Prezident İlham Əliyev Milli Qəhrəman Çingiz Qurbanovun
ailəsinin Bakı şəhəri Xətai rayonunda 3 otaqlı evlə təmin edilməsi
barədə göstəriş verib.
Bu barədə şəhidin atası Salman Qurbanov istipress-ə məlumat
verib.
Qusar rayon İH-dən əldə edilən məlumata görə, bununla yanaşı Qusar
rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov şəhidin adının
şəhərin mərkəzi küçələrindən birinə verilməsi barədə sərəncam da
imzalayıb. İcra hakimiyyəti tərəfindən onun oxuduğu Həzrə kənd
məktəbinə Çingiz Qurbanovun adının verilməsi üçün Nazirlər Kabineti
qarşısında məsələ də qaldırıb.
Ç.Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı
qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin
qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Onun nəşi
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən
beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində
2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb
Ç. Qurbanov fevralın 6-da Qusar şəhərindəki Şəhidlər Xiyabanında
dəfn olunub. Çingiz Salman oğlu Qurbanova (ölümündən sonra)
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Prezident İlham Əliyev
bu barədə sərəncam imzalayıb. Dövlət başçısı şəhidin ailə üzvlərini
də qəbul edib və mükafatı onlara şəxsən təqdim edib. Ç. Qurbanova
“Azərbaycanın Milli Qəhrəmanı” adı Azərbaycan Respublikasının ərazi
bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş
tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə
verilib.