Baş bankir "Mənim günahlarım"da - FOTO

Baş bankir "Mənim günahlarım"da - FOTO
21:13 10 Fevral 2017
107 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Musiqili Teatrında 107-ci mövsümün növbəti premyerası təqdim olunub. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, böyük dramaturq, Xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin "Mənim günahım" pyesi və dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin musiqiləri əsasında hazırlanan səhnə əsərinin ilk tamaşasında ölkənin rəsmi şəxsləri, ictimai-siyasi xadimlər, tanınmış sənət adamları, xarici səfirliklərin nümayəndələri iştirak ediblər. Anşlaqla keçən tamaşa böyük diqqət və marağa səbəb olub, tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Layihənin ideya müəllifi və bədii rəhbəri Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlovadır. Sevgi haqqında pritça olan balet-tamaşa minimalizm üslubunda səhnələşdirilib. Səhnə əsərində Qara Qarayevin "Yeddi gözəl" baletindən və digər əbədiyaşar musiqilərindən istifadə olunması İlyas Əfəndiyevin məşhur lirik-psixoloji dramının tamaşaçılara fəqrli rakursdan təqdim edilməsində xüsusi rol oynayır. Tamaşanın bədii tərtibatında müasir texniki üsullardan, çağdaş texnoloji vasitələrdən istifadə edilib. Əsər sənətini sevən, bütün varlığıyla sənətə bağlı olan Nurcahan adlı bir qadının faciəsindən bəhs edir. Nurcahan balerinadır. Yaşlandıqca səhnə üçün gərəksiz olur. Amma o bunu həzm edə bilmir. Çünki hadisələr elə bir formada cərəyan edir ki, Nurcahan nəinki səhnəni, həm də sevimli əri Sahibi itirə bilər. Əslində, Sahib onu məhz səhnədə bəyənib, ilk növbədə sənətkar kimi sevib. İndi isə elə bir məqam yetişib ki, səhnədə Nurcahanı əvəzləyən Ayqız həm də Sahibin ürəyinə sahiblənməkdədir...

Qeyd edək ki, tamaşada rolları Xalq artisti Şükufə Yusupova, Əməkdar artist İlham Hüseynov və balet artisti Cəlalə Novruzlu ifa edirlər. Tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysteri Yelena Ağayeva, quruluşçu rəssamı Gəncə Dövlət Dram Teatrının rəssamı Elnur Axundov, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur. (milli.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/187311.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR