“Dağıstan” gəmi-bərəsi Bakıda modernləşdirilir

“Dağıstan” gəmi-bərəsi Bakıda modernləşdirilir
20:27 10 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 fevral. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Nəqliyyat Donanmasına məxsus “Dağıstan” gəmi-bərəsi “Zığ” Gəmi Təmiri Zavodunda əsaslı təmirə dayanıb. 
Bu barədə "Report" qurumdan bildirilib. 
Məlumata görə, hazırda “Dağıstan” bərəsinin istifadəetmə müddəti bitmiş iki köməkçi mühərriki “Hyundai” markalı mühərriklərlə əvəzlənib. 1000 kilovat gücündə olan təzə mühərriklər əvvəlkilərlə müqayisədə daha qənaətcil və effektivdir.Bu mühərriklər avadanlığa göstəriləcək xidməti asanlaşdırmaq baxımından da sərfəlidir.
Köməkçi mühərriklərlə yanaşı, gəminin əsas hərəkətverici qüvvəsi olan baş mühərrikləri də yenilənir. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" təzə baş mühərrikləri Finlandiyadan sifariş edib. “Vartsila” markalı W32 baş mühərriki dünya gəmiqayırma sahəsində lider brendlərdən hesab olunur. Bir sözlə, həddindən artıq ağır çəkiyə malik köhnə mühərriklərdən fərqli olaraq yeniləri öz funksionallığı ilə seçilir.
Təmir zamanı “Dağıstan” gəmi-bərəsinin bütün idarəetmə sistemləri dəyişdirilərək daha müasirləri ilə əvəz edilir. Hazırda yanacaq yandırma sistemləri əvəzlənməklə buxar qazanı müasirləşdirilir. Bundan başqa, pərlərə nəzarət sistemi, köməkçi burun sükanı, radionaviqasiya və elektrik avadanlıqları, generatorla da təzələri ilə əvəzlənir. Bərənin bütün köməkçi - yağ, su, balast sistemləri və sair əsaslı təmir olunur.
Gəmi-bərə tərsanəyə qaldırılacaq, onun gövdə və sualtı hissələri də təmir olunandan sonra rənglənəcək.
Görüləcək təmir işləri bərənin yanacaq sərfiyyatını 35 faizə qədər azaltmağa imkan verəcək. Yekunda yeni avadanlıqların sərfiyyatını dəqiqləşdirmək məqsədi ilə gəmi sınaqdan keçiriləcək. Bərə əvvəlki kimi, Xəzərin sularında 12-14 uzellə səfərlərini davam etdirəcək.
Ümumiyyətlə, yükgötürmə qabiliyyəti 2425 ton olan “Dağıstan” bərəsi 1984-cü ildə istifadəyə verilib. Bərənin avtomobil və vaqon daşımaq üçün 2 göyərtəsi var. Alt göyərtə avtomobil, üst göyərtə isə vaqon daşımaq üçün nəzərdə tutulub. 
Xatırladaq ki, Xəzərdə yeganə bərə operatoru olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin 13 gəmi-bərəsi “Transxəzər” Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yüklərin daşınmasına xidmət edir.




Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/dagistan-gemi-beresi-bakida-modernlesdirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR