Bir neçə evin damı çökdü - LƏNKƏRANDA QAR FƏLAKƏTİ

Bir neçə evin damı çökdü - LƏNKƏRANDA QAR FƏLAKƏTİ
13:39 16 Fevral 2017
144 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəranda bir neçə evin damı qarın ağırlığına tab gətirməyərək çöküb. İki ailə evləri qəzalı vəziyyətə düşdüyü üçün qohumlarının evinə sığınıb.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Balıqçılar qəsəbəsində baş verib.

 

Fəridə Bədəlovaya məxsus 4 otaqlı evin damı gecə saatlarında çöküb. Səsə oyanan ev sakinləri evin qəzalı vəziyyətə düşdüyünü görüblər: "Yatmışdıq, saat 4 radələrində oldu. Mən məhəl qoymadım, gecə idi, görünmürdü. Səhər durub gördüm o tərəfdən olub, saat 9-da da bütöv uçub".

 

Analoji hadisə elə həmin gün eyni qəsəbədə Şahin Məcidova məxsus 2 otaqlı evdə baş verib. Buradakı mənzərə isə daha acınacaqlıdır - ev yaşayış üçün tam yararsız vəziyyətə düşüb: "Sübh azanı vaxtı durduq qaçdıq çölə. Gördük evin bir böyrü uçulub. Sağ olsun qonşular, gəldilər kömək etdilər. 5 baş ailəyəm, körpə uşaq var, nəvəm var. İndi qalmağa yer yoxdur, qohum evində qalırıq".

 

Qəsəbə sakini Tehran Sadıqovaya məxsus evin də damı qarın ağırlığına tab gətirməyərək çöküb. Ağalar Vəliyev, Vidadi Vəliyev və daha bir neçə şəxsin evinin dam örtüyünə isə qismən ziyan dəyib, divarlarda çatlar yaranıb. Qarşıdakı günlərdə yenə qar və ya yağış yağarsa, evlərinin tamam yararsız hala düşəcəyindən ehtiyatlanan sakinlər aidiyyəti qurumlardan yardım gözlədiklərini bildirirlər.

 

Lənkəran rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Möhübbət Babayev isə APA TV-yə bildirib ki, artıq məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat verilib, komissiya yaradılaraq hadisə yerinə baxış keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267782

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR