Əməkdar artistdən ETİRAF: "Utancaq olsam da, kamera qarşısında hər şey edirəm" - FOTO

Əməkdar artistdən ETİRAF: "Utancaq olsam da, kamera qarşısında hər şey edirəm" - FOTO
21:17 10 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Yaşıdları arasında çəkildiyi filmlərlə beynəlxalq festivallarda ən çox mükafat alan tək-tək akytorlardandır. Hətta çəkildiyi "Tabut düzəldənlərin yelləncəyi" filmi Amerika Kino Akademiyasının tələbələr üçün nəzərdə tutulan "Oskar" mükafatını da alıb. Arzusu Hollivudda filmə çəkilmək, Monika Beluççi ilə tərəf-müqabili olmaqdır. Niyə də yox?

Əməkdar artist Rasim Cəfərin Milli.Az-a müsahibəsini təqdim edirik.

- Son vaxtlar vaxtınızın əsas hissəsini alan serial sizə teatr və kinonu unutdurmayıb ki?

- Yox, teatrda məşqlər gedir. İnanmıram ki, kinonu nə vaxtsa unudam, çünki kinonu çox sevirəm. Hətta teatrda da mənə bunu irad tuturlar ki, kinonu teatrdan çox istəyirsən.

- Çəkildiyiniz "Məryəm" serialı da kifayət qədər tamaşaçı marağı cəlb edə bildi... Tamaşaçılar mənfi obraza görə sizi söymürlər ki?

- Tanıyanların əksəriyyəti ikinci dəfədir ki, məni belə mənfi obrazda görür. Sosial şəbəkədə ünvanıma elə şeylər yazırlar ki, özüm də təəccüblənirəm. Hətta həyat yoldaşıma yazırlar ki, sənin ərin Nurayla yaşayır, evə də gəlmir?

- Bir neçə ay bundan əvvəl yerli serialları bəyənməyən tamaşaçılara ünvanlayaraq sosial şəbəkədə qəzəbli bir status paylaşmışdınız... İndi hirsiniz soyuyub?

- Məsələ burasındadır ki, seriala baxanlar da qınayırlar, baxmayanlar da. Baxıb tənqid edənləri qınamıram, çünki mətbəxdən xəbərləri yoxdur. Bilmirlər ki, bu serial hansı çətinliklər hesabına başa gəlir. Məni yandıran odur ki, baxmayanlar tənqid edirlər. Mən də onlara hirslənirəm ki, baxmaya-baxmaya necə hansısa bir film barədə fikir bildirmək olar.

- Sizcə, yaxın neçə il ərzində biz türklərin seriallarına həvəslə baxdığımız kimi, onlar da bizim seriallara aludəçiliklə tamaşa edəcəklər?

- Mən optimist insanam. İnanıram ki, yaxın iki-üç ilə bizim seriallar da formalaşıb hamının zövqünə cavab verəcək. Serial bazarını tədricən yaratmalıyıq, imkanlı şəxsləri cəlb edərək bu sahəyə yatırım qoymalıyıq. Bu sahəyə sərmayə lazımdır. Tamaşaçılar türk seriallarının bir bölümü ilə Azərbaycanda çəkilən serialın bir bölümünə ayrılan vəsait arasında fərqi bilsələr, belə kəskin reaksiya verməzlər.

- Çoxları sizi fakturaca fransız aktyorlarına bənzədirlər. Hərdən təəssüflənirsinizmi ki, axx, fransız aktyoruna bənzəyəsən, amma onlar qədər qazana bilməyəsən...

- İlk dəfə mən 2007-ci ildə Asif Rüstəmovun "Ev" filmində baş rola çəkilmişəm. Həmin filmə qədər onlarla filmə dəvət olunmuşam, amma qəbul etməyiblər. Deyiblər ki, sən azərbaycanlıya oxşamırsan, italyana, fransıza oxşayırsan, buna görə də filmin qəhrəmanı ola bilməzsən. Bu sözlərdən sonra təssüflənirdim ki, niyə axı əcnəbiyə bənzəyirəm, axı mən filmlərə çəkilmək istəyirəm. Asif Rüstəmovun filmi mənim vizit kartıma çevrildi. Amma təəssüflənmirəm ki, niyə fransız aktyorları qədər qazanmıram.

- Bax bu məqamda səmimiyyətinizə inanmadım amma...

- (gülür) Qazansaydım, əlbəttə, yaxşı olardı. Fransadakı kimi film bazarı yoxdur, kinomuz gəlir gətirmir axı. Fransada bir filmin istehsalı üçün şirkətlər, sponsorlar milyonlar xərcləyir və sonra da ondan da artıq gəlir götürürlər. Bizdə hələ bu marketinq yoxdur.

- Yəni kinoda varlanmaq ehtimalın varmı?

- Yaxın zamanlarda yox, belə bir şansımın olacağına inanmıram. Bəlkə də heç mən o günü görmədim (gülür).

- Nəhs gətirməyin də...

- İnşallah, hansısa bir Hollivud filminə dəvət alsam, bu mümkün ola bilər.

- Yeri gəlmişkən, çoxlu pulunuz olsaydı, nəyə xərcləyərdiniz?

- Kreditlərimi bağlayardım. İpoteka ilə ev də almışam. Tanıdığım insanların çoxu mənim durumumu yaşayır.

- Nə qədər bəs edər ki?

- 50 minim olsaydı, canım qurtarardı.

- İnşallah, Allah yetirər. Sizin müəyyən filmlərdə intim səhnələriniz də var... Bu evdə söz-söhbətə, mübahisəyə səbəb olmur ki?

- Yox, vallah, olmayıb. Xanımım özü də bu sahənin adamı olduğu üçün məni başa düşüb. Mənə verilən ssenarini həmişə xanımımla birgə oxuyub məsləhətləşirik.

- Bəs bir yerdə tədbirlərdə, məclislərdə, lap elə küçədə gedəndə xanım pərəstişkarlarınız sizə yaxınlaşanda üzü dönmür ki?

- Bu yaxınlarda xəstəxanadaydıq, bir kişi gəldi ki, qardaş, sən Allah, qoy xanımım səninlə bir şəkil çəkdirsin, məni bezdirib bayaqdan. Yəni belə hallar da olur. Amma xanımım normal reaksiya verir.

- Hansı bir əcnəbi aktrisa ilə tərəf-müqabili olmaq istərdiniz?

- Çox istərdim, Monika Beluççi ilə tərəf-müqabili olum. O qadını çox istəyirəm.

- Bizim aktrisalarımız həmişə mentalitet qorxusundan intim səhnələrə çəkilməkdən imtina edirlər. Kişi aktyorlarda necə, belə bir qorxu var? Çünki siz "Tabutdüzəldənlərin yelləncəyi" filmində çılpaq çəkilmisniz...

- O film Almaniyanın filmidir, amma həmvətənimiz çəkib. Film 40-a yaxın beynəlxalq mükafata layiq görülüb. Ən yaxşı tələbə filmi kimi Amerika Kino Akademiyasının tələbələr üçün ayırdığı "Oskar" mükafatını da alıb. Anadangəlmə xəstə rolunu oynayıram. Bəli, çılpaq çəkilmişəm, amma erotik səhnə deyil.

- Kamera qarşısında kompleksləriniz yoxdur ki?

- Qətiyyən. Həyatda eləmədiklərimi kamera qarşısında edirəm. Həyatda utancaq olsam da, kamera qarşısında hər şey edirəm, utanmıram. O ki qaldı yataq səhnələrinə, mənim üçün heç bir problem yoxdur, lazım gəlsə, intim səhnələrə də cəkilərəm. Amma qadın aktrisalarımızı da haradasa anlayıram. Bir dəfə bir gənc aktrisa açıqlama vermişdi ki, milyon versələr, filmdə soyunaram. O xanımı az qala daş-qalaq etmişdilər bu sözə görə.

- Hə, Mələk Heydərovanın mənə verdiyi açıqlamanı deyirsiniz...

- Hə, o xanımı qınamıram. Hər halda aktrisa geyinməlidir, bahalı avtomobil sürməlidir, gözəl yaşamalıdır ki, küçədə-bacada onu barmaqla göstərib istehza eləməsinlər. Buna görə də haqqıdır ki, yüksək qonorar alsın. Amma ona yazılan şərhlər məni əsəbləşdirdi. Özü də yoldan keçən adamlar deyil, kino sahəsinə aid insanlar yazdılar.

- Nə yazmışdılar ki?

- Sən, əgər kamera qarşısında bu qədər pula soyunmağa razılaşırsansa, deməli, xəlvətdə də bu pula razılaşarsan.

- Ona görə də belə səhnələrə çəkilmək üçün əcnəbi aktrisaları dəvət edirlər.

- Düzdür. Maraqlıdır ki, onun-bunun filmlərinə, seriallarındakı açıq-saçıq səhnələrə həvəslə baxırlar, amma özümüzünkülər çəkiləndə ayıb olur. O saat mentalitet yada düşür.

Cəvahir Səlimqızı

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/516135.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR