Milli Məclisdə “Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları” mövzusunda dəyirmi masa keçirilib

Milli Məclisdə “Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları” mövzusunda dəyirmi masa keçirilib
12:42 16 Fevral 2017
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ “Azərbaycanda ailə modeli bizim sərvətimizdir. Dövlətlə ailə bir-birilə bağlı məsələlərdir. Azərbaycanda güclü ailə siyasəti mövcuddur”.
“Report”un xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Milli Məclisdə “Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları” mövzusunda təşkil edilən dəyirmi masada deyib.
O bildirib ki, erkən nikahlar, boşanmalar, zorakılıq halları narahatedicidir: “Bu problemləri dövlət qurumları təkcə həll edə bilməz, daha çox qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin rolu böyükdür. Azərbaycan təkmil qanunvericilik bazası var. Bu qanunların tətbiqi əsas məsələdir. Profilaktik işlər daha da güclü olmalıdır ki, gələcəkdə baş verəcək ağır cinayət hallarının qarşısı alınsın”.
H.Hüseynova qeyd edib ki, valideynlər uşaqlarının tərbiyəsi ilə məşğul olmurlar: “Valideynlər sevinir ki, uşaq sakit oturub. Uşaq da kompüterdə hansısa işlə məşğuldur. Uşaqlarla maraqlanmırlar. Vəziyyət o həddə çatıb ki, bəzən valideyn uşaqdan imtina etməklə müraciət edir. Bəzi atalar övladlarının təhsil almasında maraqlı deyil. Bu, doğru yanaşma deyil. Uşağın gələcəyini düşünmək lazımdır. Biz komitə olaraq ailə psixoloqu yaradılmasının tərəfdarıyıq”.
Komitə sədri bildirib ki, bəzi beynəlxalq təşkilatların iradından da danışıb: “Beynəlxalq təşkilatlar bizə irad tutur ki, nəzərdə tutulan qanunlar niyə tətbiq olunmur? Bu iş birgə həyata keçirilməlidir”.
Çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, cəmiyyətin inkişafı ailənin sabitliyindən asılıdır. Onun sözlərinə görə, cəmiyyət həmişə ailənin möhkəm qurulmasına çalışır: “Ailə inkişaf etdikdə ailə münasibətləri çoxplanlı olur. Ailə münasibətlərinə təsir edən bir çox amillər var. Bu münasibətlərin korlanması cəmiyyətə birbaşa təsir edir. Əsas məsələ münasibətlərin düzgün və vaxtında təhlil edilməsi, aradan qaldırılması üçün adekvat yol və vasitələrin tapılmasıdır. Ölkəmizdə ailə, qadın və uşaq məsələri ilə bağlı mükəmməl qanunvericilik var. Ailə münasibətlərinin bütün çalarlarını qanunla tənzimləmək mümkün deyil. Çünki hər bir ailənin öz qanun və qaydaları var. Bəzən böyük ailələrin daxilində kiçik ailələr olur ki, onlar bir-birindən asılı vəziyyətdə qalırlar. Bəzən də böyüklər övladlarını ayrımaq istəmir, özlərindən asılı salmağa çalışırlar ki, bunların da nəticəsində ailələrdə problemlər yaranır”.
Son zamanlar boşanma, erkən nikah, intihar hallarının çoxaldığını deyən komitə sədri qeyd edib ki, başqa ölkələrdə bu rəqəmlər daha böyük ola bilər, lakin Azərbaycanda mövcud olan milli adət-ənənələr belə halları göz yummağa imkan vermir: “Bugünkü tədbirin məqsədi də məhz bizi narahat edən məsələlərin səbəb və həllini yollarını müəyyənləşdirməkdir”.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/milli-meclisde-ailedaxili-munaqiselerin-yaranma-sebebleri-ve-onlarin-aradan-qaldirilmasi-yollari-m

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR