Test imtahanlarının ödənişinin müəyyənləşdirilməsi ilə bağlı danışıqlara başlanılıb

Test imtahanlarının ödənişinin müəyyənləşdirilməsi ilə bağlı danışıqlara başlanılıb
13:05 14 Fevral 2017
236 Ölkə
Ölkə mətbuatı
A- A+

"Tarif Şurası ilə test imtahanlarının ödənişinin müəyyənləşdirilməsi istiqamətində danışıqlara bu gündən başlanılıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, test imtahanlarının ödənişinin müəyyənləşdirilməsi istiqamətində işləri yarım ildir ki, aparırlar: "Son 3 il ərzində TQDK və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın büdcəsində olan vəsaitlərin necə xərclənməsinə dair aparılan bütün araşdırmalar hazırdır. Bizim təkliflərimiz hazırdır. Araşdırmaların nəticələrini müvafiq nazirliklərə göndərmişik. Təbii ki, bu qərar - imtahanların ödənişi bizim tərəfimizdən deyil, Tarif Şurası tərəfindən qəbul ediləcək. Lazımi danışıqlara bu gündən başlanılıb".

M.Abbaszadənin bildirdiyinə görə, qəbil imtahanlarının il ərzində iki dəfə keçirilməsi ilə bağlı yenilik neçə il idi ki, hazırlanır.

O əlavə edib ki, əvvəlki illərin məzunları üçün may ayında, bu ilin məzunları üçün iyun ayından keçirildi: "Çoxsaylı müraciətlər olurdu. Abituriyentlər yaxşı nəticə əldə etmək üçün ikinci şans istəyirdilər. Əvvəllər TQDK dövlət büdcəsindən maliyyələşdirilirdi və hər bir abituriyentə müəyyən bir məbləğ həcmində vəsait ayrılırdı. Buna görə də biz təkrar imtahan edə bilməzdik. Çünki bu, büdcənin artmasına gətirib çıxara bilərdi. Artıq bu xidmət pullu olduğu üçün abituriyentlər üçün əlavə imkan yaradılıb. Mənə elə gəlir ki, öz şanslarından istifadə etmək istəyən abituriyentlər bu imkandan yararlana biləcəklər".

M.Abbaszadə deyib ki, hər bir abituriyent hansı imtahanda iştirak etmək istədiyini özü müəyyən edəcək. Abituriyentlər yalnız may, yaxud iyul ayında olan imtahanda, yaxud da hər iki imtahanda iştirak etmək istədiklərini onlara verilən ərizə formasında qeyd edəcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/517374.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR