Son 1 ayın qiymət statistikası - hansı məhsul nə qədər bahalaşdı?

Son 1 ayın qiymət statistikası - hansı məhsul nə qədər bahalaşdı?
11:38 13 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar ayında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətləri 2016-cı ilin yanvar ayına nisbətən 11,9% artıb.

Publika..az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ərzaq məhsullarında 14,5%, qeyri-ərzaq məhsullarında 12,3%, əhaliyə göstərilən ödənişli xidmətlərdə isə 8,0% qiymət artımı qeydə alınıb.

Ərzaq məhsulları 2,8% bahalaşıb

Cari ilin yanvar ayında 2016-cı ilin dekabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,3%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,8%, qeyri-ərzaq məhsullarının qiymətləri 2,0%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 1,9% artıb.

Ay ərzində düyünün, unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, almanın, armudun, heyvanın, narın, portağalın, naringinin, bananın, kələmin, göyərtinin, pomidorun, xiyarın, kartofun, soğanın, sarımsağın, yerkökünün, çuğundurun qiymətlərində bahalaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişiklik baş verməyib.

Parçanın, ayaqqabının qiyməti qalxıb

2017-ci ilin yanvar ayında 2016-cı ilin dekabr ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, zərgərlik məmulatlarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, kompüterlərin, dəftərxana ləvazimatlarının, minik avtomobilləri və onlar üçün ehtiyat hissələrin qiymətlərində artım müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Qeyd edək ki, Azərbaycanda 2016-cı ildə istehlak məhsulları və xidmətlərin qiymətləri 2015-ci ilə nisbətən 12,4%, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,7%, qeyri-ərzaq məhsullarının qiymətləri 16,7%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,8% artıb.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/187572.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR