Azərbaycan Beynəlxalq Bankında yeni təyinatlar olub

Azərbaycan Beynəlxalq Bankında yeni təyinatlar olub
11:17 13 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankında (ABB) yeni təyinatlar olub. Şölə Əkbərova Bankın İnsan resursları Departamentinin direktoru vəzifəsinə təyin edilib. 
"Report" bu barədə Bankın mətbuat xidmətinə istinadən xəbər verir. 
Bakı Dövlət Universitetinin Hüquq, Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsinin məzunu olan Ş.Əkbərova 2007-ci ildən dövlət qulluğunda insan resursları sahəsində çalışıb. Səmərəli fəaliyyətinə görə 2013-cü ildə “Dövlət qulluğunda fərqlənmə medalı” ilə təltif edilib. Son təyinata qədər isə “Modern Group” Holdinqin İnsan resurslarının idarə edilməsi Departamentinin direktoru olub. Bu sahədə bir çox beynəlxalq təlimlərin iştirakçısıdır. 
"ABB-yə insan resursları sahəsində yüksək bilik və təcrübəyə malik peşəkar mütəxəssisin cəlb edilməsində məqsəd Bank əməkdaşlarının motivasiyası, fərdi inkişafı, komandanın effektiv fəaliyyəti üçün müasir metodların tətbiqidir", - deyə məlumatda qeyd olunub.
Bununla yanaşı, Murad Qurbanov Bankın Təhlükəsizlik Departamentinin direktor müavini – Bankın İnformasiya təhlükəsizliyi inzibatçısı vəzifəsinə təyin edilib. Niderlandın Eyndhoven Texnologiya Universitetindən magistr dərəcəsi ilə məzun olan 1988-ci il təvəllüdlü Murad Qurbanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Son təyinata qədər “Rabitəbank” ASC-nin İnformasiya texnologiyaları Departamentinin direktoru olub. İnformasiya təhlükəsizliyi sahəsində peşəkar bacarıqlara malik M.Qurbanov yeni vəzifəsində ABB-də bank əməliyyatlarının təhlükəsizliyinin daha da gücləndirilməsi, bu sahənin inkişaf etdirilməsi missiyasını yerinə yetirəcək.
Qeyd edək ki, hazırda ABB-də maliyyə-təşkilati sağlamlaşdırma tədbirləri intensiv şəkildə davam etdirilir. Xalid Əhədovun rəhbərlik etdiyi Bankın yeni üzvlərlə gücləndirilmiş peşəkar idarəetmə komandasının qarşıya qoyduğu əsas hədəflər sağlamlaşdırma və restrukturizasiya prosesini qısa zamanda uğurla reallaşdırmaq, eyni zamanda Azərbaycan Prezidentinin 15 iyul 2015-ci il tarixli müvafiq fərmanında Bankın fəaliyyəti ilə bağlı irəli sürülmüş digər vəzifələri yerinə yetirməkdir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-beynelxalq-bankinda-yeni-teyinatlar-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR