Əli Əhmədov: "Beynəlxalq təşkilatlar Dağlıq Qarabağda "referendum"u tanımayacaq"

Əli Əhmədov: "Beynəlxalq təşkilatlar Dağlıq Qarabağda "referendum"u tanımayacaq"
12:33 16 Fevral 2017
107 Digər
Ölkə mətbuatı
A- A+

Beynəlxalq təşkilatlar Dağlıq Qarabağda qanunsuz "referendum"u tanımayacaqlar.

Bunu jurnalistlərə Baş nazirin müavini Əli Əhmədov deyib.

Ə.Əhmədov qeyd edib ki, həqiqət ondan ibarətdir ki, bütün dünya, beynəlxalq qurumlar birmənalı şəkildə dərk edirlər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu, müvafiq qətnamələrdə də öz əksini tapıb: "Problemin bu günə qəqər həll olunması bu yanaşmanın dəyişməsi anlamına gətirmir. Beynəlxalq təşkilatlar da bu qənaətdədirlər, Azərbaycan dövləti və Azərbaycan xalqı da qəti şəkildə Dağlıq Qarabağla bağlı öz mövqeyini ortaya qoyub. Prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, heç bir halda Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Heç bir qarış torpağımız Azərbaycan ərazisindən qoparılıb ayrıla bilməz".

Baş nazirin müavini vurğulayıb ki, Dağlıq Qarabağın müstəqilliyi, Azərbaycandan ayrılması müzakirə mövzusu deyil, olmayıb və olmayacaq:

"O ki qaldı, ermənilərin "referendum" keçirməsinə, bunun bütövlükdə problemin həll olunmasına, Dağlıq Qarabağın Azərbaycana aid olub-olmaması məsələsinə elə bir aidiyyəti yoxdur. Təbii ki, Azərbaycan dövləti, xalqı belə bir referendumu tanımır, tanımayacaq. Beynəlxalq təşkilatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan qurumlar bu referendumu və onun nəticələrini tanımayacaqlar. Beləliklə, bu referendum və onun nəticələri Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş əraziləri ilə əlaqədar mövqeyinə hər hansı təsir göstərməyəcək". (trend)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/188030.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR