Azərbaycanın 2 cüdoçusu "Böyük Dəbilqə" turnirinin yarımfinalına yüksəlib

Azərbaycanın 2 cüdoçusu "Böyük Dəbilqə" turnirinin yarımfinalına yüksəlib
18:07 11 Fevral 2017
152 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürüb.
"Report"un məlumatına görə, ilk yarış günündə Azərbaycanın 3 çəkidə dərəcəsi üzrə 4 təmsilçisi tatami üzərinə çıxıb. Onların hamısı mübarizəyə 1/16 final mərhələsindən başlayıb. 
60 kq çəki dərəcəsindəki Orxan Səfərov əvvəlcə cənubi koreyalı İn Hyuk Çoyla qarşılaşıb. Səfərovun vazari xalı ilə qələbə qazanaraq, 1/8 finala yüksəlib. Onun növbəti rəqibi qazaxıstanlı Qusman Kırgızbayev olub. Bu dəfə də Azərbaycan təmsilçisi vazari xalı ilə qalib gəlib. 26 yaşlı idmançının 1/4 finaldakı rəqibi fransalı Vensan Limar olub. Bu dəfə də Səfərov 2 vazari ilə qələbə qazanaraq, adını yarımfinala yazdırıb. Finala gedən yolda onun rəqibi yaponiyalı Naohişa Takato olacaq.
66 kq çəkidə yer alan Nicat Şıxəlizadə çinli Daqa Qinqi sınağa çəkib. Rəqibinə 3 vazari xalı ilə qalib gələn Şıxəlizadə 1/8 finalda belçikalı Kennet van Qansbekeyə rəqib olub. Bu görüşdə Azərbaycan cüdoçusu 1 dəqiqə 46 saniyəyə ipponla qələbə qazanıb. 1/4 finalda 29 yaşlı idmançının rəqibi rusiyalı Anzaur Ardanov olub. Lakin bu dəfə Şıxəlizadə 33 saniyəyə ipponla uduzub. O, bürünc medal uğrunda ilk təsəlliverici görüşdə israilli Tal Flikkerlə qarşılaşacaq.
73 kq-da Avropa çempionu və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucov qazaxıstanlı Yeldos Jumaxanovla görüşüb. Rəqibini 3 vazari ilə üstələyən Orucov 1/8 finalda potuqaliyalı Jorje Fernandeşlə qarşılaşıb. Bu dəfə Azərbaycan təmsilçisi 2 vazari ilə qələbə qazanıb. Onun 1/4 finaldakı rəqibi çinli Sayyinjirqala olub. Bu dəfə də Orucov vazari xalı ilə qalib gəlib. Yarımfinalda 26 yaşlı idmançının rəqibi cənubi koreyalı Çanqrim An olacaq.
Eyni çəkidəki Hidayət Heydərov isə əvvəlcə honq konqlu Kvok Uinq Lini 55 saniyəyə ipponla yenib. 1/8 finalda Heydərov rusiyalı Uali Kurjevə də ipponla qalib gəlib. 1/4 finalda onun rəqibi yaponiyalı Soişi Haşimoto olub. Azərbaycan təmsilçisi bu dəfə vazari ilə uduzub. O, bürünc medal uğrunda ilk təsəlliverici görüşdə fransalı Loik Korvalla qarşılaşacaq.
Qeyd edək ki, daha 2 çəkidə 4 cüdoçu fevralın 12-də mübarizəyə qoşulacaq.


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycanin-2-cudocusu-boyuk-debilqe-turnirinin-yarimfinalina-yukselib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR