Geyimi qaydasında olmayan, üzünü təraş etməyən, avtobusun salonunu natəmiz saxlayanlar cərimədən qaça bilməyib. Gəncədə 15 sürücü sərnişindaşıma qaydalarını pozduğu üçün nəqliyyat işçilərinin "radar"ına düşüb.
Publika.az xəbər verir ki, məsuliyyətsiz sahibkarlar barədə də tədbirlər görüləcək.
Hər bir avtobus xəttə çıxarkən nəqliyyat vasitəsinin sazlığı və
təmizliyi ilə yanaşı, sürücünün estetik görünüşü sükan arxasına
keçən şəxs kimi sahibkarı da cavabdeh edir. Gəncə Avtomobil
Nəqliyyatı ilə Sərnişin Daşıma İdarəsindən şəhərdə ictimai
nəqliyyat sahəsində çalışan 6 sahibkardan 2-nin tələblərə riayət
etmədiyi barədə açıqlama var.
Elmar Əhmədov- Gəncə Avtomobil Nəqliyyatı ilə
Sərnişindaşıma İdarəsinin sektor müdiri: “1,23, 29, 33, 38
bu avtomobillərin sürücüləri və sahibkarları qanunun tələblərinə
riayət etmirlər. Xahiş edirik ki, bizim 256-05-06 qaynar xəttimiz
24 saat ərzində işləyir. Avtomobilin narahat sürməsi, sürücünün
vətəndaşla etik davranış qaydasına riayət etməməsini görüdükdə
məlumat versinlər. Yerindəcə sürücünün cəzasını veririk”.
Bəzi sürücülərin işinə yanaşması onu xəttə buraxan sahibkarı da
qane etmir.
İsrəfil Nağıyev- sahibkar: “Forma ilə bağlı
məlumat verilib. Geyinən də var, geyinməyən də. Amma əksəriyyəti
geyinir. Dəfələrlə deyiblər, cəza tətbiq ediblər, düzəlir, yenə də
yavaş-yavaş düzələr”.
Avtobus sürənlər düzəlib-düzəlməyəcəyini zaman göstərsə də,
keçirilən reydlər sürücülərin tabesizlik göstərdiyini ortaya
qoyur.
Bunun nəticəsidir ki, 15 sürücü İnzibati Xətalar Məcəlləsinin
müvafiq maddəsinə görə 50 manat cərimələnib. Bununla belə sakinlər
sürücülərlə bağlı vəziyyətin müsbətə doğru dəyişdiyi
qənaətindədirlər.
Qaçay Babayev- sakin: “Hazırda qabağa baxanda
yaxşıdır. Sürücülər yaxşıdır, avtobusların da çoxu dəyişilib. Bir-
iki dənə marşurut var ki, şəhərdən uzaqda Gülüstan qəsəbəsində
köhnə “Qazel”lər var, onları da dəyişdirsələr lap yaxşı olar”.
Suqra Verdiyeva- sakin: “Əvvəlkindən indi yaxşıdı,
qabaq çox çətin idi, indi isə yaxşı işləyirlər”.
Gəncədə gün ərzində 33 xətt üzrə 280 avtobus və mikroavtobus
sərnişinlərə xidmət edir. (ARB Kəpəz)