Vəkil: "Prezidentin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncamı alqışlanmalıdır"

Vəkil: "Prezidentin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncamı alqışlanmalıdır"
16:42 14 Fevral 2017
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncamı alqışlanmalıdır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının üzvü Bəxtiyar Muradov deyib. Onun sözlərinə görə, sərəncam bu sahədə problemlərin aradan qaldırılması üçün önəmlidir:

"Hər bir halda bu sərəncamın əhəmiyyəti böyük olacaq. İctimai işlər cəzası cəza növlərindən biridir. Amma bu gün bu cəza növü təcrübədə demək olar ki, yerinə yetirilmir. Dövlət başçısının sərəncamında da vurğulanır ki, ictimai işlər cəzası, məntəqə tipli cəzaçəkmə müəssisələrinin fəaliyyəti təkmilləşdirməlidir. İctimai işlər cəzasının tətbiqi həm məhkumun islah olunmasında böyük rol oynayır, həm də bu cəza ictimaiyyət üçün maraqlı olur. Ona görə də az cinayət və ictimai təhlükə törətməyən cinayətlər edən şəxslərə cəza verilərkən humanizm prinsiplərinə üstünlük verilməsi, məhkumun vəziyyətinin nəzərə alınması, cəza növünün yüngülləşdirilməsi həmin şəxsin də islah olunmasına, səhvini anlamasına gətirib çıxarır".

B.Muradov bildirib ki, Avropa ölkələrində təqsirləndirilən şəxsin ictimai işlərə cəlb edilməsi geniş formada tətbiq edilir: "Amma Azərbaycanda bu cür şəxslər ictimai işlərə cəlb edilmir. İcra məmurları həmin şəxsləri ictimai işlərə cəlb etməlidir. Mənə elə gəlir ki, pul cəriməsi, şərti cəza və sair cəzalardan ən sərfəlisi ictimai işlərə cəlbedilmədir. Hesab edirəm ki, prezident İlham Əliyevin sərəncamı bu sahədəki problemlərin aradan qaldırılması üçün ideal bir addımdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/517458.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR