Novruz Məmmədov: "Prezident İlham Əliyevin Brüsselə səfəri mühüm əhəmiyyətə malikdir"

Novruz Məmmədov: "Prezident İlham Əliyevin Brüsselə səfəri mühüm əhəmiyyətə malikdir"
14:12 11 Fevral 2017
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı ilə əməkdaşlıq müstəvisində bu yaxınlarda Brüsselə etdiyi səfər çox böyük əhəmiyyətə malikdir. Dövlətimizin başçısı Brüsselə Avropa İttifaqı rəhbərliyinin rəsmi dəvəti ilə səfər etmişdi. Məlumdur ki, başqa dövlətlərin rəhbərləri də tez-tez Brüsseldə səfərdə olurlar. Prezident İlham Əliyevin səfəri isə həmin səfərlərdən fərqlidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov fevralın 11-də jurnalistlərə müsahibəsində deyib.

Novruz Məmmədov qeyd edib ki, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra başlayıb. Bu uğurlu əməkdaşlığın zəngin tarixi var. Ötən illər ərzində Azərbaycan Avropa İttifaqının müxtəlif strukturları, quruma daxil olan ölkələr ilə çox sıx əməkdaşlıq edib. Bu gün Azərbaycan Avropa İttifaqına üzv ölkələrin 9-u ilə strateji tərəfdaşlıqla bağlı müxtəlif sənədlər imzalayıb və ya qəbul edib. Bunun özü Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın nə qədər yüksək səviyyədə olduğunu göstərir.

"Bizim Avropa İttifaqı ilə əməkdaşlığımız demək olar ki, bütün sahələri əhatə edir. Siyasi, iqtisadi, təhlükəsizlik, enerji sahələrində əməkdaşlığımız xüsusi yer tutur. Ötən illər ərzində bu sahələrdə çox böyük əhəmiyyətə malik bir çox layihələr həyata keçirilib. Son illərdə xüsusilə nəqliyyat sahəsində əməkdaşlığın inkişafını qeyd etmək olar", - deyə Prezident Administrasiyası rəhbərinin müavini bildirib.

Novruz Məmmədov vurğulayıb ki, bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığı nümunəvi əməkdaşlıq adlandırmaq olar. Bəzən müəyyən məsələlərdə razılaşmadığımız məqamlar da olub. Bu da onunla əlaqədardır ki, dövlətimizin başçısı İlham Əliyev bütün proseslərdə, əməkdaşlıq məsələlərində Azərbaycanın milli və dövlətçilik maraqlarını əsas götürür, bu maraqları nəzərə alaraq addımlar atır. Elə bu səbəbdən də bir vaxtlar Avropa İttifaqının Azərbaycana təqdim etdiyi Assosiasiya Sazişi ölkəmiz tərəfindən qəbul olunmadı. Həmin saziş Azərbaycanın milli və dövlətçilik maraqlarına cavab vermədiyinə görə onunla razılaşmadıq. Əvəzində isə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın başqa formatını təklif etdik. Avropa İttifaqına "Azərbaycan Respublikası və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında Saziş" layihəsi təqdim olundu. Bu təklif də Avropa İttifaqında təhlil edildi və müsbət qiymətləndirildi. Avropa İttifaqı Şurası artıq Azərbaycan ilə Avropa İttifaqı arasında sözügedən saziş layihəsinə dair rəsmi danışıqlara başlamaq üçün mandat verib və hazırda bunun üzərində iş gedir. Azərbaycan Prezidentinin Brüsselə səfəri də məhz bu məsələ ilə bağlı idi.

Prezident Administrasiyası rəhbərinin müavini diqqətə çatdırıb ki, səfər zamanı dövlətimizin başçısı Avropa İttifaqının rəhbərləri ilə əməkdaşlığın inkişafı məsələlərinin müzakirə edildiyi çox faydalı görüşlər keçirdi. Azərbaycan ilə Avropa İttifaqı arasında uğurlu əməkdaşlıq mövcuddur və bu əməkdaşlığın bundan sonra da davam etdirilməsi və genişləndirilməsi vacibdir. Keçirilən görüşlərin qayəsini bu təşkil edirdi. Eyni zamanda, ən vacib məsələlərdən biri ondan ibarətdir ki, Avropa İttifaqının bütün rəhbərləri ilə keçirilən görüşlərdə siyasi məsələ də xüsusi qeyd olundu - bu, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi məsələsi idi. Bütün bunları nəzərə alsaq deməliyik ki, səfər çox uğurlu oldu. Bu səfər əməkdaşlığın daha da genişlənməsinə və möhkəmlənməsinə xidmət edəcək, strateji tərəfdaşlıqla bağlı sənədin üzərində işin uğurla getməsinə böyük töhfə verəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/516561.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR