Nəvəyə baxan nənələrə müavinət verilə bilərmi?

Nəvəyə baxan nənələrə müavinət verilə bilərmi?
10:42 13 Fevral 2017
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyədə nəvələrinə baxan nənələrə aylıq müavinət veriləcək. Layihə ilk vaxtlarda 10 bölgəni əhatə edəcək. Müavinət 6 aylıqdan 1 yaşına qədər nəvələrinə baxan nənələrə şamil olunacaq. Azərbaycanda da işləyən qadınların sayının çox olduğunu nəzərə alsaq, bu layihənin tətbiq edilib-edilməyəcəyi sual doğurur. 

Milli.Az xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev azvision.az -a bildirib ki, bizdə belə layihənin həyata keçirilməsi mümkün deyil. Onun sözlərinə görə, nənənlərə nəvəyə baxmağa görə maaş ayrılması Azərbaycan üçün real görünmür.

"Hər ölkənin öz xüsusiyyəti var və buna uyğun qanunlar qəbul olunur. Vacib deyil ki, başqa ölkədəki qanunların sürətini köçürüb özümüzdə tətbiq edək. İşləyən qadınların sayı, nisbəti, nənələrin sayı, pensiya alıb-almamaları ölçülüb biçilməlidir. Bundansa işləyən qadınların uşaqlarının bağçalarda tərbiyə almasının tərəfdarıyam. Üstünlük vermək lazımdır ki, bağçada daha çox təlim-tərbiyə görsünlər, dərs öyrənsinlər, sosiallaşsınlar. Bizdə 3 yaşına qədər uşaqlara baxmaq üçün qadınlara və atalara müavinət, məzuniyyət verilir. Bundan başqa evdə xəstə, əlil uşaq varsa, valideyni ona görə də müavinət alır. Amma nənələrinə nəvəyə baxması üçün maaş ayılması praktikası bizdə yoxdur və nəzərdə tutulmayıb". 

Bağçaların sayının az olması məsələsinə toxunan komitə sədrinin müavini bildirib ki, bu məsələ tezliklə həllini tapacaq. "Bağaçların sayı azdır və uşaqları tam əhatə etmir. Milli Məclisin növbəti iclasında məktəbəqədər təhsillə bağlı qanun qəbul edəcəyik. Orada uşaq bağçalarının hüquqi statusu, yeri, sayı və onlara qoyulan tələblər hamısı müəyyənləşir. Yəqin ki, bu sahədə dövlətin proqramı var və problemlər yaxın vaxtlarda aradan qaldırılacaq. Nənələrə nəvələrinə baxmağa görə maaşın verilməsi məsələsi gələcəkdə zərurət yaranarsa, baxmaq olar. Lakin bu gün pensiya sistemi yenidən qurulur, islahatlar gedir, gərək tam oturşsun, ondan sonra deyilən məsələyə baxıla bilər. Bizdə əmək və sosial pensiyalar sahəsində islahatlar başa çatmayıb, 2020-2025-ci illərə qədər davam edəcək".

M.Quliyev bu gün analara doğuşa qədər və doğuşdan sonra verilən məzuniyyət vaxtının uzadılmasının tərəfdarı olduğunu bildirib: "Anaların hamiləlik və doğuşa görə haqqı ödənilən məzuniyyətinin daha iki həftə artırılması aktual məsələ olaraq gündəmə gəlsə, daha yaxşı olar. Bu gün hamilə qadınlara 54 gün doğuşdan əvvəl, 70 gün doğuşdan sonra məzuniyyət verilir. Yaxşı olardı ki, hər ikisi 70 gün olsun. Bu məsələni aktuallaşdırmaq lazımdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/516904.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR