasilatın artması ilə bir qədər kompensasiya olunub. Məcmu qlobal neft təklifinin yanvarda 1,5 mln. barel/gün azaldığı vurğulanıb.
Bu xəbər "Brent" markalı neftin barelinin yenidən 56 dollar səviyyəsini keçməsinə səbəb olub.
Xatırladaq ki, fevralın 10-da ABŞ-da aktiv neft quyularının sayı ilə bağlı göstəricilər açıqlanacaq. Neftin qiymətinin bu xəbərə əsasən istiqamətini təyin etməsi gözlənilir.