Utanmağın eybi

Utanmağın eybi
10:24 14 Fevral 2017
121 Digər
Ölkə mətbuatı
A- A+


Bir xanım feysbukda məndən insanlarda utanc hissinin, məhrəmlik duyğusunun instinktiv, yoxsa sonradan qazanılmış olduğu barədə fikrimi soruşdu. Xanımın düşüncəsinə görə, utanc hissi də sonradan qazanılma olmayıb, insan beynində qorxu, aclıq, təhlükə instinktləri kimi əzəldən mövcuddu. Fikrini belə əsaslandırdı ki, məktəbyaşlı uşaqların bir çoxu analarının onları çimizdirməsinə etiraz edir, yəni utanc hissi ən doğma adama belə, öz məhrəm yerlərini gizlətməyi diqtə eləyir.

Əvvəllər belə hesab edilirdi ki, şəxsiyyətin formalaşmasında üç amil əsas götürülməlidi: 1. Gen, 2. Ailə tərbiyəsi, 3. Mühit. Son zamanların sosio-psixoloji araşdırmalar bu sıralamanın əksər hallarda tərsinə olduğunu doğrulayır. Yəni müşahidə və təcrübələr göstərir ki, mühit məsələsi digər iki amil arasında dominantlıq edir.
İnsan mühitdən asılıdı və mühitin övladıdı, burası aydın. Mühitin özünü də insanlar formalaşdırır, ona görə də əksəriyyət öz mühitinə oxşayır. Bir az kobud alınsa da, faiz nisbətilə, sağlam mühit 80 faiz sağlam, xəstə mühit də təxminən, o qədər xəstə “istehsal” edəcək. “Zəmanə adamı” klişesi də əslində, “mühit adamı” deməkdi.
Göründüyü kimi, xanım instinkt və şüuri davranışları qarışdırırdı. Bir çox mənəvi keyfiyyət kimi utanc duyğusunun da şüurun inkişafı sayəsində qazanıldığı aydın məsələdi. Hətta tam gerçəyilə desək, digər mənəvi keyfiyyətlər kimi, utanc qavramını da insanda onun yaşadığı mühit formalaşdırır.

Aydın məsələdi ki, bir yaşlı körpənin ümuməxlaqi çərçivələrdən xəbəri olmadığından o, başqalarının yanında lütlənməkdən utanmır. Hindistanda “Mauqli” taleyi yaşayan Amala və Kamala adlı bacıların həyatı buna əyani sübutdu. Bir vaxt bütün dünya bu qızlardan danışırdı. Körpə ikən meşəyə atılmış iki qız uşağını dişi canavar tapıb, öz balaları ilə birgə böyüdür. Körpəlikdən insan üzü görməmiş, canavar südü əmmiş, çiy ət yeməyə və paltarsız yaşamağa öyrəşmiş qızlar tapılanda canavar kimi ulayır, dörd ayaq üzərində qaçır, danışmaq əvəzinə mırıldayırdılar. Təcrübəli həkim və psixiatrlardan ibarət geniş tərkibli alim qrupu uşaqları normal insan həyatına alışdırmağa girişirlər. Bütün səylərə baxmayaraq, qızlardan biri qısa müddətdən sonra ölür. Kamala adlı ikinci qız isə tədricən insani davranışları qavramağa çalışır. Sağ qalan qızcığazı əhilləşdirən  psixiatr müsahibəsində demişdi ki, insan mühitinə adaptasiya olmaq Kamala üçün o qədər çətindi ki, bəzən, o, yalandan rol oynamaqla canını  qurtarmağa çalışır. Yəni özünü niyə insan kimi aparmağa məcbur olduğunu anlaya bilmir, öyrədilən hərəkəti sadəcə, yamsılaya bilir. Cəmi 17 il yaşayan Kamala konkret səbəbi bilinmədən ölür.
 

Bu acı fakt göstərir ki, hər bir fərd şüursuz və ilkin bilgisiz doğulur, əqli inkişafı və təkamülü onu əhatə edən mühitin təsiri nəticəsində formalaşır. Yəni bir insan balasının danışmaq əvəzinə mırıldaması üçün onun canavar ailəsində böyüməsi kifayət edir.
Başqa bir misal: Məsələn, nudist cəmiyyətdə dünyaya gələn insan öz mühitinin təsiri ilə çılpaq gəzəcək, ona bədəninin hər hansı bir yerinin görünməsinin utancla əlaqəli olduğu barədə nəsə izah etmək mümkün deyil. Necə ki, Afrika cəngəlliklərində çılpaq yaşayan və geyimə ehtiyac duymayan qəbilələr bu gün də var. (Maraqlıdı ki, bu nudist qəbilələrdə adətən monoqomiya (tək ər-arvadlıq) hökm sürür, xəyanət və zorlama hallarına isə rast gəlinmir.
 

Görünür, təbiət sivilizasiyadan daha səmimi və xeyirxahdı.
Beləliklə, utanc  və məhrəmlik duyğusuna  anadangəlmə, genetik bir irs kimi deyil, əməl etməyə məcbur olduğumuz əxlaqi göstərişlərin qazandırdığı xüsusiyyət kimi yanaşmalıyıq.  Məsələyə bir az da fəlsəfi yanaşsaq, Freydin dediyi kimi, insanın sonradan qazandığı mənəviyyat - mədəniyyət sistemi onun təbiətini zorlamaqdan başqa bir şey deyil.
 

Psixikada utanc duyğusunun yaranması  cinsəlliklə birbaşa əlaqəli olduğuna görə dini mətnlər bu məsələyə xüsusi yer ayırır.
Psixoanalizə görə, qədim semit mifindəki Adəm və Həvvanın taleyini dəyişdirən alma seksuallıq rəmzidi. Qadağan olunmuş meyvə seksual dərketməni simvolizə edir.


Müqəddəs kitablarda keçən “bilmək” kəlməsi “sevişmək” kimi yozulur və Həvvanın “almanı yemək” istəyi onun cinsəlliyi kəşf etməsinə səbəb olur.

 

Seksuallığı tanıdıqdan sonra qadın da, kişi də cənnətdən qovulur. Rəmzi mənada hər iki cins almanın bir yarısını təmsil edir, ayrı-ayrılıqda yarımçıqdırlar, birləşəndə isə bütövləşərək tam olurlar.
Cənnətdə (xəbərsizlikdə) utanc hissi olmadan çılpaq yaşayan Adəm və Həvva hikməti (cinsəlliyi) bildikdən sonra biri-birindən utanır və örtünürlər.
Sonda demək istərdim ki, kompleksə çevriləcək dərəcədə utancaqlıq sizi normal şəxsiyyət olmaqdan məhrum edə bilər. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267549

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR