Azərbaycan Texnologiya Universiteti respublikada ilk dəfə olaraq ATU – Rusiya layihəsinə start verir. Məqsəd işləmək üçün bu ölkəyə üz tutan miqrantları zəruri biliklər və müvafiq sənədlərlə təmin etməkdir.
Rusiya Federasiyasında qüvvədə olan “Miqrasiyanın tənzimlənməsi haqqında” qanuna edilən dəyişikliklərə əsasən artıq bu ölkədə əmək fəaliyyəti ilə məşğul olan xarici ölkə vətəndaşları əvvəlcə yaşamaq və işləmək icazəsinə dair sənəd əldə etməlidirlər. Bunun üçün isə həmin şəxslərdən rus dili, tarixi və mədəniyyəti, eləcə də qüvvədə olan Rusiya qanunvericiliyi haqqında məlumatlı olmaq tələb olunur. Yaşamaq və işləmək üçün icazəyə dair sənədlərin, eləcə də vətəndaşlığın verilməsi zamanı miqrantlar sözügedən sahələrlə bağlı biliklərinə dair imtahan verirlər.
İmtahanlar Rusiyanın Federal Miqrasiya Xidmətinin əməkdaşlıq etdiyi miqrantlarla iş mərkəzləri tərəfindən həyata keçirilir. Bu mərkəzlərdən biri ilə ATU arasında imzalanmış müqaviləyə əsasən Rusiyaya getmək istəyən şəxslər üçün universitetdə kurslar təşkil olunacaq. Kurslar zamanı dinləyicilərə Rusiyanın Xalqlar Dostluğu Universitetinin proqramı əsasında rus dili, Rusiya tarixi və Rusiya qanunvericiliyinin əsaslarına dair biliklər tədris olunacaq. Daha sonra bu bilikləri təsdiq etmək məqsədilə keçirilən kompleks imtahanların nəticələrinə əsasən dinləyicilərə Rusiyada tanınan sertifikatlar veriləcək.
Bundan başqa Miqrantlarla iş mərkəzi ilə əldə olunan razılaşmaya
əsasən ATU-da Rusiya əmək bazarının tələblərinə uyğun peşə
istiqamətləri üzrə kadrlar hazırlanacaq. Aparılan ilkin
araşdırmalar nəticəsində məlum olub ki, hazırda Rusiyanın mədən və
inşaat sahəsində 580 min, meşə və balıqçılıq sektorunda 106 min,
nəqliyyat, sürücülük və maşinist kimi sahələrdə 123 min, digər
sahələrdə isə 366 min nəfər işçiyə ehtiyac var. Eyni zamanda bu
ölkəyə üz tutan miqrantların daha çox hansı sahə üzrə işləməyə
üstünlük vermələri haqqında da məlumat toplanıb. Statistik
göstəricilər nəzərə alınmaqla gələcək miqrantlar ATU-da 6-9 aylıq
ödənişli proqramlar əsasında aşpaz, ofisiant, dərzi, ayaqqabıçı,
təchizatçı, ambardar, çilingər, dəzgahçı, qaynaqçı, tornaçı,
operator-proqramçı, İKT avadanlığı ustası kimi peşə ixtisasları
üzrə hazırlanacaq.