Avropa İttifaqı ilə elektron xidmətlər və elektron ticarətin inkişafı üzrə əməkdaşlıq edilir

Avropa İttifaqı ilə elektron xidmətlər və elektron ticarətin inkişafı üzrə əməkdaşlıq edilir
17:35 14 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Elektron xidmətlərin və elektron ticarətin inkişafı" mövzusunda "dəyirmi masa" keçirilib. Tədbirdə beynəlxalq ekspertlərlə yanaşı, müvafiq dövlət orqanlarının və digər təşkilatların nümayəndələri iştirak edib.
 
NRYTN-in təşəbbüsü və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə elektron xidmətlər və elektron ticarət sahəsində vəziyyətin təhlili üçün beynəlxalq ekspert Kristian Rup ölkəmizə dəvət olunub. Avropalı ekspert yerli mütəxəssislərlə birgə elektron xidmətlər sahəsində hüquqi və institusional bazanın cari vəziyyətini təhlil edib, mövcud boşluq və ehtiyacları müəyyənləşdirib, hüquqi və institusional bazanın təkmilləşdirilməsinə dair tövsiyələr hazırlayıb.
 
Bu sahədə ölkəmizdə aparılan işləri yüksək qiymətləndirən Kristian Rup tədbirdə təqdimatla çıxış edib.
 
Tədbirdə Azərbaycanda elektron xidmətlərin və elektron ticarətin mövcud vəziyyəti və inkişaf perspektivləri mövzusunda geniş müzakirələr aparılıb.
 
 Qeyd olunub ki, ölkəmizdə elektron xidmətlərin təkmilləşdirilməsi və genişləndirilməsi üçün NRYTN tərəfindən davamlı işlər görülür və bu sahədə beynəlxalq əməkdaşlığa xüsusi önəm verilir.
 
Xatırladaq ki, "Elektron hökumət" portalının operatoru NRYTN-in Məlumat Hesablama Mərkəzidir. Nazirlik bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq "Elektron hökumət"in formalaşması üzrə digər dövlət orqanları ilə sıx əməkdaşlıq edir və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirir.
 
"Elektron hökumət" portalında 89 qurumun, o cümlədən 41 dövlət təşkilatının 427 növ xidməti aktivdir. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 458 xidmətdən 332-si portala  inteqrasiya edilib.
 
2015-ci ildə portalın "iOS" və 2016-cı ildə isə  "Android" əməliyyat sistemləri üçün mobil versiyaları vətəndaşların ixtiyarına verilib.



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-46067-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR